"Sürücü ilə qeyri-etik davranışın əleyhinəyəm"

 

Müsahibimiz Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovdur.

- Vaqif müəllim, hər bir sahədə olduğu kimi, yol polisi sistemində də uğurlarla yanaşı, müəyyən problemlər özünü büruzə verir. Narahatlıq doğuran məsələlərdən biri də bəzi yol polisləri ilə sürücülər arasında qeyri-normal münasibətin formalaşmasıdır. Hətta bəzi yol polisləri tərəfindən sürücülərə qarşı kobud münasibətin və davranışın da şahidi olmuşuq...

- Ümumiyyətlə mən kobud, qeyri-etik davranışların əleyhinəyəm və bunu pisləyirəm. Ancaq bununla belə, qeyd etdiyiniz problemlə bağlı konkret fakta malik deyiləm. Hər hansı bir sürücü və ya vətəndaş yol polisi tərəfindən haqsızlıqla üzləşərsə, yol polisinin vəzifə səhaliyyətlərini aşmasının şahidi olarsa, dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat versin, yaxud idarəmizə yazılı və ya şifahi müraciət etsin. Bununla bağlı Yol-patrul Xidmət Alayında xüsusi bir şöbə fəaliyyət göstərir və həmin şöbənin əməkdaşları daxil olmuş şikayət və ərizələri dəqiqliyi ilə araşdırırlar. Əgər faktlar doğruluğu təsdiqləyərsə, o zaman həmin yol polisi ilə bağlı ciddi tədbirlər görülür və nəticə barədə vətəndaşa məlumat verilir. Ümumiyyətlə, mən yol polisi ilə sürücü arasında hər hansı bir dostluq körpüsünün qurulmasının tərəfdarıyam və belə bir addımın atılmasını dəstəkləyərəm. Əgər siz hər iki tərəf arasında səmimiyyətin qurulması yönündə təbliğat aparırsınızsa, bu yalnız alqışlara layiqdir.

- Amma bəzən yol polisləri sürücüləri idarə etdikləri nəqliyyat vasitələrini heç bir əsas olmadan saxlamağa məcbur edirlər və bu da narazılığa səbəb olur...

- Dediyiniz məsələylə bağlı idarəmizə hər hansı bir şikayət məktubu daxil olmayıb. Biz sürücüləri nizam-intizama dəvət etmək üçün müxtəlif tədbirlər həyata keçiririk. Onlar arasında sürücülərə "dayan, saxla" işarəsinin verilməsi də var. Yol polisi öz vəzifəsini yerinə yetirərkən, xidmət apardığı ərazidə hərəkətin təhlükəsizliyinə nəzarət edərkən yol hərəkət qaydalarını pozan sürücüləri saxlayır. Saxlanılan sürücüyə cəza tətbiq edəndə mental xüsusiyyətlərimiz yada düşür. Əgər avtonəqliyyat vasitəsini idarə edən sürücü təhlükəsizlik kəmərindən istifadə edirsə, həmin maşının qabaq alın şüşəsində texniki baxışdan keçməni təsdiq edən xüsusi "bilka" varsa, avtomobilin xarici görünüşü təmizdirsə və yol hərəkəti qaydalarına tam riayət edilirsə, həmin sürücü yol polisi əməkdaşı tərəfindən saxlanıla bilməz. Yalnız zəruri hallarda sürücüyə "saxla" işarəsi verilir və ona saxlanmasının səbəbləri izah olunur.

- Bəzi hallarda yol hərəkətinin təhlükəsizliyi qaydalarının tələblərini pozan sürücü yol polisinə cərimə ödəməklə inzibati cəzadan və protokoldan canını qurtarmağa çalışır...

- Dediyim kimi, əgər sürücü saxlanılıbsa ona əvvəlcə saxlanma səbəbi izah edilir və sonra inzibati protokol tərtib olunur. Təəssüflər olsun ki, hələ də sürücülərimiz tərəfindən xəta törədilən yerdə tətbiq edilən cərimənin məbləğindən asılı olaraq onların müvafiq protokolun tərtib edilməsi barədə məlumatları yoxdur. Yol nişanları, yol-işarələnmə xətləri, təhlükəsizlik kəməri və s. tələblərə əməl edilmədikdə törədilmiş xətaya görə İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə ödənilməsi nəzərdə tutulmuş cərimənin məbləği 20 manatadəkdir. Bəzən sürücünün konullü olaraq cəriməni dərhal yerində ödəmək istəyi əsasında inzibati protokol yazılmır. Yəni ödədiyi cərimənin məbləğini təsdiqləyən qəbz sürücüyə verilir və o, sərbəst qalır. Ancaq bütün cərimələrin dərhal yerində ödənilməsi mümkün deyil. Ona görə də inzibati protokol məcburən yazılır. Bu səbəbdən də cərimələrlə bağlı ictimaiyyətdə geniş təbliğatın aparılması vacibdir.

- Yol hərəkətinin təhlükəsizliyi qaydalarının tələblərini pozanlarla bağlı "qara siyahı"nın hazırlanacağı, həmin sənədə tanınmış şəxslərin, vəzifəlilərin, məmurların, onların övladlarının yaxud yaxınlarının adlarının da salınacağı, bu siyahının ictimaiyyətə açıqlanacağı barədə də məlumatlar yayılır...

- Öncə deyim ki, 2007-ci ildə avtomobillərin idarə edilməsinə avtomatik nəzarət şöbəsi yaradılıb. Paytaxtın müxtəlif yerlərində quraşdırılmış radar qurğuları və kameraları vasitəsilə biz avtomobillərin hərəkətinə nəzarət edirik. Sürücü yol hərəkətinin təhlükəsizliyi, eləcə də yolayrıcılarını keçmə qaydalarının tələblərini pozaraq tıxacların yaranmasına səbəb olursa, siqaret çəkib bayıra atırsa, sürət həddini aşırsa, qoşa xəttin tələbinə əməl etmirsə, işıqforun qırmızı işığından keçirsə və digər qadağan edilmiş hərəkətlərə yol verirsə, bütün bunlar radar kameraları ilə qeydə alınır. Həmin sürücünün qayda pozuntusuna yol verdiyi məqamla birlikdə onun foto-materialı hazırlanır, onun əsasında sürücü axtarılıb-tapılır və məsuliyyətə cəlb edilir. Ancaq bəzi hallarda sözügedən şəxslərin, məsələn, 100 nəfərdən 10 nəfərinin tapılıb məsuliyyətə cəlb edilməsində problemlərlə üzləşirik. Bu da həmin sürücünün bir neçə evdə yaşaması, onun bir neçə ev ünvanının olması, maşınını qeydiyyata salmaması və digər səbəblərlə əlaqədar olur. Lakin çətinliklərə baxmayaraq, "Yol hərəkəti haqqında" qanunun 310-cu maddəsinə əsasən, həmin sürücüyə müraciət edilir, çağırış vərəqəsi göndərilir, yaxud başqa yolla məlumat çatdırılır ki, tələb olunan yerə gəlsin. Əgər vətəndaş dəvət olunan yerə gəlmirsə, bu barədə sənədləşdirmə işləri aparılır və sənədlər məhkəmələrə göndərilir. Hakimlərin qərarı ilə isə həmin sürücüyə 10 sutkalıq həbs və ya cərimələr tətbiq edilir. Sözügedən kameraların mövcudluğu yol polisi ilə sürücü arasında yarana biləcək mübahisələrə də son qoyur. Məsələn, işıqforun qırmızı işığından keçən sürücü belə bir hərəkətə yol vermədiyini iddia edərsə, ona foto-material təqdim olunur. Beləliklə də sürücünün qanunsuzluğa yol verdiyi sübuta yetirilir və sürücü dediyinə peşman olur. Ona görə də qeyd etdiyiniz "qara siyahı"nı şəxsən mən özüm hazırlayacağam və onu kimsədən qorxmadan və çəkinmədən ictimaiyyətə açıqlayacağam. Həmin siyahıda irqindən, dinindən, cinsindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq hər kəs ola bilər.

- Son zamanlar nəqliyyat vasitələrini idarə edərkən siqaret çəkən sürücülər barədə cəza tədbirlərinin görüləcəyi, onların cərimələnəcəyi də söylənilir...

- "Yol hərəkəti haqqında" qanunun 155-ci maddəsi nəqliyyat vasitələrinin sürücülər tərəfindən istismarı qaydalarının pozulması barədədir. Həmin maddənin tələblərinə görə, nəqliyyat vasitəsindən bayıra hər hansı bir əşyanın atılmasına sürücü məsuliyyət dayışır. Fərqi yoxdur butulka, siqaret, kağız və s. əşyanı atan sürücü, yaxud sərnişindir. Buna görə sürücü məsuliyyətə cəlb olunur. Suyun və palçığın nəqliyyat vasitəsi tərəfindən ətrafdakıların üzərinə sıçramasına görə də sürücü məsuliyyət daşıyır. Çünki yağışlı və qarlı havalarda yollarda xırda gölməçələr, palçıqlar yaranır. Ona görə də sürücü maşınını diqqətlə və asta sürətlə sürməlidir ki, hərəkət iştirakçılarına zərər yetirməsin, ətrafdakıların üst-başını, binaların divarlarını, maşınları, səkiləri çirkləndirməsin. Amma bu tələbə əməl etməyən və avtonəqliyyat vasitəsini idarə etmə mədəniyyəti aşağı olan sürücülər çoxdur. Belə sürücülər qəsdən törətdikləri xətaya görə 30 manat cərimə olunurlar. Hətta bu ilin yanvar ayında belə sürücülərdən 6-sı cərimələnib. Onlar zərərçəkmiş vətəndaşların şikayətləri və verdikləri dəqiq informasiyalar əsasında aşkara çıxarılıblar. Bu sahədə də geniş şəkildə təbliğat işlərinin aparılmasına böyük ehtiyac yaranıb.

- Yol hərəkətinin təhlükəsizliyi qaydalarından xəbərsiz olan, ancaq sürücülük vəsiqəsi almaq və avtonəqliyyat vasitəsi idarə etmək istəyənlər də çoxdur...

- Təəssüf ki, belə sürücülər də var. Çünki ölkəmizdə təbliğat elə aparılıb ki, avtonəqliyyatı idarə etmək istəyənlər müxtəlif bəhanələrlə sürücülük vəsiqəsi almağa və onları saxladan yol polislərinə "mənim vəsiqəm var" deməyə çalışırlar. Amma sürücülük vəsiqəsinin olması qanunsuzluğa yol verən sürücünü sığortalamır. Şəxsən mənim tanıdığım insanlar var ki, onların vəsiqələri yoxdur. Amma avtonəqliyyat vasitələrini yol hərəkəti qaydalarını pozmadan elə idarə edirlər ki, bu günə qədər yol polisləri onlardan şübhələnməyib. Lakin bununla belə, vəsiqəsiz maşın idarə etmək də qanunsuzluqdur və bunun üçün də inzibati cərimələr və cəzalar nəzərdə tutulub.

- Cari ildə planlaşdırılımış tədbirlər tıxaclarla bağlı problemin tam çözülməsi üçün yetərlidirmi?

- Ötən illərdə 20 nəfərə bir avtonəqliyyat vasitəsi düşürdüsə, indi 9 nəfərdən birinə bir maşın düşür. Fərq göz qabağındadır. Maşınların sayı çoxaldıqca yolların və küçələrin uzunluğu da artmalıdır. Əgər 2008-ci ilə qədər Bakı şəhəri üzrə küçə və yolların uzunluğu 2013 kilometr idisə, hazırda bu rəqəm 2500 kilometrdən də çoxdur. Ancaq bununla belə tıxacın qarşısının alınması, hər hansı bir yol-nəqliyyat hadisəsinin baş verməməsi, xoşagəlməz halların yaranmaması üçün 1 kvadrt kilometrə düşən küçələrin və yolların uzunluğu ən azı 8 - 10 kilometr olmalıdır. Bakı şəhərində yeraltı və yerüstü piyada keçidləri və yeni yolların tikintisi davam edir, körpülər tikilir. Bütün bunlar isə tıxac probleminin qarşısının alınmasında mühüm əhəmiyyətə malik olacaq. Məsələn, hazırda Ziya Büdnyadov prospektində, Xəqani yaranacaqdoldurma məntəqəsinin yanında yeni bir yolötürücünün tikintisi davam etdirilir. Həmin yolötürücü istifadəyə verildikdən sonra orada nəqliyyat vasitələrinin sərbəst hərəkətləri tənzimlənəcək. Ümumiyyətlə, bu cür yolötürücülər daha çox avtonəqliyyat vasitələrinin daha böyük axını olan istiqamətlərdə salınmalıdır. Ona görə də tıxac probleminin tam həlli üçün yol polisləri ilə yanaşı aidiyyəti qurumlar da kompleks tədbirlər həyata keçirməlidirlər.

- İctimaiyyətdə ciddi narahatlığa və narazılığa səbəb olan məsələlərdən biri də yolların və səkilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, yolların daralması ilə əlaqədardır...

- Haqlısınız. Bu problemin kökündə dayanan, onu yaradan səbəblərin araşdırılması çox vacibdir. Piyadaların sərbəst hərəkəti üçün nəzərdə tutulan səkilərdə tikinti və inşaat materiallarının, yeyinti, geyim məhsullarının və digər malların qoyulub satılması yolverilməzdir və bu, "Yol hərəkəti haqqında" qanunla qadağan edilib. Belə qanunsuzluğa yol verən fiziki və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Bu yaxınlarda BŞDYPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərinin mərkəzi küçələrindən birində aparılan reydlər nəticəsində bir neçə çoxmərtəbəli binanın qarşısında dəmir, taxta, zəncir və digər vasitələrlə yol kənarlarında süni maneələrin yaradılması faktlarını aşkarladıq. 11 obyektin qarşısını kəsən və onlara sərbəst giriş-çıxışı qadağan edən bu cür süni maneələri yaradan 6 binanın sahibləri barədə inzibati protokol tərtib etdik. Yol kənarlarında qanuna zidd formada avtonəqliyyat vasitələrinin saxlanılması da yolların daralmasına və maşınların sərbəst hərəkətinə ciddi maneçilik törədir. Bu istiqamətdə kifayət qədər işlər görülsə də, problemi tam çözmək hələ də mümkün olmayıb. Çünki yol polislərinin bu cür yerlərdə hər gün və həmişə xidmət aparması gülünc bir hal yarada bilər. Gündəlik və həmişə bütün səkiləri və yolları nəzarətdə saxlamaq, onları yoxlamaq da imkanımız daxilində deyil. Ona görə də bu sahədə də ciddi təbliğat aparılmalıdır. Piyadalar üçün nəzərdə tutulmuş səkilər zəbt edilməməlidir və onlar yalnız piyadalara məxsusdur. Yaxud yol kənarlarının zəbti bir sıra xoşagəlməz hadisələrə səbəb ola bilər. Təəssüflər olsun ki, biz dəfələrlə bununla bağlı müxtəlif KİV-lərdə təbliğat xarakterli maarifləndirmə işləri aparıb, qeyd etdiyimiz ərazilərdə səkilərin zəbtinin qarşısının alınması üçün tədbirlər həyata keçirib, cəzalar tətbiq etsək də, müəyyən müddətdən sonra həmin ərazilərdə əvvəlki problemlər yenə də müşahidə olunur. Azadlıq prospektində, Həsən Əliyev, Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli küçələrində və digər yerlərdə analoji acınacaqlı durum yaranıb.

- Maşınların evakuasiya məsələsi də narahatlıq doğuran məsələlərdəndir...

- Bir vaxtlar sürücülər idarə etdikləri avtomobilləri harda gəldi saxlayırdılar və nəticədə ciddi tıxaclar yaranırdı. Bu problemin həlli üçün respublikamıza evakuasiya avtomobilləri gətirildi və dayanmanı, durmanı düzgün etməyən maşınlar həmin avtomobillər vasitəsilə cərimə meydançalarına aparıldı. Məqsəd isə tıxacların qarşısının alınması və sürücülərin məsuliyyət hissinin artırılması idi. "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulub ki, yolların kəsişmə və birləşmə hissəsindən ən azı 15 metr aralıda maşın saxlamaq olar. Ancaq bu tələbə əməl etməyənlər, tıxac yaradanlar hələ də var. Belə sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün evakuasiya avtomobilləri və həmin maşınların evakuasiyası mütləq lazımdır. Ona görə də evakuasiya proseslərinin reallaşdırılması nəticəsində paytaxtda tıxac halları xeyli azalıb. Bu baxımdan da evakuasiya bu günün və zamanın tələbidir. Onu da deyim ki, içərisində adam olan avtonəqliyyat vasitələri evakuasiya prosesinə cəlb edilmir.

- Son zamanlar sirena səsli və yüksəktonlu səs siqnallarından və gözqamaşdırıcı lampalardan avtomobillərdə istifadə edənlərə də rast gəlinir...

- Doğrudur. Qeyd etdiyiniz səs siqnalları hər bir vətəndaşı ciddi narahat edir. Elmi əsaslarla sübuta yetirilib ki, bu cür siqnallar insanlarda müxtəlif epidemiyalar əmələ gətirir. Çox qəribədir ki, biz səs siqnalları vasitəsilə salamlaşırıq, sağollaşırıq, kimisə evdən çağırırıq, ailə qururuq, sevinirik və digər hərəkətlərə yol veririk. Bu cür mental xüsusiyyətlərimiz üzündən yaranan narahatlıqda yol polislərinin heç bir günahı yoxdur. Çünki bununla bağlı cəza tədbirləri də lazımi effekt vermir. Təkcə cari ilin yanvar ayında bu cür qanunsuz hərəkətə yol verən 40-a yaxın sürücüyə inzibati protokol tətbiq etmişik və onlarla bağlı tədbir görülməsi sənədləri yerli məhkəmələrə göndərmişik. Məhkəmələr isə həm səs siqnallarının müsadirəsi, həm də sürücülərin cərimələnməsi üçün qərarlar çıxarıblar. Biz bu cür tədbirləri "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinin 155.7 maddəsinə uyğun olaraq davam etdiririk. "Yol hərəkəti haqqında" qanunun 73-cü maddəsinin tələbinə uyğun olaraq biz işıq cihazlarından düzgün istifadə olunub-olunmamasına da nəzarət edirik. Bəzi avtonəqliyyat vasitələrində qeyri-standart işıq cihazlarından və lampalardan istifadə olunur. Onlar sürücülərin görmə qabiliyyətini zəiflədən və hətta onları kor etmək qabiliyyətinə malik lampalardır. Məhz bu cür lampalardan istifadə nəticəsində də yol-nəqliyyat hadisələri qeydə alınır. Ona görə də biz bu cür işıq cihazlarından və lampalardan istifadəyə qadağa qoymaq üçün də reydlər həyata keçiririk.

- Əgər təbliğat işləri lazımi səviyyədə təşkil olunarsa, çoxsaylı problemlərin çözülməsi mümkündürmü?

- Respublikamızda bütün sahələr üzrə yüksək sürətli inkişafın getdiyi bir dönəmdə yol mədəniyyətinin aşağı səviyyədə olması, milli mentalitetimizə xas olan xasiyyətlərimizə uyğun hərəkətlərə yol vermək çox ağır nəticələrə gətirib-çıxarıb. Çünki biz sərbəst olaraq öz hərəkətimizi idarə edə, tənzimləyə bilmirik. Məsələn, Zərifə Əliyeva və Bülbül prospektlərinin kəsişməsində işıqfor olsa da, orada tıxacın yaranmaması, səs siqnallarının verilməsinin qarşısının alınması üçün hər gün bir yol polisi əməkdaşı mütləq xidmət aparır. Həmin əməkdaşımız ən azı 1 saat orada dayanıb hərəkəti nizamlamağa çalışır. Bizim nə qədər müfəttişimiz olmalıdır ki, onlar bütün yollara nəzarət edə bilsinlər. Yol nişanları, işıqforlar olduğu halda yolayrıcılarında yol polislərinin hərəkəti nizamlamaq üçün nizamlayıcı rolunda xidmət aparması çox acınacaqlı haldır. Cari ilin yanvar ayının 6-dan üzübəri yeraltı və yerüstü piyada keçidlərinin ətrafında yol polisləri təbliğat xarakterli müşahidələr aparır. Bu keçidlər müasir standartlara və tələbata uyğun tikilsə də, onlardan istifadə etməyənlər də çoxdur. Bu səbəbdən də təyin olunmayan yerlərdən keçən piyadaların vurulması halları çoxalıb və paytaxt üzrə qeydə alınmış ümumi yol qəza hadisələrində piyada vurma halları üstünlük təşkil edir. Ona görə də həyəcan siqnalı verilməlidir. Xüsusilə də məktəbyaşlı uşaqların vurulması hallarının çoxalması daha ciddi narahatlıq doğurur. Əgər təyin olunmayan yerlərdən keçən piyadaların günahı üzündən yol-nəqliyyat qəzaları baş verirsə, həmin piyadalar inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunurlar. Ona görə də ilk növbədə yol mədəniyyətinin yüksəldilməsi üçün ciddi təbliğat aparılmalıdır.

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 5-7 fevral.- S. 8-9.