İnternet ədəbiyyatı:
mövcud durum, problemlər, inkişaf istiqamətləri
Bu gün
müasir informasiya kommunikasiya texnologiyalarının
sürətlə inkişaf
etdiyi bir vaxtda, ən sadə əməliyyatlardan
başlamış ədəbiyyat,
mədəniyyət və təhsil sahəsinin inkişafı artıq bu şəbəkənin üzərindən
keçir. Ümumi götürdükdə, ölkəmiz prosesdən kənarda qalmayıb, bəzən yüksək,
bəzən zəif də olsa, bütün
istiqamətlər məhz
qeyd olunan şəbəkənin üzərinə
yerləşdirilir. Etiraf edilməlidir
ki, həm Yazçılar Birliyi, həm də ictimai təşkilatlar bu istiqamətdə müəyyən işlər
görüblər. QHT-lərə
Dövlət Dəstəyi
Şurasının xətti
ilə kitabxana.net saytı
yaradılıb, bir sıra yazarlar tərəfindən isə
10-dan artıq fərdi
internet səhifəsi istifadəyə
verilib. Lakin qeyd edilməlidir ki, bir çox
sahələr informasiya
kommunikasiya texnologiyasında
yüksək inkişaf
dövrünə qədəm
qoysa da, konkret olaraq ədəbiyyatımızın elektronlaşdırılması bu prosesdən müəyyən mənada
kənarda qalıb.
Yəni müasir Azərbaycan
ədəbiyyatının elektron versiyası, habelə onun
internetə çıxışı, o cümlədən
ictimaiyyətə və 60 milyonluq Azərbaycan xalqına təqdimatı müasir
standartlara cavab vermir desək, yanılmarıq. Həm texnoloji
baxımdan, həm tərtibat baxımından, həm
də rəngarənglik
baxımından bu sahə üzrə ləngimələr açıq şəkildə hiss
edilməkdədir. Ədəbiyyat hər bir xalqın atributu,
çəkisi və səviyyəsinin
göstəricisi hesab olunduğundan, bu sahənin
inkişafının diqqət mərkəzində olması
vacib sayılmalıdır. Bütün proseslərdə və
onun icrasında isə vətəndaş cəmiyyəti kənarda
qalmamalı, oz sözünü deməli, prosesin
iştirakçısına çevrilməlidir. Odur ki, ilk
növbədə ədəbiyyatımızın yerlərdə
və dünya səviyyəsində tanıdılmasına
çalışmalıyıq.
Beləliklə, Söz
Azadlığını Müdafiə Fondu olaraq biz bu proseslə bağlı müəyyən məqamları
araşdırdıq. Qısa şəkildə də olsa bəzi
məqamlara xüsusi olaraq toxunmaq istərdik. Hazırda Azərbaycan
Yazıçılar Birliyinin 1500-dək üzvü olduğu deyilir. Söz yox ki, onların bir qismi aktiv
fəaliyyətdə olsa da, bir qismi son illər müəyyən
səbəblərdən passivlik nümayiş etdirirlər.
İstər ölkəmizin hüdüdlarında, istərsə
də dünya miqyasında öz sözünü
demiş yüzlərcə
şair və yazıçımız var.
Apardığımız
təhlillər göstərir ki, müasir infomasiya
texnologiyalarına maraq ədəbiyyat təmsilçiləri
arasında yüksəkdir. İstənilən qatda təmsil
olunan yazarlarımızın internetə, kompüterə,
proqramlara çıxışı var.
Öz-özlüyündə bu marağın olması təqdirəlayiq
haldır. Müşahidələrdən belə qənaətə
gələ bilərik ki, ədəbiyyatımızın
elektronlaşdırılması, internetdə təqdimatı məsələsini tək Yazıçılar Birliyinin
və ya ayrı-ayrı fərdi şəxslərin üzərinə
atmaq olmaz. Bu prosesin icrası bir
tərəfdən milli maraq, digər tərəfdən maliyyə
tələb edir. Söhbət apardığımız
şair və yazıçıların 99% -i məhz bunu səbəb kimi irəli
sürdülər.
Vəziyyətdən
çıxış yolu kimi nəyi təklif etmək olar.
1. Prosesin inkişafı
dövlətin marağında olduğundan, məhz bu məsələnin hökumət
səviyyəsində həll edilməsi mümkün
sayılan məqamlardandır. Bununla bağlı xüsusi
dövlət proqramının hazırlanması, o cümlədən mədəniyyətimizin
bütün sahələrinin bu proqramda öz əksini
tapması da vacib sayılmalıdır. Yəni mədəniyyət
və incəsənətimizi yaşadan bütün qələm
və sənət sahiblərinin yaradıcılığını özündə əks etdirən
portalın yaradılması ümumi işi irəliyə
aparan amillərdəndir;
2. Fərdi saytların
hazırlanması stimullaşdırılmalıdır;
3. Fərdi elektron kitab
mağazalarının təşkili, habelə elektron
kitabxanaların yaradılması da prosesin inkişafina təkan
verə biləcək. Bu işdə biznes strukturlarına
müəyyən vergi güzəştlərinin tətbiqi də
mühüm səmərə verə bilər;
4. Ədəbiyyatımızın
xarici dillərə keyfiyyətli tərcüməsi və beynəlxalq
şəbəkədə təbliği ümumi proseslərin
ən vacib məqamlardan sayılmalıdır.
Bütün
sadaladıqlarımız proseslərə hər birimizdən
daha çox məsuliyyət tələb
edir. Bu işdə xüsusilə diqqətli olmaq
lazımdır. Vizual görüntüdə millilik hiss edilməli, o cümlədən texnoloji proses elə qurulmalıdır
ki, materiallardan kimsə istifadə
edib özününküləşdirməsin. Sözsüz
ki, zəngin mədəni irsə sahib olan xalqımızın
ədəbiyyatını, mədəniyyətini həm
tanımaq, həm də tanıtmaq borcumuzdur.
Həftə içi.- 2011.- 9 fevral.- S. 5.