Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə görkəmli jurnalist, alimictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı "Nəsir İmanquliyev irsimüasir jurnalistikamız" mövzusunda konfrans keçirilib. Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, veteran jurnalistlər iştirak ediblər.

   Konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, tədbiri N.İmanquliyevin ruhuna bir ehtiram əlaməti, ustadın anım günü kimi qələmə verib. O, N.İmanquliyevin Azərbaycan jurnalistikası tarixindəki xidmətlərindən söz açıb: "N.İmanquliyev Azərbaycan jurnalistikası tarixində mövqeyi olan, yeri olan şəxsiyyətlərdən biridir. Onun yaratdığı və uzun müddət rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzetləri nəinki Azərbaycanda, eləcə də bütün sovetlər məkanında diqqət mərkəzində olan mətbuat orqanlarından biri sayılıb. Bu qəzetlərdə istər hadisələrə baxış bucağından, operativ yanaşma baxımından, istərsə də qəzetin dizayn baxımından fərqliliyi hər zaman müzakirə obyektivinə çevrilərək, digər mətbuat orqanlarına örnək olub. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, N.İmanquliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Biz bu sərəncamı yüksək qiymətləndiririk. Bu sərəncama əsasən təhsil, mədəniyyət və tuizm nazirlikləri, Azərbaycan Jurnalistlər Birliyi və Mətbuat Şurası müxtəlif tədbirlərin keçirilməsini planlaşdırır. Bugünkü konfrans həmin tədbirlərdən birincisidir. N.İmanquliyev bizim hamımızın müəllimidir. Hesab edirəm ki, onu tanıyan, dinləyən, yaradıcılığına bələd olan hər bir kəs Nəsir müəllim haqqında kifayət qədər danışa bilər".

   N.İmanquliyev yeni bir jurnalistika məktəbinin yaradıcısı kimi yüksək senzura şəraitində jurnalistikanın şərəfini qoruya bilmiş bir redaktor kimi, çalışdığı bütün vəzifələrdə məmur ləyaqətini hər zaman qorumuş dövlət xadimi kimi, ömrünün bir hissəsini həsr etdiyi universitet auditoriyasında tələbə məhəbbətini qazanmış bir pedaqoq kimi, Azərbaycan ziyalılığının bir nümunəsi kimi, ən nəhayət təkcə öz ailəsi üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün xidmət edən ləyaqətli övladların tərbiyəçisi kimi hamımızın müəllimi epitetini daşımaq şərəfinə nail olub. Nəsir müəllim hər bir peşəkar qəzetçinin qibtə edə biləcəyi bir sənət ömrü yaşayıb. O, mətbuata XX əsrin əvvəllərində gəlmiş və adına jurnalistika deyilən bir məbədi 70 il özünə qibləgah saymışdır. Nəsrulla Əsəd oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edib. Balaxanı Sabunçu Mədənində usta köməkçisi işlədiyi və Neft Texnikumunda oxuduğu vaxtlarda "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən Müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, "Döyüşən Krım" qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək "Kommunist" qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda, universitetin filologiya fakültəsində təhsilini davam etdirib. N.İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olub. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayırıb və oxucuları daim yeni informasiyalarla təmin edib. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılıb".

   Prezident Administrasiyası ictimai siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyevin sözlərinə görə, konfransın mövzusu elə seçilib ki, bu təkcə görkəmli jurnalist, böyük pedaqoq Nəsir İmanquliyevin bütövlükdə həyat və fəaliyyətinə ekskurs etmək imkanı yaratmır: "Tədbir həm də Azərbaycan jurnalistikasının tarixinə nəzər salmaq, onu formalaşdıran və bu günaktual olan prinsiplərə bir daha nəzər yetirmək, onları təhlil etmək, bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq üçün böyük bir fürsətdir: "Bilirik ki, Azərbaycan xalqı zəngin fəaliyyəti, yaradıcılığı, mədəni irsimiz, mədəniyyətimizə töhfələr vermiş ziyalılarımızın xatirəsini həmişə yad edir. Müstəqillik döründə belə şəxslərin həyatına, yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilib. Onların yubileyləri həmişə dövlət səviyyəsində qeyd olunub. Tarixə baxsaq görərik ki, Azərbaycanın ilk maarifçiləri, böyük pedaqoqlar təkcə bədii əsərləri ilə deyil, həm də publisistik yazıları ilə xalqın oyanışına öz töhfələrini veriblər. Sovet dövründə 1937-ci ilin repressiyalarına, İkinci Dünya müharibəsinin acılarına, Kommunist Partiyasının yaratdığı diktatura rejiminə baxmayaraq o dövrün pedaqoqları xalqın formalaşmasında böyük rol oynayıblar. Məşhur simaların içərisində ömrünü, yaradıcılığını milli kadrların inkişafına həsr edən Nəsir İmanquliyevin xüsusi yeri var. Mübaliğəsiz demək olar ki, Nəsir müəllimi mətbuata gətirən səbəb onun vətənpərvərliyi, ədəbi, mədəni dəyərlərə sevgisi olub. Müxtəlif mətbuat orqanlarında çalışmış Nəsir müəllim publisistik yazıları ilə Həsən bəy Zərdabi ənənələrini dövrün müasir dövrün mətbuatına gətirilməsində böyük rol oynayıb. Azərbaycan Dövlət Universitetinin yeni qurulduğu, jurnalistika fakültəsinin yeni yaradıldığı dövrdə universitetdə fəaliyyətə başlayan Nəsir müəllim həm də bu ali təhsil ocağının qurucuları siyahısına daxil olub. Nəsir Quliyevin səmərəli ömür yolu, pedaqoji və mətbuat sahəsindəki fəaliyyəti jurnalistlərə böyük örnəkdir. O, yüzlərlə jurnalistin yetişməsi, qələm sahibi olması üçün əlindən gələni əsirgəməyib". V.Əliyev əlavə etdi ki, N.İmanquliyevin "Bakı" və "Baku" qəzetlərindəki fəaliyyəti onun yaradıcılığı baxımından xüsusi qeyd edilməlidir. Toplantıda digər çıxış edənlər də N.İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılacaq, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparıblar.

  

Əli Zülfüqaroğlu

Həftə içi.- 2011.-10-12 dekabr.-S.1;7.