İnsan haqları dövlətin əsas prioritetlərindəndir
İsmayıl Hacıyev: "Vətəndaşlarımız
sərbəst şəkildə hüquq və azadlıqlardan
istifadə etmək imkanına qadirdirlər"
İnsan hüquq və azadlıqlarının təmin
edilməsi, müdafiəsi demokratik cəmiyyətlərdə
ən çox diqqət yetirilən məsələlərdəndir.
Heç də təsadüfi deyil ki, demokratik inkişaf yolunu
seçmiş hər bir dövlətdə insan haqları
prioritet sahələrdən biri kimi ifadə olunur. Müasir
dünyamızda bu sahəyə diqqət daha
böyükdür.
Azərbaycanda da insan hüquq və
azadlıqlarının təmini, müdafiəsi dövlətin
ən ali məqsədi elan edilib. Azərbaycanda bu sahədə
mövcud durum, qanunvericilik və bu kimi aktual məsələlərlə
bağlı suallarımızı Milli Məclisin insan
hüquqları komitəsinin üzvü, millət vəkili
İsmayıl Hacıyev cavablandırır:
- Azərbaycan gənc
müstəqil dövlət olmasına baxmayaraq, demokratik
inkişaf yolunda böyük məsafə qət edib. Bu yolun
ağrısız və uğurla keçilməsində əsas
rol ümummilli lider Heydər Əliyevə məxsusdur. Məhz
onun uzaqgörən siyasəti nəticəsində keçən
əsrin 90-cı illərində parçalanmaq, vətəndaş
müharibəsi ilə üzləşmək təhlükəsi
ilə qarşılaşan Azərbaycan indiki müasir,
demokratik və hüquqi bir dövlətə çevrilib. Bu
istiqamətdə islahatlar prezident İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu müstəqil Azərbaycan
Respublikasının Konstitusiya dövlətimizin insan hüquq
və azadlıqlarının təmini, müdafiəsinə nə
qədər böyük əhəmiyyət verdiyini göstərir.
Dünyanın çox az ölkəsi tapılar ki, onun əsas
qanununun - Konstitusiyasının üçdə biri insan
hüquq və azadlıqlarına, onların təmin edilməsinə
həsr olunsun. 2009-cu il martın 18-də keçirilən
ümumxalq səsverməsi nəticəsində
konstitusiyamızda bu sahə ilə bağlı müddəalar
daha da təkmilləşdirildi, müasirləşdirildi. Bu
gün Azərbaycanda insan hüquq və azadlıqları tam təmin
edilir. Hər bir vətəndaş sərbəst şəkildə
konstitusiya ilə ona verilmiş hüquq və azadlıqlardan
istifadə etmək imkanına qadirdir. Bu uğurlar Heydər Əliyev
yolunun layiqli davamçısı prezident İlham Əliyevin
yürütdüyü məntiqli və ağıllı siyasətin
nəticəsidir.
- Bu sahədə mövcud
qanunvericilik sizi qane edir?
- Ümumiyyətlə,
qanunvericilik daim islahatlar, müasirləşmə
və dəyişikliklər
tələb edən bir sahədir. Milli Məclis ölkə qanunvericiliyinin
müasir zamanla uzlaşması, ən yüksək standartlara cavab verməsi üçün mütəmadi
olaraq yeni qanunlar hazırlayır və ya mövcud
qanunlara əlavə və dəyişikliklər
edir. Qanunlarımızın
hazırlanmasında insan
hüquq və azadlıqları, vətəndaşlarımızın
həyat şəraitlərinin
yaxşılaşdırılması, onların maraqları hər şeydən üstün tutulur. Çünki yuxarıda qeyd etdiyim kimi,
Azərbaycan dövlətinin
ən ali məqsədlərindən biri
insan hüquq və azadlıqlarının
təmin edilməsidir.
Son illərdə ölkəmizdə
bu sahə ilə bağlı bir sıra vacib
qanun qəbul edilib. Onların arasında sərbəst toplaşmaq, məişət
zorakılığının qarşısının alınması
və bu kimi vacib qanunları
qeyd etmək olar. Birinci qanun
layihəsi Azərbaycanda
sərbəst toplaşmaq
hüququnun mükəmməl
bir şəkildə təsbitini həyata keçirir. İkinci qanun layihəsi isə müəyyən çətinliklərlə qarşılaşan
qadınlarımız üçün
böyük imkanlar açır. Digər mühüm bir qanun layihəsi isə etiqad azadlığı ilə bağlı əvvəlki
çağırışda qəbul olunan qanundur. Əvvəlki qanun keçən əsrin 90-cı illərində
qəbul olunduğu üçün müasir
dövrün bir çox tələblərinə
cavab vermirdi. İndiki qanun isə bu sahədə
də vətəndaşlarımızın
hüquq və azadlıqlarının tam şəkildə
müdafiəsinə imkan
verir.
- İnsan hüquq
və azadlıqları
ilə bağlı qanunvericiliyin hazırlanmasında
beynəlxalq əməkdaşlığı
necə qiymətləndirirsiniz?
- Azərbaycann
beynəlxalq əməkdaşlığının
əsas istiqamətlərindən
biri məhz bu sahədir. Dövlətimiz bu vaxta qədər insan haqları ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulub və onları ratifikasiya edib. Bu gün Azərbaycan Avropa Şurası kimi insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış
mötəbər beynəlxalq
təşkilatın tamhüquqlu
üzvüdür. Azərbaycan
bu quruma daxil olmaqla üzərinə
bir sıra öhdəlik götürüb
və onların hamısını tam şəkildə
uğurla yerinə yetirib. Bu gün Azərbaycanın qanunverici
orqanı olan Milli Məclis insan hüquq və azadlıqları ilə birbaşa bağlılığı olan
qanun layihələrinin
hazırlanmasında Avropa
Şurasının Venesiya
Komissiyası, ATƏT kimi
beynəlxalq qurumlarla sıx əməkdaşlıq
edir. Adlarını çəkdiyim qanun layihələrinin hazırlanmasında
da bu qurumlar
yaxından iştirak ediblər. Onların bu qanunlarla bağlı
rəyləri isə çox müsbətdir. Lakin dünyada ikili standartlar da mövcuddur. Adlarını beynəlxalq
təşkilat qoyan bəzi QHT-lər dövlətimizə qarşı
qərəzli mövqe
nümayiş etdirirlər.
Heç bir əsası olmayan, yalanlarla dolu müxtəlif hesabatlar hazırlayırlar. Bu təşkilatlar
dövlətimizdə demokratik
inkişafı, sabitliyi
istəməyən qüvvələrin
maraqlarına xibmət
edir. Lakin bu təşkilatlar və onların fəaliyyəti Azərbaycanın
demokratik, hüquqi dövlət quruculuğu ilə inamla irəliləməsi, insan
hüquq və azadlıqlarının təmin
edilməsi ilə bağlı islahatların
aparılmasına heç
də mənfi təsir göstərə
bilməz.
- Azərbaycanda prezident
İlham Əliyevin sərəncamı ilə
insan hüquq və azadlıqlarının
müdafiəsi üzrə
Milli Fəaliyyət Planı qəbul olunub və artıq neçə illərdir müvafiq qurumlar bu sənədlə
üzərlərinə düşən
vəzifələrin icrasını
həyata keçirir.
Müvafiq komitənin
üzvü kimi bu Milli Fəaliyyət
Planının icrası
səviyyəsini necə
qiymətləndirirsiniz?
- Belə
bir sənədin imzalanması dövlət
başçısının insan huquq və
azadlıqlarının müdafiəsinin
təmininə necə
diqqət ayırdığının
göstəricisidir. Dünyada
çox az ölkədə insan hüquq və azadlıqlarının təmin
edilməsi ilə bağlı belə bir Milli Fəaliyyət
Planı var. Bütün
müvafiq qurumlar bu plana əsasən
üzərlərinə düşən
vəzifələrin icrasını
layiqincə yerinə yetirməyə çalışır.
İnsan huquqları komitəsi olaraq biz də müraciət edən vətəndaşların
problemlərini səlahiyyətlərimiz
çərçivəsində həll etməyə səy göstəririk. Belə bir Milli
Fəaliyyət Planının
qəbul olunması prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsinə
nə dərəcədə
xüsusi diqqət ayırdığını bir
daha sübut edir.
- Vətəndaşlarımızın
hüquqi biliklərinin
səviyyəsi sizi razı salırmı?
- Bu sahədə
çox işlər görülüb. İnsanlarımızın
hüquqi savadlılığının
artırılması daim
əsas diqqət yetirdiyimiz məsələlərdəndir.
Artıq görülən
işlərin ilkin nəticələri də
var. Məsələn, statistikaya
nəzər salsaq, görərik ki, Milli Məclisin insan hüquqları komitəsilə əvvəlki
illərdə daha çox müraciətlər
daxil olurdu. Lakin son illərdə bu müraciətlərin sayı əhəmiyyətli
dərəcədə azalıb.
Digər tərəfdən
orta məktəblərdə,
ali təhsil müəssisələrində insan hüquq və azadlıqları tədris proqramlarına salınıb. Bu istiqamətdə
çoxsaylı ədabiyyat
nəşr olunub. Ancaq bu bütün
problemlərin həlli
demək deyil. İnsan hüquq və azadlıqları ilə bağlı qanunvericilik mütəmadi
olaraq təkmilləşdirilir
və müasirləşdirilir.
Bu səbəbdən vətəndaşlarımız
daim özlərinn hüquqi biliklərini artırmalı, yenilikləri
mütəmadi şəkildə
izləməlidirlər.
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 2 fevral.- S. 5.