Prezident təqaüdünə gedən yol

 

Onun haqqında məlumata təsadüfən "XX əsrin Azərbaycan Qadınları" adlı ensiklopediyada rast gəldik. Bir Azərbaycan xanımının düz 57 il sərasər neft sənayesində fasiləsiz, özü də layihələndirmə kimi ağır və məsuliyyətli işdə çalışması diqqətimizi çəkməyə bilməzdi. Həm də o qadın ki, çalışdığı işin öhdəsindən layiqincə gəldiyini aldığı fəxri-fərmanlarla, təşəkkürnamələrlə təsdiq etdirib. Üstəlik hələ SSRİ dönəmində Əməkdar mühəndis fəxri adına da sahib ola bilib.

   Arayıb-axtardıq, məlum oldu ki, Azərbaycan ən stajlı neftçi qadını şəkər xəstəliyindən əziyyət çəkir. Elə bu səbəbdən də Səfurə Nəcəfova əsasən yataq şəraitindədir. Amma onunla görüşüb haqqında yazı hazırlamaq xahişimizi yerə salmadı. Bir şərtlə ki, sağlığının indiki durumunda fotoçəkiliş olmasın. Əsas foto deyil, 57 il ərzində neft-qaz sənayesində layihələndirmə işlərində çalışmış Azərbaycan qadınının düşüncələri, keçdiyi həyat yolunun daha maraqlı olduğunu nəzərə alıb razılaşmalı olduq.

   Beləliklə, "Seçilənlər" rubrikasının bugünkü qonağı 57 il neft sənayesində fasiləsiz işləmiş, respublikanın Əməkdar mühəndisi və əməkdar veteranı, 84 yaşlı veteran layihəçi Səfurə xanım Nəcəfovadır.

  

   DOSYE

  

   Səfurə Nəcəfova 1951-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft texnologiyası" fakültəsini bitirərək, kimya-texnoloq ixtisası üzrə mühəndis kimi Azərbaycan Dövlət Neft-Kimya Müəssisələrini Layihələndirmə İnstitutuna təyinatla göndərilib. İnstitutda texnoloji şöbədə mühəndis, böyük mühəndis, qrup rəhbəri, 1978-ci ildən isə şöbə rəisi işləyib. Neft emalı zavodları və avadanlıqlarının tikintisi və quraşdırılması üzrə layihələndirmə işlərinin fəal iştirakçısı olub. İndiki "Azneftyanacaq" və "Azneftyağ" istehsalat birliklərinin neft emalı zavodlarının, Sumqayıt zavodlarının və bir çox neft bazalarının yenidənqurulması üzrə layihənin müəlliflərindəndir.

   Elə bu xidmətlərinə görə hələ sovet Azərbaycanı dönəmində bir neçə medalla və fəxri fərmanla təltif edilib. Səfurə Nəcəfovanın "Əmək kitabçası"ndakı qeydlər də onun əmək fəaliyyətinin uğurlu və zəngin olduğunu göstərir. 57 illik fəaliyyəti dövründə təkcə əmək kitabçasına yazılmaqla 22 təşəkkür alıb. Bunlardan 4-ü medallardır. Onun əmək kitabçasında qeyd olunan sonuncu təşəkkürnamələrdən biri ARDNŞ-nin fəxri fərmanına layiq görülməsi barədədir.

   "Pekin-95" IV Ümumdünya Qadınlar Forumu və Azərbaycan Qadınlarının I Qurultayının (1998) nümayəndəsi olub. Qüsursuz və bir müəssisədə fasiləsiz əmək fəaliyyətinə görə 1980-ci ildə Əməkdar mühəndis, 1984-cü ildə Əmək veteranı fəxri adına layiq görülüb. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

   Səfurə xanım 75 illik əmək fəaliyyətindən həvəslə danışır. Sovet neftçisi kimi Avropadan Asiyaya qədər bir çox ölkələrdə işləyib - Polşa, Hindistan, Vyetnam, Çin... Deyir ki, səhhətindəki problemlər aman versəydi, təcrübəli neftçi kimi hələ bir müddət işləyə bilərdi. Amma 2008-ci ildə artıq xəstəliyin ona güc gəldiyini görüb sevdiyi işindən ayrılmalı olub: "Əmək fəaliyyətim dövründə istər Azərbaycanın özündə, istərsə də keçmiş SSRİ-nin digər respublikalarında, eləcə də Polşada, Hindistanda, Vyetnamda, Çində neft sənayesi üzrə layihələndirmə işlərində şalışdım. Yeni tikilən neft emalı zavodları və qurğularının layihələndirilməsinin müəlliflərindən biri də mənəm".

  

   Sovet layihəçisinin Asiya turnesi

  

   84 yaşlı Səfurə Nəcəfova deyir ki, Azərbaycan sovet dövründə aqrar ölkə kimi tanınsa da, əslində neft sənayesi kənd təsərrüfatı sektorundan daha güclü idi. Ancaq onun fikrincə, SSRİ qapalı ölkə olduğundan Azərbaycanda neft sənayesinin güclü inkişafına dair məlumatlar o qədər də geniş yayılmır, bu sahədəki proseslərdən çoxunun məlumatı olmurdu: "İndi neft sənayesinin inkişafından hamı məlumatlıdır, çünki indi hər şey açıqdır, istehsalatda müasir texnologiyalardan istifadə geniş yayılıb. Amma sovet dövründə belə deyildi. Həm birbaşa neftçıxarma ilə məşğul olanların, yəni istehsalatda işləyənlərin, həm də layihələndirmədə çalışanların işi çox ağır idi. Bununla belə Azərbaycan neftçiləri hər zaman dünyada öz bacarığı, fəliyyəti ilə seçilib. Mən özüm Polşada, Hindistanda, Vyetnamda, Çində çalışanda görürdüm ki, orada sovet neftçilərinə nə qədər hörmətlə yanaşırdılar".

   Müsahibimiz bildirir ki, o zaman bəzi Avropa və Asiya ölkələri ilə yanaşı keçmiş Sovet İttifaqının digər respublikalarından da neft-qaz sənayesinin layihələndirilməsinə dair Azərbaycana sifarişlər verilirdi. Səfurə Nəcəfovanın dediyinə görə, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Volqoqradda yerləşən neftayırma zavodlarının layihələndirilməsində şəxsən onun özü də yaxından iştirak edib.

  

   Prezident təqaüdünə namizəd

  

   Müsahibimiz bir məsələdən gileylidir. Deyir ki, qüsursuz əmək fəaliyyətinə görə dövlət tərəfindən dəfələrlə medal və fəxri fərmanlarla təltif edilməsi, layihəçi-mütəxəssis kimi qiymətləndirilməsi onu sevindirir. Amma bu sevincin işərisində bir nigarançılıq da var. Səfurə Nəcəfovanın sözlərinə görə, 57 illik fasiləsiz əmək fəaliyyəti nəzərə alınaraq, hələ 5 il əvvəl namizədliyi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə təqdim edilib. Ancaq ona məlum olmayan səbəblərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) göndərilən təqdimat indiyədək həllini tapmayıb: "Təqdimatdan keçən 5 ilə yaxın müddətdə dəfələrlə Dövlət Neft Şirkətinə müraciət etmişəm ki, mənim Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə namizədliyimin nəticəsiz qaldığına dair mənə məlumat verilsin. Neft şirkəti isə müraciətlərimə standart ifadələrlə cavab verir. Mən bu cavablara dözərək, sənədlərin şəxsən Neft şirkətinin prezidenti Rövnəq Abdullayevə çatdırılmamasına çox təəssüflənirəm".

  

   Məktub ünvanına yetişirmi?

  

   Müsahibimiz hesab edir ki, müraciətləri ARDNŞ prezidentinə vaxtında çatdırılsaydı, bilavasitə prezident nəzarəti altında ədalətli araşdırmalar əsasında öz həllini tapardı. Səfurə Nəcəfovanın fikrincə, prezidentin fərdi təqaüdünün verilməsi haqqında 3 il əvvələdək işçisi olduğu şirkətə daxil olan imzalı sənədlərin təhlili üsulu hələ də ona qaranlıq qalır: "Şirkətdən mənə verilən cavabların birində - 25.01.2010 il tarixli 21-116 XM nömrəli məktubda göstərilir ki, səmərəli fəaliyyətə görə 5 nəfər əməkdə xüsusilə fərqlənən qocaman neftçiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi gözlənilir. Əgər bu seçim ədalətli aparılırsa, mən qocaman neftçilərin mükafatlara layiq olmaları ilə fəxr edirəm. Ulu öndərin adını daşıyan ali təqaüdə layiq olan namizədin seçilməsi və təsdiqində onun əmək fəaliyyəti, fərdi göstəriciləri, kollektivdə nüfuzu, siyasi-iqtisadi baxışı və çalışdığı sahəni xarakterizə edən amillərə münasibəti kimi faktorları özündə cəmləşdirən təsdiq olunmuş vahid qaydalardan istifadə olunmalıdır. Məhz bu kriteriyalara əsaslanan seçim təsadüfi hallara son qoymaqla, şəffaflığı təmin edir".

   Səfurə Nəcəfova neft sənayesində 57 illik istehsalat fəaliyyətinə əsaslanaraq deyir ki, prezidentin fərdi təqaüdünün təyinində əsas göstəricilərdən hesab olunan "Əməkdə xüsusilə fərqlənən qocaman neftçi və neft sənayesində səmərəli fəaliyyət" kimi amillərə abstrakt yox, variantlar üzrə köklü araşdırmalara istinad edilən qərar qəbulu üstün tutulur. Onun sözlərinə görə, bu baxımdan prezident təqaüdünə namizədlərin müəyyənləşməsində onun istehsalat-ictimai fəaliyyətini xarakterizə edən düşünülmüş və təsdiq olunmuş qaydalar və təqdimatlar işlənməli və əməli işlərdə onlara əsaslanmalıdır. Belə sənədlər "xidməti istifadə" statusu almaqla, ona bütün hallarda ciddi riayət olunmalıdır: "Bu yanaşma prezidentin fərdi təqaüdünə namizədlərin müəyyən edilməsi qaydalarındakı bəzi çatışmazlıqların, subyektivliyin aradan qaldırılmasına səbəb ola bilər. Bu, həm də əmək kollektivində həmrəylik vərdişlərinin, ədalət prinsipinin qorunması üçün çox vacibdir. Çünki peşəsindən asılı olmayaraq, hər bir işçi yeri gəldikcə onun əməyinin zəhmətinə, ictimai fəallığına və digər belə kriteriyalara görə qiymətləndiriləcəyinə əmin olmasa, bütün gücünü işinə sərf etməz".

   Bununla belə, 84 yaşlı ağbirçək neft-qaz layihələndiricisi ümidini itirməyib. Səfurə Nəcəfova əmindir ki, dövlət başçısı bu tip məsələlərə daha həssaslıqla yanaşır, Prezident təqaüdünə namizədlərin əmək fəaliyyəti və işlədiyi dövrdə əldə etdiyi nailiyyətləri səbirlə, təmkinlə öyrənir və sonda yekun qərar təsdiqlənir: "Prezidentimizin qarşıda duran məsələləri vaxtında və ədalətli həll edəcəyinə əminəm. Onun bütün sahələrdə əmək kollektivlərinə, kadrlara göstərdiyi isti münasibət bizim hamımız üçün bir məktəbdir və inanıram ki, bu, mənim də Prezident təqaüdünə namizədliyimin təsdiq olunmasına müsbət təsirini mütləq göstərəcək".

  

Ruslan

 

Həftə içi.- 2011.- 16 dekabr.- S. 6.