"Azərbaycanla
bağlı məsələlərə
həssaslıqla yanaşırıq"
"Zaman" qəzetinin baş redaktoru Süleyman
Ünal "Həftə içi"nin qonağı oldu
Azərbaycanla Türkiyə arasında körpü
yaradan ünvanlardan biri də artıq 20 ilə yaxındır
ölkəmizdə fəaliyyət göstərən
"Zaman - Azərbaycan" qəzetidir. Sözlə, xəbərlə,
informasiya ilə Azərbaycanın faciələrinin,
uğurlarının, çox vaxt boğulan haqq səsinin
dünyaya çatdırılmasında böyük rolu olan
"Zaman - Azərbaycan"ın baş redaktoru Süleyman
Ünal artıq 1 ildir Azərbaycandadır. Baş redaktor
ötən müddət ərzində Azərbaycanla
yaxından tanış olub, bölgələrə səfərlər
edib.
S.Ünalın növbəti görüşü isə
"Həftə içi" qəzetində oldu. Qəzetimizin
baş redaktoru Sevinc Seyidova ilə görüşən qonaq
redaksiyanın iş şəraiti ilə tanış olub. 11
il Avstraliyada dərc olunan "Zaman Avstraliya" qəzetinə
rəhbərlik etdikdən sonra Azərbaycana gəlişini məmnunluqla
qarşıladığını bildirən S.Ünal burada qəzet
çıxartmağın daha məsuliyyətli olduğunu
deyir.
- 11 il Avstraliyada
çalışdım. Təbii ki, hər ölkənin
mediasının özünəməxsus üstünlükləri
və çatışmazlıqları var. Amma sevindirici
haldır ki, Azərbaycanda artıq medianının problemlərinin
həll olunması istiqamətində böyük işlərə
start verilib. Buna misal olaraq mətbuatın 135 illik yubileyi ərəfəsində
atılan addımlar daha yaddaqalan oldu. Son 10 ildə isə bu
sahəyə olan diqqət daha nəzərəçarpacaq dərəcədə
hiss olunur. Artıq qəzetlər kifayət qədər
güclü bazası olan qurumlara çevrilir.
- Rəhbərlik etdiyiniz 1 il ərzində "Zaman -
Azərbaycan" qəzetində nəyi dəyişdiniz?
- Əsaslı şəkildə
nəyisə dəyişdirmək fikrimiz olmadı. Qəzetlə
bağlı elə şeylər var ki, onsuz da dəyişə
bilmərik. Bunlar qəzetin ölçüləri, loqosu və
digər özünəməxsusluqlarıdır.
- 11 il işlədiyiniz Avstraliya mətbuatı ilə
Azərbaycan mətbuatı arasında hansı oxşar və
fərqli cəhətləri görürsünüz?
- Avstraliyada dövlət
başçısından tutmuş, sıradan bir vətəndaşa
qədər, bütün şəxslər haqqında yazı
yazmaq çox çətindir. Çünki
yazdığın məqalə o qədər dəqiq və
dürüst olmalıdır ki, orada qanunlara qarşı
çıxacaq kiçik bir məqam belə olmasın. Avstraliyada
qanunlar çox sərtdir və öz növbəsində mətbuat
bu qanunlara riayət etmək məcburiyyətindədir.
Orada dəqiqlik məsələsinə
çox həssasdırlar. Düzdür,
yazdıqlarını sübut edə bilməyəcəyin təqdirdə
qəzeti bağlamaqla əlaqədar hər hansı qərar
verilməsə də, mətbu orqan üçün elə
bir cərimə məbləği müəyyən olunur ki,
onu ödəmək elə qəzeti bağlamağa bərabər
olur.
- "Zaman - Azərbaycan"ın sizdən öncəki
baş redaktoru Enes Cansever bizimlə müsahibəsində
"Qəzetimizdə Azərbaycanın əleyhinə bir
cümlə belə yazılmadı" demişdi. Bu ənənə
sizin qəzetə rəhbərliyiniz dövründə
hansı səviyyədə qorunur?
- Bizim hazırkı
kollektivin bir neçə nəfəri istisna olmaqla
qalanlarının hamısı azərbaycanlılardır.
Türkiyədən gələnlər isə artıq 18-20
ildir burada çalışırlar və onlar da Azərbaycanı
ən azı sizlər qədər sevirlər. Bu insanlar artıq
türkiyəli kimi deyil, azərbaycanlı kimi
düşündükləri üçün onların
öz ölkələrinin əleyhinə nəsə
yazması mümkün deyil. Bundan əlavə,
"Zaman"ın çıxdığı bütün
ölkələrdə bizim hadisələrə
baxışımız eynidir.
- Bir müddət öncə Türkiyədə
çıxan "Zaman" qəzetində erməni ordusunun
güclənməsindən bəhs edən köşə
yazısı narazılıqla qarşılandı. Bununla
bağlı hər hansı açıqlama oldumu?
- "Zaman"ın
köşə yazarının yazmış olduğu bir
yazı burada yanlış anlaşılmşdı. Yazıda
beynəlxalq araşdırmaçıların dilindən
Rusiyanın Ermənistana hərbi kömək göstərdiyi
vurğulanmış və bu da müəllif tərəfindən
tənqid olunmuşdu. Əslində yazı Azərbaycanın
və türklərin lehinə yazılmış bir yazı
idi. Amma bir çoxu yazının içərisini oxumamış
elə başlığını görüncə öz
bildikləri kimi yozmuşdu. Bundan əlavə, Türkiyədə
köşə yazılarına münasibət fərqlidir. Yəni
köşə yazıları müəllif fikri olduğu
üçün qəzet rəhbərliyi məsuliyyət
daşımır. Həm də köşə
yazarının mövqeyi ilə qəzetin mövqeyi uyğun
olmaya da bilər. Bu Türkiyə qəzetçiliyində
tez-tez rast gəlinən haldır. Amma yenə də qeyd etməliyəm
ki, sizin toxunduğunuz məsələdə
anlaşılmazlıq baş verdi, yazı düşmənlərimizə
kömək edənlərə qarşı tənqidi yazı
olduğu halda, ona başqa don geyindirdilər. Hesab edirəm ki,
istənilən bir yazını yazan müxbir onu
araşdırmalı, mənbənin nə dərədəcə
etibarlı olmasını bilməlidir. Bu məsələdə
isə o xəbəri yazanlar ən azından
"Zaman"ın Azərbaycan redaksiyası ilə əlaqə
saxlaya bilərdilər və biz məsələyə
aydınlıq gətirərdik. Amma xəbəri verəndən
və bir çox kütləvi informasiya vasitələrində
bu yazı yer alandan sonra bizə zəng vurub münasibət
bildirməyimizi istəyirlər. Bunu əvvəlcədən
etsəydilər, daha yaxşı olmazdımı? Onu da qeyd etməliyəm
ki, bizim, eləcə də "Zaman"ın Türkiyə
redaksiyasında ən çox diqqət edilən məqamlardan
biri Azərbaycanla bağlı məsələlərə həssaslıqla
yanaşılmasıdır. Bu hal hazırda 16 ölkədə
çap olunan "Zaman" qəzetlərinin hər birinin
iş prinsipinə aiddir. Bizim qardaş ölkə
olmağımız bir yana, digər tərəfdən qəzetimizə
də sayğı ilə yanaşırıq və məqsədimiz
illərdir qorunan ənənələrə sadiqlikdir.
- Hazırda Azərbaycanda qəzetlərin ən
böyük problemi tirajla bağlıdır. Sizcə, qəzetlər
oxucuya istədikləri məlumatı verə bilmir, yoxsa
oxucular qəzet almaqda maraqlı deyillər?
- Azərbaycanda qəzet
çıxarmaq çox asandır. Bəlkə elə buna
görədir ki, ölkədə qəzet bolluğu var və
bu çoxluq insanları mətbuatdan uzaqlaşdırır. Bundan
başqa, internet media da inkişaf etdiyi üçün qəzetlərə
marağın azalması başadüşüləndir.
- Bu bir faktdır ki, mətbuatda uzunmüddət
çalışan jurnalistlərin sayı çox azdır və
qəzetdə çalışmaq karyera yüksəlişində
bir trampilinə çevrilib. Təkcə Azərbaycanda belədir,
yoxsa?
- Xeyir. Bu təkcə Azərbaycanın
problemi deyil, dünyanın bir çox ölkələrində
jurnalistika yüksək vəzifəyə keçid roluna
çevrilib. Bunun da səbəbi, təbii ki, karyera, nüfuz
və insanın maddi vəziyyətini
yaxşılaşdırmaq istəyidir. Məncə, qəzetçilərin
daha gəlirli sahə uğrunda çalışması
başadüşüləndir.
- "Zaman - Azərbaycan"ın əməkdaşlarının
işindən razısınızmı?
- İndiyədək
çalışdığım bütün iş yerlərində
kollektivdən həmişə razı qalmışam. Mənim
üçün ən əsası həmin yerdə mənəvi
rahatlığın olmasıdır və buna hər yerdə
rast gəlmişəm.
- Qəzetin buradakı fəaliyyətinə Türkiyə
səfirliyindən hər hansı dəstək olurmu?
- Biz yalnız Türkiyə
vətəndaşı olaraq səfirliyimizə müraciət
edirik və lazım olan təqdirdə yardımlar olur, amma qəzetə
dəstək baxımından bu, mümkün deyil. Reklam məsələsinə
gəlincə isə deməliyəm ki, reklam almaq elə də
asan məsələ deyil və biz də reklamı digər qəzetlər
kimi alırıq. Burada hər hansı güzəşt və
yaxud səfirliyin işə qarışmasından söhbət
gedə bilməz.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 4 fevral.- S. 1, 4.