AŞPA Ermənistanı cəzalandıracaq

 

Qarabağ üzrə Alt Komitə isə apreldə fəaliyyətə başlayacaq

 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılmış Alt Komitə aprel sessiyasından etibarən fəal işə başlayacaq. Bunu AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Xatırladaq ki, AŞPA-nın Qarabağ üzrə Alt Komitəsi 2004-cü ildə AŞPA-nın yay sessiyasında qəbul olunmuş 1416 saylı qətnamə əsasında yaradılıb. Onun yaradılmasında məqsəd Azərbaycan və Ermənistan arasında dialoqun qurulmasıdır. Alt Komitənin fəaliyyəti 2007-ci ildə onun rəhbəri Rassel Constonun AŞPA sədri seçilməsindən sonra dayandırılıb, 2011-ci ilin yanvarında isə bərpa edilib.

"Avropa Şurası Ermənistanın AŞPA-nın Qarabağ üzrə Alt Komitəsinin işində iştirakdan imtina etməsinə görə onu cəzalandıracaq" - bu fikirlər isə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynova məxsusdur. "Əgər Ermənistan özünü belə aparmaqda davam edərsə, onda gec ya tez AŞ-a üzvlükdən çıxarılacaq ya da ağır sanksiyalara məruz qalacaq", - deyə o, Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri David Arutyunyanın onun ölkəsinin Alt Komitənin işini boykot etməsi ilə bağlı bəyanatını "İnterfaks-Azərbaycan" agentliyinə şərh edərkən bildirib: "Ermənistan tərəfinin bu hərəkətləri bir daha sübut edir ki, İrəvan Avropa Şurasının qanunlarına riayət etmir. Əminəm ki, Strasburqda bu hərəkətlərə lazımi qiymət verəcəklər". R.Hüseynov hesab edir ki, AŞPA Bürosunun bu ilin yanvarında assambleyanın qış sessiyasında Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpası haqqında qərarı Qarabağ münaqişəsinin həllində "Avropa Şurasının iradəsinin nümayişidir". "Ermənistan isə Alt Komitənin işini sabotaj edərək və onun fəaliyyətinə mane olaraq yalnız Avropa ailəsinə münasib olmadığını bir daha göstərir". Qeyd edək ki, Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri David Arutyunyan bəyan edib ki, Ermənistan tərəfi bu yaxınlarda yenidən yaradılmış Qarabağ üzrə Alt Komitənin işində iştirak etməyəcək. "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara zərər vuracaq prosesdə iştirak etməyəcəyik", - deyə D.Arutyunyan bildirib. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası Qarabağ münaqişəsi məsələsində özünü rüsvay edib. "AŞPA qeyri-obyektiv işi ilə özünü rüsvay edib", - deyə Ermənistan nümayəndə heyətinin rəhbəri söyləyib.

  

 

Azad

 

Həftə içi.- 2011.- 3 fevral.- S. 2.