"İrs" rəhbərinin 70 yaşı tamam olur

 

Sidqi Mustafayev: "Heç bilmirəm, yubileyimi kim qeyd edəcək"

 

Ömrünün 70-ci baharını başa vuran tanınmış tarzən, "İrs" folklor ansamblının bədii rəhbəri Sidqi Mustafayev şərəfli, keşməkeşli yollar keçib. Həyatını şam kimi mədəniyyətimizin, milli musiqimizin inkişafı yolunda əridərək, pillə-pillə sənətin zirvəsinə gəlib-çatıb.

S.Mustafayev 1943-cü ildə, II Dünya müharibəsi illərində Bakının Balaxanı kəndində musiqiçi ailəsində dünyaya gəlib. Babası Abbas kişi əsrin ən məşhur tarzəni və sənət adamlarından olub. Xalq arasında "Abbas dayı" ləqəbi ilə çağırılıb. Məhşur tarzən bizimlə söhbəti zamanı bildirdi ki, babası Abbas kişinin toyunu o vaxt karifey sənətçilərimiz Cabbar Qaryağdıoğlu və Qurban Primov ediblər: "Respublikamızın adlı-sanlı sənətçiləri Cabbar əmi, Əhməd Bakıxanov, Qurban Primov, Əlcühab, Korkömək, kamança çalan Hüseynbala vaxtilə bizə gələr, böyük musiqi məclisləri keçirərdilər. Düzü, onların əksəriyyətini mən görməmişəm. Amma 5-6 yaşlarım olardı, Əhməd Bakıxanov digər sənətçilərlə birgə gəlib babamla milli musiqimiz, muğamla bağlı maraqlı söhbətlər edər, çalıb-oxuyardılar. Mən onlara maraqla tamaşa etdikcə içimdə musiqiyə, xüsusilə də tara qarşı maraq get-gedə artmağa başladı.

Bir sözlə, məndə musiqiyə həvəs babamdan gəlib. Arzum gələcəkdə babam kimi böyük sənətkar olmaq idi. Tanrı elə gətirdi ki, ailəmizdə babamın yolunu mən davam etdirdim. 5-6 yaşlarımdan artıq tarda sərbəst ifalar edirdim. Musiqiyə, eləcə də tar sənətinə böyük həvəsimin olduğunu görən babam məni qəsəbəmizdəki musiqi məktəbinə apardı və tar şöbəsinə qoydu.

1953-cü ildə musiqi məktəbini bitirdim. Təhsilimi davam etdirmək üçün Asəf Zeynallı adına musiqi texnikumunun tar şöbəsinə daxil oldum. Orada Əhməd Bakıxanovdan muğamın, Adil Gəraylıdan isə tarın sirlərini öyrəndim. 1976-cı ildə dövlət imtahanı verən zaman münsiflər heyətinin üzvləri Əhməd Bakıxanov, Adil Gəraylı, Səid Rüstəmov, Hacı Xanməmmədovun qarşısında "Miminor" əsərini ifa etdim. İfam münsiflər heyətinin çox xoşuna gəldi. 1958-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul oldum. 1962-ci ildə oranı bitirərək tar dirijorluq ixtisasına yiyələndim".

S.Mustafayev konservatoriyada təhsil aldığı zaman Balaxanı qəsəbəsindəki Sabir adına Mədəniyyət Evində "Təravət" Xalq Çalğı Alətləri Ansamblını yaradıb: "Ansamblın repertuarında "Bahar təranələri" kompozisiyanı qurdum. Həmin kompozisiyanı ilk dəfə xanəndə Məmməd Əliyev, müğənnilərdən Roza Cabbarova və Rəna Xaspoladova ifa etdilər. Bu kompozisiyaya görə Ümumittifaq və Respublika Festivalı laureatı adına layiq görüldük. Yaratdığım kompozisiya hazırda "Qızıl fond"da saxlanılır.

1959-1960-cı illərə kimi müəllimim bəstəkar Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti olmuşam. O vaxt həmin orkestrdə işləmək çox çətin idi. Çünki hər bir çalğıçıdan böyük ustalıq tələb olunurdu. S.Rüstəmov olduqca tələbkar idi. Həmin orkestrdə Əhsən Dadaşov, Baba Salahov, Hafiz Mirzəliyev kimi korifey sənətçilər vardı. Onlarla çiyin-çiyinə işləmək mənim üçün çox xoş idi. Orkestrin təşkil etdiyi konsertlər həmişə efirdə canlı yayımlanırdı. Bir gün efirdə canlı konsertimiz verilirdi. Amma həmin gün əməkdar artist Əhsən Dadaşov gəlib çıxmadı. Artıq efirdəydik. Bizə dirijorluq edən S.Rüstəmov səsləndirilən muğamın ritmik yüklərini çalmağı əli ilə mənə işarə etdi. Özümü itirmədən həmin hissəni böyük ustalıqla ifa etdim. Konsert başa çatdıqdan sonra ustad mənə təşəkkürünü bildirdi. Elə o dövrdən qədim musiqi alətlərinə həvəsim artdı. Artıq bizim evdə qədim musiqi alətlərindən rübab, cürə, saz, ud var idi. Həmin illərdə qədim musiqi alətlərindən ibarət ansamblı yaratmağı planlaşdırdıq".

S.Mustafayev sovet dövründə belə bir ansamblın olmadığını dedi: "Belə ansambla maraq göstərən də yox idi. Bunu heç kəs ağlına gətirməzdi. Bəstəkar Rəşid Nəsiboğlu ilə konservatoriyada birgə təhsil alırdıq. 7 il ansamblı yaratmaq barədə düşündük. Çox götür-qoy etdikdən sonra respublikanın elmi mədəniyyət mərkəzlərinə, kitabxanalarına üz tutduq. Qədim musiqi alətləri və onların repertuarları barədə bir sıra məlumat toplaya bildik. Dəqiq yadımda qalıb. Kitabların birində qədim musiqi alətlərinin şəkillərini gördüm. Həmin şəkillərə baxıb çahartar, laxqutu, mizmarlar, kasalar kimi qədim alətləri bərpa etdik. Sonra bir çox xarici ölkəyə səyahət etdik. Gürcüstandan qanun, Özbəkistandan ney, yan tütəyi, Türkmənistandan qoşqar rübabı, tulum kimi qədim alətləri də əldə edə bildik. Təxminən 20 ədəd qədim aləti bərpa etdik. Alətlərin bərpasından sonra folklor ansamblını yaratmaq fikrinə düşdük. O vaxtlar bu alətlərdə çalmağı bacaran ifaçı yox idi.

A.Zeynallıda müəllim işləyirdim. Dərs dediyim tələbələri ansambla dəvət etdim. Onlar 3 il müddətində bu alətlərdə çalmağı öyrəndilər. Sonra ansambl fəaliyyətə başladı. İlk məşqimiz İçərişəhərdə - Rəşid Nəsiboğlunun evində oldu. Bizə xanəndələr lazım idi. Mən Nardaran qəsəbəsindən Məmməd Əlizadəni və İncəsənət Universitetində Qulu Əsgərovun sinfində təhsil alan Mələkxanım Əyyubovanı ansambla dəvət etdim. Ansambldakı qədim alətlərin özü kimi mahnılarda da qədimlik hiss olunmalıydı. İlk məşqimizə "Azaflı dubeitisi" ilə başladıq. Ansamblın səsinə özümüz valeh olduq. Sonra "Almanı alma, gəlin" və "Yelpazə" qədim xalq mahnılarını duet şəklində ansamblda səsləndirdik. Çox orijinal bir musiqi alındı. Bu yolla da xalqın tanıdığı "İrs" folklor ansamblı tanındı və uğur qazandı. Şöhrəti dünyanın hər yerinə yayıldı. "İrs" folklor ansamblı ilə dünyanın əksər ölkəsində qastrollarda olmuşuq. Məqsədimiz qədim musiqi alətlərini və qədim folklor nümunələrini nəinki bərpa etmək, onu dünya xalqlarına tanıtdırmaq, bir sözlə, toplayıb bu sərvəti xalqımıza ərməğan etmək idi. Buna da nail ola bildik. Həmçinin qədim folklorla yanaşı, muğamları və ritmik muğamları da bərpa etmişik. "Nəva", "Arazbari", "Osmanlı" kimi muğamlar bu günə kimi səslənməyib. Onlarca qədim xalq mahnısını oranjiman etmişəm. Bundan başqa, bir sıra muğam rəngi, dəramətlərini, "Çahargah" dəraməti, "Bayatı-Qacar", "Zabul" "Seygah", "Bayatı-Şiraz", "Rast" muğamlarının rənglərini yazmışam. 60-dan yuxarı mahnı bəstələmişəm".

Müsahibimin yaxın günlərdə 70 yaşı tamam olacaq. Ancaq özünə və sənətinə olan diqqətsizlikdən narazıdır: "Yubiley ərəfəsindəyəm, amma bunu kim keçirəcək, hansı qurum mənə dəstək olacaq, özüm də bilmirəm. Bu qədər əməyim olub. Bu barədə Təhsil, Mədəniyyət və Turizm Nazirliyinə məlumat vermişəm. Mədəniyyət və Turizm Nazirliyi göndərdiyi cavab məktubunda yazıb ki, sizin mədəniyyət sahəsində göstərdiyiniz xidmətlər nəzərə alınacaq və sizə fəxri ad verilməsi üçün müəyyən tədbirlər görüləcək. Yubileyi isə dövlət, aidiyyəti qurumlar keçirməlidir. Vallah, söz tapmıram deməyə. Görünür, nazirliyin başı hələ qarışıqdır. Yaşımın bu ahıl çağında yorulmadan, böyük həvəslə Asəf Zeynallı adına musiqi məktəbində tələbələrimə tarın, muğamın, o cümlədən musiqi alətlərinin sirlərini öyrədirəm. Mən həmişə sənətimə sənətkar gözüylə baxmışam və bu gün də baxıram.

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 4 fevral.- S. 7.