Torpaq və Xəritəçəkmə Komitəsi
ötən ilə yekun vurub
Azərbaycan hökuməti
korrupsiya və başqa neqativ hallara qarşı mübarizəni davam etdirir. Xatırladaq ki, Azərbaycan
Respublikası Prezident
Administrasiyasının rəhbəri,
Korrupsiyaya Qarşı
Mübarizə üzrə
Komissiyanın sədri
Ramiz Mehdiyev də son çıxışlarında
ölkəmizdə korrupsiyaya
qarşı effektiv işlərin görüldüyünü
və bu cür neqativ hallara qarşı ciddi mübarizə aparıldığını bir
daha bəyan edib. Lakin sədr bütün
bunlara baxmayaraq, Prezident Administrasiyasına
və Komissiyaya müraciətlərin daxil
olmasının bu sahədəki problemlərin
mövcudluğunu göstərdiyini
deyib və onların araşdırılaraq
həlli üçün
qısa müddətdə
təcili tədbirlərin
görülməsini zəruri
sayıb.
Ölkə prezidenti İlham Əliyevin məsələni xüsusi
diqqət mərkəzində
saxladığını vurğulayan
Prezident Administrasiyasının
rəhbəri indiyədək
görülmüş işlərlə
yanaşı, qarşıda
duran vəzifələrin
yerinə yetirilməsi
üçün səyləri
daha da artırmağın
vacibliyini önə çəkib və ayrı-ayrı qurumlara bununla bağlı müvafiq tapşırıqlar
verib.
Həmin
tapşırıqdan irəli gələn məsələlərlə
bağlı dünən Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində də toplantı keçirilib. Qurumun sədri
Qərib Məmmədov bildirib ki, Azərbaycan prezidenti tərəfindən
dövlət orqanlarına korrupsiya və
özbaşınalıq halları ilə ciddi mübarizə
aparmaq haqqında göstərişlər mütəmadi olaraq
verilir. Onun sözlərinə görə, komitədə
korrupsiyaya qarşı mübarizə üzrə komissiya
yaradılıb və "qaynar xətt" fəaliyyət
göstərir: "Vətəndaşlar üzləşdikləri
neqativ hallarla bağlı həm komissiyaya, həm də
"qaynar xətt"ə müraciət edə bilərlər.
Məqsədimiz korrupsiya və özbaşınalığa səbəb
olan amilləri kəsməkdir".
Bu sahədə nailiyyətlərdən
söz açan Q.Məmmədov qeyd edib ki, ötən illər
ərzində bələdiyyələrin özbaşına
torpaq satmasına son qoyulmasına nail olublar: "Bilirsiniz ki,
artıq torpaqlar hərraclarda satılır. Neqativ hallarla
bağlı topladığımız məlumatları
müvafiq qurumlara təqdim edirik, hüquqi qiyməti onlar
verirlər. Amma mən yenə də bu sahədə fəaliyyət
göstərən insanları nizam-intizama dəvət edirəm
və işlərində nöqsanlara yol verənlərə
güzəşt olunmayacağını bildirirəm".
Toplantıda ötən
ilin yekunlarına da toxunan sədr prezidentin fərman və sərəncamları,
Nazirlər Kabinetinin qərarları ilə qarşıda
qoyulan tapşırıqların yerinə yetirilmə vəziyyəti
barədə hesabatla çıxış edib.
Komitənin fəaliyyətinin
ayrı-ayrı istiqamətlərindən danışan Q.Məmmədov
qurum tərəfindən bələdiyyələrə yer
quruluşu sənədlərinin verilməsi, ərazi vahidlərinin
dövlət reyestrinin hazırlanması, vətəndaşların
istifadəsində olan həyətyanı və bu kimi digər
torpaqların sənədləşdirilməsi, müxtəlif
xəritələrin hazırlanması və kartoqrafiya işləri,
müxtəlif dövlət proqramlarında komitənin
iştirakından da söz açıb.
Sevinc
Həftə içi.- 2011.- 8 fevral.- S. 1, 5.