Qədirin son mənzili...

Azərbaycan xalqı daha bir sənətkarını itirdi

 

Başa çatmaqda olan 2011-ci il xalq artisti, tanınmış muğam ustası Qədir Rüstəmovu da aramızdan apardı. Dünən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimi böyük bir izdahama çevrilmişdi. Nəinki akt zalı, eləcə də akademiya binasının içərisi və ətrafı insanlarla dolu idi. Qədirsevərlər, eləcə də paytaxt sakinləri əllərində gül-çiçək dəstəsi ilə gəlib mərhumun tabutu önündə gül əklil qoyub, onunla vidalaşıb gedirdilər. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil və Mədəniyyət şöbəsi kollektivinin, o cümlədən digər qurumların gətirdikləri gül əklilləri ilə xanəndənin tabutu önü bəzədilmişdi.

   Vida mərasimində ən Ağdam Rayon İcra Hakimiyyətinin kollektivi və ziyalıları, baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, eləcə də bir qrup millət vəkilləri, Azərbaycanın tanınmış sənətçiləri, təhsil və mədəniyyət işçiləri, bir sözlə bir qrup rəsmi şəxslər də iştirak edirdi. Mərasimində Qədirin lent yazıları səslənirdi. Qədirin ifasında "Zəlimxanə" muğamı, "Sona bülbüllər" səsləndikcə, o yanğılı səsin iniltisi zaldakı iştirakçıları ağladırdı. Qədir oxumurdu. Bu bir inilti, bu bir fəryad idi. Qədir bu yanğının, bu iniltinin ecazkar səsin selində Qədirin sanki ruhu dolaşırdı. Qədir oxumurdu sanki özü-özünə ağlayırdı və deyirdi Ağdam, "Sona bülbüllər" Qədirsiz qaldı...

   Son vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qədir Rüstəmovun keçdiyi həyat yolundan qısa da olsa məlumat verərək dedi: "Qədir Rüstəmov xanəndəlik sənətinin incilərinə yiyələnən bir sənətkardır. Onun nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi vardır. O, Azərbaycan xalq musiqisinin incilərini dərindən bilən bir sənətkar, xanəndə idi. Milli musiqimizin inkişafında Qədirin xidmətləri böyükdür. Sənətkarın son dəyərlə oxuduğu "Sona bülbüllər", "Ay Laçın", "Ay dili-dili" və bu kimi mahnıları ilə xalqımız daim bəhrələnəcək. Qədir bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

   AYB-nin sədri Anar Rzayev Qədirin ölməz sənətindən söz açaraq dedi ki, Üzeyir Hacıbəyov haqqında çəkilən filmdə Qədirin Qarabağın məşhur xanəndəsi Cabbarın apardığı roldan söhbət açdı.

   Xalq artisti, professor Arif Babayev isə "Qədir elə Qədirdi, onun sehrli səsi vardı... Bir səs aramızdan getdi. O səsi, Qarabağ ab-havasından, Kötəli suyundan almışdı. Qədirin səsi həmişə ürəklərdə yaşayacaq. Çünki o, xalq üçün yaranıb ona böyük xalq məhəbbəti var. Həmişə o yaşayacaq", - dedi.

   Xalq artisti Mənsum İbrahimovun sözlərinə görə, Azərbaycan ən gözəl səslərindən birini itirdi: "İnsanların qəlbində özünə heykəl qoymuşdu. Özünəməxsus insan idi, qeyri-adi səsi vardı. Başqa ifaları demirəm, elə təkcə "Sona bülbüllər"lə özünə xalqın qəlbində əbədi yer tapdı. qədər Azərbaycan xalqı yaşayır, Qədir Rüstəmov da yaşayacaq. Ən böyük arzusu Qarabağı görmək idi. Görə bilmədi..."

   Gitara ustadı Rəmiş mərhumla uşaqlıq dostu olduğunu, birlikdə böyüdüklərini bildirib: "Dünyada bir çox sənətkarlar ola bilər. Amma belə istedadda, belə sənəti, səsi, ifası olan sənətkar dünyaya gəlməyib. Mənim atam öləndə heç gözümdən yaş çıxmamışdı. Amma Qədir məni ağlatdı. Deməyə söz tapmıram".

   Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib ki, bu gün onun doğum günüdür: "Qədir mənə elə bir hədiyyə etdi ki, onu ömür boyu unutmayacam. Kaş onun yerinə mən öləydim. Bir ay bundan əvvəl həkimlər dedilər ki, gəlin aparatdan ayıraq, yaşamaq ehtimalı yoxdur. Qoymadım, dedim qoyun son nəfəsinə qədər yaşasın. Son ana kimi mübarizə apardı, yaşamaq istəyirdi. Ölməmişdən 15 dəqiqə əvvəl onun yanına girdim. Ona qan köçürülürdü. Əlini tutdum, danışdım, dedim sağalacaqsan, artıq hər şey yaxşılığa doğru gedir. Dedim ki, məni eşidirsənsə, gözlərini qırp, o da qırpdı. Elə çölə çıxdım, beş dəqiqə sonra baş həkim gəldi ki, təəssüflər Qədir müəllimi itirdik. Mən onsuz necə yaşayacam, bilmirəm".

   Sonda mərhumun oğlu Rüstəm Rüstəmov göstərdiyi qayğıya görə ailə üzvləri adından ölkə başçısı İlham Əliyevə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, mədəniyyət turizm nazirinə minnətdarlığını bildirdi.

   Son vida görüşündən sonra xalq artisti, muğam ustası, mərhum sənətkar Qədir Rüstəmovun cənazəsi son mənzilə II Fəxri Xiyabana aparılaraq orada torpağa tapşırıldı. Allah rəhmət eləsin!

  

Qələndər Xaçınçaylı

 Həftə içi.- 2011.-16 dekabr.-S.8.