Qərbi azərbaycanlılarla
bağlı qanun layihəsi hansı effekti verəcək?
Zahid Oruc: "Burada sosial, mülkiyyət
hüquqları, konkret insan haqları və digər məsələlər
var"
Milli Məclisin sədri
Oqtay Əsədov Qərbi Azərbaycandan deportasiya olunmuş
soydaşlarımızla bağlı qanun layihəsinin qəbul
olunması təklifi ilə çıxış edib. Burada məqsəd
deportasiyaya məruz qalmış soydaşlarımızın
hüquqlarının beynəlxalq müstəvidə
müdafiəsidir. Həqiqətənmi belə bir qanunun qəbul
olunması Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın
geri qayıtması, hüquqlarının bərpası
üçün əsas olacaq?
Məsələyə
münasibət bildirən millət vəkili Zahid Oruc "Həftə
içi"nə açıqlamasında dedi ki, Qərbi azərbaycanlılarla
bağlı məsələ bir neçə dəfə
gündəmə gətirilib. Onun sözlərinə görə,
həmişə məsələ belə qoyulub ki, ötən
əsrdə Ermənistandan 3 dəfə deportasiya olunmuş azərbaycanlıların
haqlarının təmin olunması necə gerçəkləşdirilə
bilər? Millət vəkilinin fikrincə, bu, konkret olaraq Milli
Məclisin qəbul etdiyi qanunlarla beynəlxalq səviyyəyə
çıxarıla bilər: "Onların hansı səviyyədə
təşkilati mexanizmləri formalaşa bilər ki, Ermənistanla
danışıqlarda, siyasi savaşlarda bir vasitə kimi
özünü göstərsin. Eyni zamanda paralel şəkildə
onların haqlarının təmin olunmasının gerçəkləşdirilməsi
mümkün olsun. Bu haqlar da çoxşaxəlidir. Burada
sosial hüquqlar, mülkiyyət hüquqları, konkret insan
haqları və digər məsələlər var. Xüsusilə
1948-53-cü illərdə Qərbi Azərbaycandan deportasiya
olunmuş soydaşlarımızın məsələsi
çox önəm daşıyır. Ona qədər və
ondan sonra olanları SSRİ-nin qurulduğu və süqut
etdiyi zamanla əlaqələndirib, bir sıra məsələni
hüquqi müstəvidən kənarda qoya bilirlər. Halbuki
həmin proseslərlə bağlı da qanunlar işləməlidir.
1948-53-cü illərdə SSRİ mövcud idi. Onun sərhədləri
daxilində bir xalqı öz doğma torpaqlarından başqa
ərazilərə köçürürdülər və
bu da 10 minlərcə insanın qətlinə səbəb
olurdu. Bu hadisə min illər ərzində qurulmuş maddi mədəniyyət
abidələrin dağıdılmasına, evlərin, qəbiristanlıqların
məhvinə gətirib-çıxarıb. İndi bu insanların
haqlarının təmin olunmasını necə gerçəkləşdirmək
olar? Ukrayna 1930-32-ci illərdə baş vermiş Qolodomor hadisəsini
beynəlxalq müstəviyə çıxardı və
onlarla ölkə tərəfindən tanıtdıra bildi. Hətta
BMT-nin bununla bağlı onu soyqırım kimi qəbul edən
qətnaməsi var. Rusiya buna ciddi müqavimət göstərirdi.
Çünki özünü SSRİ-nin hüquqi varisi
sayırdı. Cinayətlərin məsuliyyətini boynuna
götürmək istəmirdi. Bilirdi ki, bundan sonra
böyük məbləğdə təzminat ödəmək
lazım gələcək. Digər tərəfdən ölkənin
imic məsələsi də var.
"Milli mübarizədən yayınmalar olub"
"Bütün beynəlxalq
aləm biləcək ki, bu ölkə "etnik azlıq
kampaniyası" həyata keçirib, nəticədə 10
minlərcə insan qətlə yetirilib". Onların bu
hüquqlarını beynəlxalq müstəvidə gerçəkləşdirə
biləcəklərini önə çəkən Z.Oruc diqqətə
çatdırdı ki, ola bilsin ki, hansısa ölkələr
Rusiya ilə siyasi münasibətlər kontekstində fərqli
münasibət sərgilənsin. Amma fakt ondan ibarətdir ki,
dünyanın bu məsələdə bir tanıtım
mövqeyi var: "Bəs Azərbaycan nə etsin? Söhbət
təkcə Ermərnistana qarşı 2-ci, 3-cü cəbhə
açmaqdan getmir. Qarabağ problemi olmasaydı da, ortada bu
insanların pozulmuş hüquqları var. İndi biz bunu necə
tətbiq edək? Heydər Əliyevin azərbaycanlıların
soyqırımı ilə bağlı 1998-ci il 26 mart tarixli fərmanı
var. Orada bu hadisələrə, həmçinin buna
bağlı addımlara geniş yer verilir. Keçmişdə
Ermənistandan deportasiya olunmuşların bəzən
Mühacir Hökuməti və ya hansısa cəmiyyətlər
yaratmaqla bir sıra halda özlərinin siyasi maraqları,
hüquqları, kiməsə dəstək verib-verməmək
üzərində daxili aktlar o qədər gerçəkləşdi
ki, apara biləcəyimiz əsl milli mübarizədən
yayındıq. Bu təəssüfedici haldır və bu məsələyə
geniş yer vermək istəmirəm. Hansı qurumların
yaranmması və onların rəhbərliyində kimlərin
təmsil olunması hamımıza bəllidir. Ermənistanlılıq
da sanki daxildə bir ayırıcılıq, bölgəçilik
mübarizəsinə çevrildi. Halbuki bu məsələ əvvəllər
gündəmə gətirilərkən başlıca məsələ
fərqli idi". Bu məsələnin parlamentdə
qaldırılmasının faydalı olduğunu vurğulayan
millət vəkili əlavə etdi ki, amma bəziləri bu
addımı gecikmiş sayır, kimsə bunun effekt verməyəcəyini
düşünür: "Başqa birisi bunu, sadəcə,
siyasi təzyiq üsulu kimi dəyərləndirir. Bu fikirlər
yanlışdır. Biz məsələyə sırf
ümummilli konteksdən və "təkcə ermənistanlılar
üçün yox, elə hər bir vətəndaşın
bu məsələyə aidiyyatı var" şəklində
mübarizə kimi yanaşsaq, onda bu istiqamətdə müəyyən
addımlar reallaşdıra bilərik. Bu qanuni hüquqi bazada
ola bilər. Bəziləri bildirir ki, bunun qanunun predmeti
olması çox çətindir. Çünki qanunun spesifik
dili, tənzimlədiyi normalar var. Bu hadisəni müddəalar
şəklinə necə salmaq olar? Çünki bu istiqamətdə
Azərbaycanın vəziyyəti unikaldır, təəssüf
ki, analoqu yoxdur. Amma hər bir halda bu parlamentin işidir və
düşünürəm ki, ilk növbədə hüquq
siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən
bu yöndə addımlar atılacaq".
"Bu mövqeyi tam dəstəkləyirik"
Maraqlıdır, bəs
ictimai təşkilatların bu təklifə münasibəti
necədir, onlar qanuna hansı müddəaların əlavə
olunmasını istəyir?
Milli QHT Forumun prezidenti
Rauf Zeyni Milli Məclisin sədri Oqtay Əsədovun təklifini
ürəkdən dəstəklədiyini bildirdi. O əlavə
etdi ki, İrəvandan, Zəngəzurdən, Dərələyəzdən
və digər mahallardan olan ziyalıların bu təklifi dəstəkləyəcəklərini
gözləyir: "Çünki bu, bizim QHT səviyyəsində
uzun müddət qaldırdığımız məsələdir.
Nəhayət ki, Qərbi azərbaycanlılarla bağlı
qanunun gündəmə gətirilməsi hamımızı
sevindirdi. Biz bu mövqeyi tam dəstəkləyirik. Qərbi azərbaycanlıların,
eyni zamanda qaçqın və məcburi köçkünlərin
hüquqlarını beynəlxalq səviyyəyə
çatdıran qanunun qəbul olunmasını dəstəkləyirik.
Milli QHT Forumundan və bölgə ziyalılarından nə
asılıdırsa, biz o dəstəyi verməyə
hazırıq. Fikir verdinizsə, Milli Məclisin sədri
Axıska türklərinin vətənə qayıtması ilə
bağlı bir cümlə işlətdi. Bilirsiniz ki, 65 illik
mübarizədən sonra sonra Axıska türkləri ilə
bağlı Avropa Şurası qərar qəbul etdi,
Gürcüstan üzərinə öhdəlik
götürdü. Biz də Qərbi azərbaycanlıların
hüquqları ilə bağlı məsələni beynəlxalq
müstəviyə çıxarmalıyıq. Bir ölkənin
parlamenti bu məsələ ilə bağlı qanun qəbul
edirsə, beynəlxalq təşkilatlar buna biganə qala bilməyəcək".
Müəyyən qrup
insanın statusunun müəyyənləşdirilməsi ilə
bağlı beynəlxalq sənədin olmamasını önə
çəkən hüquqşünas Əlövsət Əliyev
isə diqqətə çatdırdı ki, Oqtay Əsədov
Gürcüstanın Axıska türklərinin vətənə
qayıtması ilə bağlı öhdəliyi üzərinə
götürdüyünü sitat gətirib: "Ermənistandan
deportasiya olunmuş soydaşlarımızın geri
qayıtması üçün Azərbaycan 10 qanun da qəbul
edə bilər, amma onların problemlərinin həlli və
geriyə qayıtması üçün həmin
qanunların heç bir əhəmiyyəti olmaz. Həm də
problem ondan ibarət idi ki, onlar Azərbaycan Respublikasına gəldikləri
zaman biz rəsmi müraciət etdik ki, pasportları
qorunub-saxlansın, deportasiya olunmalarını təsdiq edən
sənədlərin saxlanması üçün ayrıca
arxiv yaradılsın. Artıq gecdir...
Amma Azərbaycan bunu
vaxtında həyata keçirmədi. Eyni zamanda həmin şəxslərlə
bağlı qanun qəbul olunanda Azərbaycan
götürdüyü öhdəliklərə uyğun olaraq
onları Azərbaycan Respublikasının vətəndaşı
kimi tanıdı. Vətəndaşlığın
azaldılması haqqında BMT-nin konvensiyası var, Azərbaycan
1996-cı ildə həmin konvensiyaya qoşulub. Əgər Azərbaycan
Ermənistandan gələn şəxslərin statusunun
qorunub-saxlanmasında maraqlı olsaydı, həmin konvensiyaya
qoşulmalı deyildi. Azərbaycanda vətəndaşlığı
olmayan şəxslərin sayını azaldacağı ilə
bağlı öhdəliyi üzərinə götürməməliydi.
Ermənistan və Gürcüstan da həmin konvensiyaya
qoşuldu. Amma Ermənistan Azərbaycandan gedənləri vətəndaş
kimi tanımadı. Bu konvensiyanın tələblərinin Ermənistan
tərəfindən pozulması bir dəfə də olsun beynəlxalq
təşkilatların diqqətinə
çatdırılmadı. Onlar fikirləşirlər ki, geri
qayıtmaları üçün hansısa qərar olsun. Amma
bu mümkün deyil. Çünki onların Ermənistana
qaytarılması Azərbaycan Respublikasının qanunları
ilə həyata keçirilə bilməz. Vətəndaşlar
haqqında qanunun 15-ci maddəsində var ki, Ermənistandan Azərbaycana
köçmüş şəxslər Azərbaycan vətəndaşı
kimi tanınırlar, amma bu, onların Ermənistana qayıtmaq
hüquqlarını məhdudlaşdırmır. Bu
ölü normadır, onların Ermənistana qayıtması
Ermənistan qanunları ilə tənzimlənir".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 3 fevral.- S. 4.