"Gənclərin
əksəriyyəti dövlətçilik
məsələsində yekdildir"
Fuad Muradov: "İstər virtual, istərsə də
canlı müzakirələr sağlam rəqabətə
söykənməli, gəncləri inkişafa sövq etməlidir"
Hər dəfə 2
Fevral - Gənclər günü ərəfəsində və
yaxud gənclərlə bağlı hər hansı material
hazırladıqda jurnalistlərin üz tutacağı şəxslərdən
biri kimi öncə ağıla gələn şəxs Fuad
Muradov olur. Bunu Azərbaycan gəncliyinin uğuru və yaxud
passivliyi kimi dəyərləndirə bilməsək də,
fakt odur ki, bu illər ərzində Fuad Muradov özünü
aktiv gənc olaraq sübut edə bilib. Azərbaycanın
parlament tarixinə ən gənc deputat kimi düşən
Fuad Muradovla əlamətdar gün ərəfəsində
görüşüb, Azərbaycan gəncliyinin durumuna,
qayğılarına və sabahına yenidən güzgü
tutmağa çalışdıq. Doğrudur, müsahibim
artıq gənclik yaşından uzaqlaşıb. Gənclər
Təşkilatları Milli Şurasının sədri, millət
vəkili Fuad Muradovla olan söhbətimizi hazırda gəncləri
maraqlandıran bir çox məsələlər ətrafında
qurduq.
Söhbətə
müsahibim özü başladı:
- Azərbaycanda kifayət
qədər savadlı, zəngin dünyagörüşünə
malik gənclərimiz var. Elə təkcə Gənclər Təşkilatları
Milli Şurasında Azərbaycanda dövlət gənclər
siyasətinin həyata keçirilməsində, problemlərin
həll olunmasında özlərini təsdiq etmiş gənclərimiz
yetərli qədərdir.
- Amma nədənsə, əlamətdar günlərdə,
lazımi məqamlarda üzdə olan gənclər
sırasında çox az sima nəzərə
çarpır...
- Toxunduğunuz məsələ
təkcə Gənclər günü ərəfəsində
deyil, tez-tez bizim söhbətimizin prioritet istiqamətini təşkil
edir. Təbii ki, biz bütün gənclərin İntiqam
Babayev, Fuad Muradov kimi olacağını gözləməməliyik.
Amma hər bir gəncin cəmiyyətinə, ölkəsinə
xidmət edəcək qədər potensialı və istəyi
var. Hərə öz bacardığı səviyyədə
bunu həyata keçirir. Məsələn, bizim təkcə
son 2 ildə respublikanın bütün rayonlarında, o
cümlədən ali təhsil ocaqlarında görüşlərimiz,
tədbirlərimiz olub. Məqsədimiz yeni kadrları üzə
çıxarmaq və onları ictimaiyyətə təqdim etməkdir.
Mən hazırda regionda yaşayan gənclərin aktivliyindən
çox razıyam. İstənilən rayonda dövlətçiliyimizin
keşiyində duran gənclərimiz çoxdur. Təxminən 10 il bundan əvvəllə müqayisə edəndə
görərik ki, regionların sosial-iqtisadi vəziyyəti də əvvəlki kimi deyil. Yəni ölkənin inkişafı
gənclərin passivliyinin
aradan qalxmasına təkan verib. Biz fəaliyyətə başlayanda heç normal şəraitimiz belə yox idi.
Kompüterdə növbə
ilə işləyirdik.
Amma bu gün
gənclərin belə
problemləri yoxdur və bəlkə də elə buna görədir ki, gənclərimiz arxayın görünürlər.
Mən bunu normal qarşılayıram,
çünki zaman dəyişib, ölkədə
stabillik var. Yəni gənc artıq həyatını
bir neçə il öncədən planlaşdırır və
çox hallarda onun planında ictimai iş olmur. Bizə lazım olan odur ki, hər
bir halda Azərbaycan gənci öz bilik və
bacarığını həyata
keçirə bilsin. Mən şadam ki, bu gün gənclərlə
dövlətçilik məsələsi
ətrafında müzakirlər
aparırıq. Çünki
hələ də elə ölkələr var ki, neçə
illərdir müstəqilliklərini
elan ediblər, amma müstəqil deyillər. Şükürlər
olsun ki, bu gün Azərbaycan gənclərinin
əksəriyyəti dövlətçilik
məsələsində yekdil
fikirdədir.
- Qarşıdan həm də rəhbəri olduğunuz
Gənclər Təşkilatları Milli Şurasının 15
illik yubileyi gəlir. Buna necə
hazırlaşırsınız?
- Ümumi götürəndə
15 il az bir müddət olsa da, gənc bir təşkilat
üçün böyük bir hadisədir. Milli Şurada təmsil
olunan insanların əksəriyyəti öz yerini tutub,
şuradakı fəaliyyətləri onlar üçün bir
yol açıb. Eyni zamanda həmin insanlar da şuraya öz
töhfələrini veriblər. Bu müddət ərzində
çalışdıq ki, rəqabət mühiti yaradaq. İndi
bizə rəqib təşkilatların sayı yüzlərcədir
və bu bizi daha da ruhlandırır. 15 ildə bir dəfə
də olsun yubiley keçirməmişik. İndi isə
çox ciddi hazırlaşırıq və belə qərara
gəldik ki, Milli Şurada indiyədək çalışan
çoxlu insanı bir araya toplayaq. Onlar haqqında film
hazırlamışıq. Ayın 4-də
"Gülüstan" sarayında geniş bir tədbir
keçirmək niyyətindəyik.
- Sizcə, Gənclər Təşkilatları Milli
Şurasının özünü təsdiqləməsində
yalnız gənc fəalarınmı rolu olub?
- Milli Şuranın
özünü bir qurum olaraq təsdiqləməsində həm
də gənclərlə işləyən nazirlikdə təmsil
olunan insanların rolu böyük olub. Həm Əbülfəz
Qarayev, həm də Azad Rəhimovun gənc əhvali-ruhiyyəli
şəxslər olması bu sahənin inkişafı ilə
nəticələnib. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən
bizə daim dəstək olub. Bu bizim üçün çox
vacibdir.
- Şurada siyasi partiyalara məxsus təmsilçilər
varmı və onlara münasibət necədir?
- Şurada heç bir
partiyanın gənclər qolu təmsil olunmur. Bu, şura təsis olunandan belədir. Təbii ki, hər bir təşkilatın, o cümlədən
şuranın öz siyasi fikri var
və heç kim buna
qarşı çıxa
bilməz. Bundan başqa, hansısa
yeni yaranan təşkilatların da hər hansı siyasi idelogiyaya məxsusuluğunu müsbət
qarşılayıram. Onların hansısa siyasi partiyanı təmsil etməsinə də etirazım yoxdur. Amma təəssüf ki, bu gün elə
gənclər təşkilatı
var ki, sağlam
ideologiya ilə məşğul olmur və onların bəzi fikirlərini bütünlüklə Azərbaycan
gəncliyinin adından
səsləndirmələrini qəbul etmirəm. Biz Avropanın ən
böyük gənclər
təşkilatı olan
Avropa Gənclər Forumunun üzvüyük və orada yeganə
müsəlman ölkəsi
kimi Azərbaycan təmsil olunur. Ölkəmizlə bağlı bir
çox məsələləri
bu forumda müzakirə etdiyimiz halda, bəzi gənclər təşkilatı
bizim şuradan oraya şikayət edir. Özlərini müxalifət təşkilatlarından
sayan bu şəxslər guya bizim onlara işləmək
üçün imkan
vermədiyimizi deyirlər.
Hətta
bu bardə yazılar da yazdılar ki, guya bizim şuranı
Avropa Forumundan çıxarırlar. Amma biz hazırda
forumda Qarabağ məsələsini müzakirəyə
hazırlaşırq. Düşünürəm ki, istənilən
gənclər təşkilatı
rəqabət aparmalıdır
və bu, labüddür, amma bu rəqabət sağlam olmalıdır.
- Bu il həm də Gənclər Təşkilatları
Milli Şurasına yeni sədrin seçiləcəyi gözlənilir.
Səhv etmirəmsə,
siz şuranın dördüncü sədrisiniz.
Estafeti kiməsə vemək fikriniz varmı?
- Artıq Milli Şura
struktur, vəzifə və məqsədlər
baxımından tam formalaşmış bir qurumdur və mən
inanıram ki, şura üzvləri ləyaqətli,
bacarıqlı insanı sədr seçməklə bu dəfə
də yanılmayacaqlar.
- Namizədliyinizi, yəqin ki, verəcəksiniz?
- Hesab edirəm ki, gənclər
üçün bir motivasiya olmalıdır. Onlara yol
açmalıyıq. Mən bunu ilk dəfə sizə deyirəm.
Ehtiyac olarsa, əgər lazım olarsa, mən böyük məmnuniyyətlə
yeni sədrə kömək edə bilərəm.
- Belə çıxır ki, sizin vəzifənizdən
getmə ehtimalınız var.
- Bəli.
- Artıq gənclərin problemləri ilə
tanışsınz və sədrlikdən getdikdən sonra
konkret olaraq daha çox hansı
çatışmazlığın aradan qaldırılmasına
çalışacaqsınız?
- Hazırda Milli
Şurada 70-ə yaxın təşkilat var və biz bilirik ki,
bunların hamısı aktiv deyil. Amma bunun səbəbləri
var. Bir çox sahələrdə çalışanların
əməyi göz önündə olur və ona qiymət
verilir. Amma gənclərlə iş elə bir sahədir ki,
burada görülən iş sanki o qədər də nəzərə
çarpmır. Bu sahədə qiymətləndirmə məsələsində
müəyyən problemlər mövcuddur. Biz bu barədə
təklif vermək istəyirik. Söhbət təkcə
maddiyyatdan getmir, heç olmasa həvəsləndirici bir stimul
olmalıdır. Gənclərin asudə vaxtının təşkili
ilə bağlı da müəyyən problemlər
mövcuddur. Düzdür, hazırda idman-olimpiya kompleksləri
tikilir və istənilən şəxs oradan istifadə edə
bilər. Azərbaycanda mən çox istərdim ki, paytaxtda gənclər
mərkəzi olsun və burada gənclər tədbirlər təşkil
etsinlər, disskussiyalar aparsınlar, bir sözlə, gənclərin
toplaşmağa bir yeri olsun. Mən bu məsələləri
parlamentdə qaldırmağı nəzərdə
tutmuşam.
- Gənclərin parlamentdə təmsil olunmaq səviyyəsi
sizi qane edirmi? Baxmayraq ki orada təmsil olunanların əksəriyyəti
orta yaşlı nəslin nümaynədəsi sayılır.
- Müqayisə etsək,
görərik ki, sonuncu parlamentin tərkibi ötən dəfəkilərlə
müqayisədə daha cavandır. Yaş nisbəti ilə
götürsək, orta yaşın daha gənc olduğunu
görərik. Amma gənclərin sayı baxımından
azlıq təşkil edir. Düzdür, hamı deputat ola bilməz,
amma namizədlik məsələsində istəiyrəm ki, gənclər
özlərini sınasınlar.
- Gənclərimiz indi internet şəbəkələrdə
daha aktivdirlər. Müxtəlif adlı sosial şəbəkələrdə
siyasi qütbləşmənin də olduğu sirr deyil. Buna
münasibətiniz?
- Düşünürəm
ki, gənclərimizin internetdə aktivliyinin səbəbi
sosial şəbəkələrin isifadəçilərinin
sayının çox olmasıdır. Ümumiyyətlə isə
virtual həyat reallıqdan uzaqdır. Məncə, canlı
ünsiyyət istənilən dialoq və fikir mübadiləsi
üçün vacib amildir. Bəzən olur ki, mən də
hansısa məsələyə fikir bildirəndə nəticədə
deyirlər ki, bəlkə görüşüb söhbətləşək.
Bu o deməkdir ki, virtual müzakirədə heç də
bütün məsələlər həll ounmur. Mən
düşünürəm ki, istər virtual, istərsə də
canlı müzakirələrin hamısı sağlam rəqabətə
söykənməli, gəncləri inkişafa sövq etməlidir.
Qarşıdurmaya meyilli çağırışlar,
müzakirələr heç kimə, eləcə də gəncliymizə
lazım deyil. Amma bu müzakirələrə qarşı
deyiləm.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 2 fevral.- S. 1, 3.