"Qarabağ
bülbülləri"nin
40 yaşı tamam olur
Vaxtilə
"Qarabağ bülbülləri" ansamblının səsi
dünya ölkələrinin saraylarından gələrdi. Balaca
"bülbüllərin" ecazkar səsi dünya
xalqlarını heyran edər, dünya musiqiçilərini isə
təəccübləndirərdi. Bir sözlə, Azərbaycanı
dünyaya, dünyanı Azərbaycana tanıtdırardı.
Amma bu gün Qarabağsız "Qarabağ bülbülləri"
öz acı taleyini yaşayır.
Ürək
ağrısı ilə demək olar ki, bu gün ansambl
baxımsız qalıb. Ona himayə duran, dəstək verən
bir kimsə tapılmır. Vaxtilə böyük şairimiz Xəlil
Rza Ulutürk deyib: "Murad Rzayevin yaratdığı
"Qarabağ bülbülləri" Azərbaycan
xalqının tarixidir". Gəlin görək bu tariximizi,
incimizi qoruya bilirikmi? Bir şeyi bilmək lazımdır ki,
"Qarabağ bülbülləri" Qarabağın
atributu, düşmənin ürəyinə dağ
basmış gerbidir. Gəlin bu gerbimizi birlikdə qoruyaq, ona
hörmətlə yanaşaq. Bu il ansamblın 40 yaşı
tamam olur. Soraqlaşıb, "Qarabağ bülbülləri"nin
məskunlaşdığı məkana getdik. Bakının Nərimanov
rayonunda Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun
kiçik bir otağına sığınıb bu balaca
bülbüllər. Halbuki bir zamanlar bu ansambl Moskvanın
"Bolşoy teatr"ına, Kremlin qurultaylar sarayına
sığmırdı. Ansamblın yerləşdiyi otağa
daxil oldum. Oradakı kiçik cocuqların məzlum
baxışlarını görəndə vətən boyda
kiçilirdim. Ürəkdən ağrımamaq,
üşüməmək olmur. Biranlıq gözlərimin
önünə doğma Ağdam şəhəri, "Qarabağ
bülbülləri" ansamblının fəaliyyət
göstərdiyi "Pioner evi" və həmin
bülbüllərə rəhbərlik edən
qarasaçlı, gülərüz bir oğlan Murad Rzayev gəldi.
İndi o Murad müəllimin saçları tamamilə
ağarıb. Ancaq baxışları, isti gözləri, bir də
şirin qarabağ ləhcəli danışığı dəyişməyib.
- Murad müəllim, belə bir ansamblı yaratmaq
haradan ağlınıza gəldi?
- Mənim
uşaqlıqdan bir arzum vardı. Böyüyəndə ansambl yaradım.
Amma o vaxtlar onu yaratmağa
maddi imkanım, kollektivim olmayıb. Tale elə gətirdi
ki, 1971-ci ildə Ağdam "Pioner evi"nə müdir təyin edildim. Həmin gündən imkanlarım da artdı. Məktəblərlə sıx əlaqələr
qurdum, orada və ucqar kəndlərdə
yaşayan istedadlı
uşaqları seçərək
"Qarabağ bülbülləri"
ansamblını yaratdım.
Az müddətdə
ansamblım çox məşhurlaşdı, hörmət
qazandı. Ondan sonra bizim xarici ölkələrə,
SSRİ-nin tərkibində
olan bütün dövlətlərə çoxlu
sayda qastrol səfərimiz oldu. İndi o uşaqlar böyüyüblər,
yaxşı ad-san qazanıblar.
Çoxu xalq artisti, əməkdar
artist, əməkdar mədəniyyət
işçisi adına layiq görülüb. Onların əksəriyyəti
yaxşı vəzifələrdə
çalışır.
- İlk çıxışınız harada olub?
- 1971-ci ildə
ilk dəfə indiki Heydər Əliyev Sarayının açılışında
çıxışımız olub. O vaxtlar böyük sənətkarlarla,
o cümlədən türk
müğənnisi Emil Sayin,
Müslüm Maqomayev,
Rəşid Behbudov,
Sara Qədimova, Rübabə
Muradova, Zeynəb Xanlarova, "Qaya" vokal ansamblı, Vaqif Mustafazadə və əksər sənət adamı ilə konsertlər vermişik.
- Bəs ilk çıxışınızda
iştirak edən
"bülbüllər" kimlər olub, adlarını xatırlayırsınızmı?
- Əlbəttə, xatırlayıram. Ədalət Feyziyev, Məhərrəm
Qasımov, Gülçöhrə
Quliyeva, Xanım Abdullayeva vardı. Onlardan sonra gələnlər Tacir Şahmalıoğlu, Nazim
Zeynalov, Hacı Fərhadov, Bəhram Məmmədov, Araz Hüseynov, Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev, Fehruz Səxavət, İlhamiz Paşayev və başqa bülbüllərdir.
- Ansamblın yaradılmasında
sizə kimlərin dəstəyi olub?
- Bu ansamblı
özüm yaratdım,
bütün rəhbərliyi
də özüm etdim. Onu deyə
bilərəm ki, Azərbaycanda 40 il
fasiləsiz fəaliyyət
göstərən belə
bir ansambl yoxdur. Ansamblımız Almaniya, Bolqariya, İran, Türkiyə, Gürcüstan, Özbəkistanda,
Rusiya paytaxtı Moskvada çıxışlar
edib, diplom və medallarla təltif olunub. 12-yə yaxın bədii
və sənədli filmə çəkilmişik.
Fəxrlə qeyd edə bilərəm ki, o dövrdə ümummilli lider Heydər Əliyev ansamblımıza
böyük qiymət
verib. O bizim əməyimizi həmişə
dəyərləndirərdi, balaca "bülbüllərin"
məlahətli səsi
onun çox xoşuna gələrdi. Bu səbəbdən də elə bir dövlət tədbiri olmazdı ki, ansamblımız orada çıxış
etməsin. Rəsmi tədbirlərdə
ümummilli liderimiz Heydər Əliyevin göstərişi olurdu ki, "Qarabağ bülbülləri" ansamblı
mütləq çıxış
etməlidir. Mən deyərdim
ki, o vaxtlar fəaliyyətimizin yüksək
olmasında, dünyada
tanınmağımızda o mərhum prezidentin böyük xidmətləri
olub. Ona görə bizi
həvəsləndirərdilər. 1 həftənin içində
bizi xarici ölkələrə, Moskvaya
dəvət edərdilər.
Elə olub ki, konsertdən
gec gəlib çıxmışıq. Uşaqlar evlərinə getməyə
vaxt tapmayıb, bizim evdə gecələməli olublar.
Evdə yatdığımız yerdə
rayon partiya komitəsi
telefon etdi ki, kollektiv yenidən
Moskvaya qayıdır.
Biz də uşaqların
valideynlərinə bu
haqda məlumat verdik. Belə günlərimiz çox
olub.
- Deyə bilərsinizmi
nəyə görə
o dövrün bülbülləri
bu gün yetişmir?
- Bizdə
bu gün də istedadlı uşaqlar çoxdur. Fərq ondadır ki, o vaxtlar kollektivin üzvləri öz rayonlarında olardı.
Torpaq da güclü olar, o vaxt onların
səsləri də açıq və həvəsli idi. İndi hamısı şən mahnı oxuyanda, görürsən ki, sifətlərində qəmginlik
yaranır. Ona görə
ki, ata-baba yurdları işğal altındadır. Bir də
Qarabağın təmiz
havası, suyu o bülbülləri yetişdirərdi.
- Ağdamın işğalından
sonra ansamblın yaşadığı ağır
günlər barədə
nə deyə bilərsiniz? Bir sözlə, hansı çətinliklərlə üzləşibsiniz?
- Uşaqların
hərəsi bir tərəfə dağılıb.
Yaxşı ki, İsmayıllı
rayonunda məskunlaşdım.
Həftədə 1 dəfə Bakıya
gəlib məşqimi
keçirirdim. Gördüm
yollarda çətinlik
çəkirəm, məcbur
olub Bakıda kirayə ev
tutdum. Ansamblımız hazırda Balıqçılıq
Elmi-Tədqiqat İnstitutunun
birinci mərtəbəsində
fəaliyyət göstərir.
Heç
bir şəraitimiz yoxdur. Bu haqda
telekanallarda da dəfələrlə göstərilib.
- Bu gün "Qarabağ
bülbülləri"nə biganə yanaşmanın səbəbi nədir?
- Müharibə
hamının başını
qatıb. Amma bizə çox
ögey münasibət
bəslənilir. Ona görə
ki, heç bir dövlət konsertinə dəvət edilmirik. Səbəbini bilmirəm. Əslində o tədbirlərdə çıxış edənlərdən
bizimkilər yaxşı
oxuyurlar. Respublikada keçirilən
festivallarda uşaqlarımız
hər zaman fərqlənir. "Yeni
ulduz", "Azəristar","Popstar",
"Muğamstar", "Sən
bir nəğmə"
televiziya müsabiqələrində
yetirmələrimiz layiqincə
iştirak edirlər.
- Bu ansamblın əvvəlki
şöhrətini özünə
qaytarmaq üçün
nə etmək lazımdır?
- Ansamblın
bu gün də şöhrəti özündədir. Xalqın arasında
çox böyük hörməti var.
- Söhbət xalqdan
getmir, dünya sferasından gedir?
- Şəxsi təyyarəm
yoxdur ki, uşaları xarici ölkələrə qastrollara
aparım. Elə adamları xarici
ölkələrə qastrol
səfərlərinə aparırlar
ki, mahnını olduğu kimi ifa edə bilmirlər,
amma elə həmin admlar gedirlər. "Qarabağ
bülbülləri"ni
aparmaq lazımdır.
Bunu Mədəniyyət və
Turizm Nazirliyi təşkil etməlidir.
Televiziyada "şou-biznes" baş alıb gedir. Oxuyanların da heç birinin səsi yoxdur. Mahnını da axıra kimi bilmirlər. Ancaq televiziya onları məşhurlaşdırır. Azərbaycanda o qədər yaxşı
müğənni, sənət
adamı var ki, amma onlar
reklam edilmədiyinə
görə hamısı
yaddan çıxır.
Bir sözlə, özündən,
sənətindən xəbəri
olmayan adamları televiziyada o qədər reklam edirlər ki, xalq məcbur
olub onları tanıyır.
- "Qarabağ bülbülləri" ansamblının
yerinin, şəraitinin
olmaması ilə bağlı aidiyyəti qurumlara müraciət etmisinizmi?
- Müraciətə
ehtiyac duyulmur. Ona görə ki, dəfələrlə televiziya
ekranlarında verilişlərimiz
gedib. Bunu hamı bilir
ki, ansamblın yeri və geyimi
yoxdur. Heç kim köməklik
etmir.
- Söz paltardan,
milli geyimdən düşdü. Bəs "Qarabağ bülbülləri"
ansamblının geyimləri
hansı formadadır?
- Azərbaycanın
vahid milli forması var.
- O formada Qarabağla
bağlı bir nişanə varmı?
- Əlbəttə
ki, var. Onların döş nişanlarında
"Qarabağ bülbülləri",
"Xarı bülbül"
sözünün yazılması
bunun elə bunun birinci əlamətidir.
Geyimlərdə Azərbaycanın butaları, adət-ənənələri
təsvir edilib. Bir sözlə, Azərbaycanın
özünün milli
geyimi var və ansamblın üzvləri də bu geyimlə çıxış edirlər.
- Deyirlər ki, Murad Rzayev artıq
baletə, vokala üstünlük verir. Bu nə dərəcədə
doğrudur?
- Bu ağ yalandır. O kəslər,
görünür, milli
rəqslə baleti seçə bilmir. Əgər vokal sənətini uşaqlara təbliğ ediriksə, bunun nəyi pisdir?! Bu gün də
"bülbüllər" var. Bir müddət öncə Ağdamda Quzanlı qəsəbəsində
köçkünlərə tikilmiş evlərin açılışında ölkə
prezidenti də iştirak edirdi. Həmin tədbirdə ansamblımızın
çıxışı oldu.
Çıxışdan sonra prezident
İlham Əliyev və onun xanımı
Mehriban xanım Əliyeva əlimizi sıxaraq təşəkkür
etdi. Sonra 1 həftə ərzində
bütün televiziya kanallarında bu tədbir göstərildi.
Görüşlə bağlı Türkiyənin
"TRT AVAZ" telekanalı da xüsusi veriliş hazırladı.
- Murad müəllim,
sizə fəxri ad verilibmi?
- Sovet dönəmində 2 dəfə
respublikanın, 1 dəfə
SSRİ-nin "Marif xadimi" adına
layiq görülmüşəm.
- Bəs müstəqilliyimizi
əldə etdikdən
sonra necə?
- Xalq artisti o deməkdir ki, o xalqın artistidir. Ancaq siz dediyiniz adları televiziya artistlərinə verirlər.
O adamlara ki, onları xalq tanımır. Amma xalq məni
elə xalq artisti kimi qəbul
edir. Çünki onların arasında
öz hörmətimi
qazana bilmişəm.
Bunun üçün təqdimat
verilməlidir.
- Bəs təqdimatı
kim verməlidir?
- Aidiyyəti
təşkilatlar.
- Eşitdiyimə görə,
siz həm də mahnı bəstələyirsiniz.
- Çox
mahnı bəstələmişəm.
Mahnılarım Mirzə
Babayev, Flora Kərimova,
Oqtay Ağayev, Zöhrə Abdullayeva, Teymur Əmrah, Lalə Məmmədova, Lalə Dadaşova və bir çox
sənətçi tərəfindən
ifa olunub. Bu mahnılardan 8-i qızıl fondda saxlanılır. "Bayatı-Şiraz"
muğamında etdiyim
improvizasiya qızıl
fonda düşüb.
Rənglərim, romanslarım da
var. Onu da vurğulayım ki, hazırda veteranlar və yeniyetmələr qrupunu vahid ansamblda
birləşdirib, böyük
konsertə hazırlaşırıq.
Bir neçə gündən
sonra Ağdamda cəbhə bölgəsində,
sonra Heydər Əliyev Sarayında möhtəşəm konsertlərimiz
olacaq.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 2 fevral.- S. 7.