Brayza səfir kimi ilk dəfə
danışdı
"Qarabağ münaqişəsinin dinc və ədalətli
həlli yollarının axtarılması səfir kimi mənim
üçün prioritet məsələ olacaq"
"Qarabağ
münaqişəsinin dinc və ədalətli həlli
yollarının axtarılması səfir kimi mənim
üçün prioritet məsələ olacaq" - bu fikirləri
səlahiyyətlərinə başlamaq üçün bu həftə
Bakıya gələcək Birləşmiş Ştatların
Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ - Azərbaycan
Ticarət Palatasının (USACC) onun şərəfinə
verdiyi ziyafətdə deyib.
USACC-ın rəsmi
saytının yaydığı məlumata görə,
diplomat vurğulayıb ki, Azərbaycan və ABŞ
arasında münasibətlərin genişləndirilməsini
daim diqqətdə saxlayacaq. Metyu Brayza bildirib ki, ABŞ-ın
18 aydır səfir göndərmədiyi Azərbaycana getməyi
çox arzulayır: " Azərbaycanın çox geniş
imkanları var və əməkdaşlıq istiqamətləri
təkcə neft-qaz sektoru ilə məhdudlaşa bilməz".
Tədbirdə palatanın nümayəndələri, səfir
Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın
Vaşinqtondakı səfirliyinin əməkdaşları
iştirak ediblər. ABŞ-ın Azərbaycandakı yeni səfirinin
andiçmə mərasimi ötən həftə dövlət
departamentində keçirilib. Obama hakimiyyətinin ölkəmizlə
münasibətlərə verdiyi əhəmiyyəti
nümayiş etdirərək andiçmə mərasimində
dövlət katibi Hillari Klinton şəxsən iştirak
edib. Ötən ilin mayında Metyu Brayzanın Bakıya səfir
namizədliyini irəli sürən prezident Barak Obama
senatın qərarını gözləmədən bir ay əvvəl
"tətil təyinatı" səlahiyyətindən
istifadə edərək onu vəzifəsinə təsdiqləyib.
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi bir il
yarım idi ki, vakant qalırdı.
Məsələ yenidən
Ermənistan mətbuatının diqqət mərkəzinə
düşüb. Onlar Brayzanın andiçmə mərasimində
dövlət katibinin şəxsən iştirak etməsinin
ciddi narahatlıq yaratdığını qeyd edirlər. "Bizim
lobbi qrupları bu məsələyə o qədər də
fikir vermədi. Əksinə, 1 il müddətində Brayza ilə
məşğul olmayacaqları üçün
rahatlayıblar", - deyə Ermənistan mətbuatı
ABŞ-dakı diaspor qurumlarını ciddi tənqid edib. Obamanın
onun namizədliyinin təsdiqlənməsi ilə bağlı
yenidən senata müraciət etməsi isə Amerika Erməni
Milli Komitəsini özündən çıxarıb. "Amerika
erməniləri növbəti dəfə Barak Obama barədə
xəyal qırıqlığına uğrayıblar. Seçki
kampaniyası zamanı verdiyi sözlərin heç birini
tutmayan Ağ ev rəhbəri senatorların etirazlarına
baxmayaraq, bu dəfə yenidən tətil müddətində
təyin etdiyi səfirlərin təsdiqlənməsi
üçün senata təzyiqlər göstərir", -
deyə AEMK-nin bəyanatında vurğulanır. Lakin Amerika
erməniləri yenidən Brayzanın Azərbaycana səfir təyin
olunmaması üçün senatdakı ermənipərəst
senatorların Obamanın əksinə gedəcəyinə
böyük ümid bəsləyirlər. "Brayzanın təyinatında
prezidentin inadkarlıq göstərməsi ondan xəbər
verir ki, "maraqların münaqişəsi", namizədin
Azərbaycan hakimiyyəti ilə şübhəli əlaqələri
Obamanı heç də narahat etmir. Biz erməni seçicilərini
Obamanın qərarının qarşısının
alınması üçün senatorlara
çağırış etmələrini istəyirik", -
deyə Amerika ermənilərinin ən böyük diaspor təşkilatının
bəyanatında vurğulanır.
Azad
Həftə içi.- 2011.- 3 fevral.- S. 2.