"Təmtəraqlı ad günlərindən acığım gəlir"

 

Yusif Günaydın: "Canlı efir insanın bütün enerjisini alır"

 

Onun haqqında kimlər xoş sözlər deməyib. Akademik Bəkir Nəbiyev, rəssam Fərhad Xəlilov, xalq artisti Habil Əliyev, kinorejissor Oqtay Mirqasımov, xalq artisti Ramiz Məlik və daha kimlər, kimlər... Deyilən sözlərin hamısında isə mükəmməl bir insan portretinin cizgiləri sərgilənir. Peşəkar televiziya işçisi, pedaqoq Yusif Günaydındır bu sözlərə layiq görülən insan. Ömrünün 60 ilini yola salıb, 7-ci onilliyinə qədəm qoyan yubilyarla elə çalışdığı "İctimai Televiziya"da görüşüb, doğum günü təəssüratları ilə yanaşı, bir çox mövzuya da toxunduq.

- Zamanın çox iti axarı var. Deyirlər 20 yaşadək illər sürünür, 30 yaşadək qaçır, 30-dan sonra isə uçur. Bu həqiqətən belədir, heç bilmədim illər hardan gəldi, hardan getdi. Ümumiyyətlə, mən bioqrafiyamı şərti olaraq 2 mərhələyə bölürəm: 1990-cı ilin yanvarına qədər olan mərhələ ondan sonrakı dövr. Aldığım tərbiyə, böyüdüyüm mühit, təhsilimdən, mütaliəmdən çıxardığım nəticələr, özəlliklə sovet ordusu sıralarında xidmət etdiyim zaman apardığım müşahidələr mənə belə qərara gəlməyə əsas verirdi ki, sovet quruluşu saxta, bayağı quruluşdur. Uzun illər dostluq etdiyim, müxtəlif elmi-bədii layihələr üzərində birgə çalışdığım Xəlil Rza Ulutürk həmişə deyərdi ki, XX əsrdə imperiyalar 100 ildən artıq ayaq üstə duruş gətirə bilməz. Bolşeviklərin qan üzərində qurduğu sovet imperiyası azadlıq carçısı şairin təxminindən tez çökdü. Amma doğrusu, düşünmürdük ki, 200 ilə yaxın bir dövr ərzində gözümüzün yağını yedirtdiyimiz "böyük qardaş" yenə qonşuları canımıza salacaq, yenə bizi erməni gülləsinə düzəcək. Təəssüf ki, təkrar olundu. 90-cı il mənim ömrümün ən qaynar, ən enerjili çağı idi. Lakin "20 Yanvar" faciəsi məni çox sarsıtdı. Bir çox elmi, bədii yaradıcılıq layihəsindən imtina etməli oldum, hamı kimi mən ağır böhranlı günlər yaşadım. Belə olmasaydı, elmi işimi davam etdirərdim. Bu yaşa çatmışam, amma hələ elmi yaradıcı potensialımı gerçəkləşdirə bilməmişəm.

- Elə bil, nədənsə, 60-ı pessimist əhvali-ruhiyyədə qarşılayırsınız?

- Xeyr, tam pessimist deyiləm, dönüb arxaya baxanda görürəm ki, uğurlarım daha çox olardı. Amma özümüzdən asılı olmayan səbəblər bir çox istəyimizi yerinə yetirməyə imkan vermədi. Yenə də şikayətçi deyiləm, bu illər ərzində tamaşaçı və dinləyici rəğbəti qazanmışam.

- Ümumiyyətlə, ad günlərinizi necə qeyd edirsiniz?

- 50 illiyimi də, 55 yaşımı da çox geniş şəkildə dostlarımla, tanışlarla birgə qeyd etmişəm. 60 illiyi isə rəssam dostlarımla qeyd etməyi düşünürəm. Amma təmtəraqlı ad günlərindən elə əvvəldən acığım gəlirdi.

- Hazırda siz daha çox televiziya işçisi kimi tanınırsınız və bu sahədə kifayət qədər təcrübəniz var. Sizcə, son zamanlar bu sahənin kəskin tənqidlərə məruz qalmasının səbəbi nədir?

- Bütün tarix boyu televiziyaya qarşı müsbətdən çox mənfi rəy olub. Çünki televiziya hər gün evimizin çağırılmamış qonağıdır. Bütün insanların zövqünü oxşamaq da çox çətin məsələdir. Qərbdə televiziya daha çox tənqid olunur, nəinki bizdə. Televiziya işçisi olaraq isə məni ən çox mütəəssir edən məsələ telekanallarda Azərbaycan dilinə olan münasibətdir. Televiziyada işləyən hər hansı aparcı dilin qanunauyğunluqlarını bilməlidir. Azərbaycan dilində sərbəst düşünməyi, danışmağı bacarmalıdır. Amma vəziyyət başqa cürdür. Efirdə reklamların səsləndirilməsi, mətninin düzgün tərcümə olunmaması dilimizi bərbad hala salıb. "Kariyesdən dadlı müdafiə", "zövq-ətir qüvvəsi" kimi uyğunsuz sözlər axı bizim dilimiz üçün deyil. Böyüməkdə olan nəsil də elə bilir ki, Azərbaycan dilimiz budur. Reklam mətni ilə peşəkarlar məşğul olmalıdırlar. İdiomatik ifadələri hərfi tərcümə edirlər. Gözümüz görə-görə dilimizi bərbad hala salırlar. Hər dəfə verilişlərimdə mən də çalışıram ki, bu mövzuya yer ayırım. Bu məsələyə Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Elçin, Sabir Rüstəmxanlı kimi illərdir dilimizin qorunması uğrunda çalışan insanlarla toxunmuşuq. Amma hələ ki, ortada əməli işlər görünmür. O ki qaldı əyləncəli verilişlərin telekanallarda çox yer almasına, hesab edirəm ki, mentalitetimizə yad olan bayağı şouları, adı əyləncəli olub özü əyləncədən uzaq olan verilişləri tam şəkildə efirdən yığışdırmaq mümkün deyil. Hər hansı qadağa ilə nəyəsə nail olmaq çıxış yolu ola bilməz. Sadəcə, hər kəs öz ailəsini bu verilişlərdən qorumalıdır. Qərbdə müxtəlif üsulları tətbiq etməklə bu yolu artıq çoxdan keçiblər.

- Siz həm də hələ 80-ci illərdə çox populyar olan "Dalğa" verilişinin aparıcılarından biri idiniz. İndiki verilişinizi də uğurlu televiziya layihəsi saymaq olar. Sizcə, verilişi baxımlı edən onun hansı xüsusiyyətidir?

- "Dalğa" ona görə populyar idi ki, ilk dəfə bu verilişdə bizə tənqid etmək imkanı verilmişdi. O dövrdə adi sosial problemlərə toxunmaq qəhrəmanlıq sayılacaq bir iş idi. "Dalğa"dan məmurlar qorxurdular, camaatın bu verilişə günü-gündən marağı artırdı. Amma dövran dəyişəndən sonra, Ermənistandan qovulan qaçqınların vəziyyətini gördükdən sonra başa düşdük ki, indiyədək bizim toxunduğumuz mövzular heç nə imiş və başladıq bu istiqamətdə materialları efirə verməyə.

Hazırda "İctimai Televiziya"da efirə gedən "Qərib axşamlar" verilişinə gəlincə isə onu deməliyəm ki, mən az-çox televiziya təcrübəsi olan bir şəxs kimi bilirdim ki, bu veriliş uğur qazanacaq. Çünki Azərbaycan teleməkanında qürbətçiliklə bağlı sahə boş idi və bilirdik ki, bu verilişin yeri olacaq. Mən professional çalışmalarıma 21 yaşlı gənc mütəxəssis kimi Rusiyada - Uzaq Qərbi Sibir televiziyasında başlamışam. Peşəkar fəaliyyətimlə bağlı Rusiyanın müxtəlif bölgələrində ezamiyyətdə olmuşam. Hələ o zamanlardan bilirdim ki, uzaq yerlərlə əlaqəli verilişlər baxımlı olur. Şadam ki, belə reytinqli veriliş yaranıb. İndiyədək "Qərib axşamlar"a yüzlərcə şeir yazılıb, haqqında xoş sözlər deyilib. Dünya azərbaycanlılarının görüş yerinə çevrilib bu veriliş. Düzdür, canlı efir insanın bütün gücünü, enerjisini alır, amma nəticəni uğurlu görüncə bütün yorğunluq yaddan çıxır. Canlı efir həm də çox məsuliyyətlidir. Səndən başqa neçə nəfər çalışsa da, yenə də ürəyində bir nigarançılıq olur ki, nəsə birdən hansısa xoşagəlməz hal baş verə bilər.

- Sizin üçün "Qərib axşamlar"ın ən yaddaqalan buraxılışı hansı olub?

- Verilişin bütün sayları mənim üçün yaddaqalandır. Amma bir dəfə canlı efirə şair Simax Şeydanın Münhendən zəng edərək qoşulması çox maraqlı oldu. O, verilişə çox gözəl bir şeir də yazmışdı və onu da oxudu:

 

Baxıram qürbətdən vətənə sarı,

Hər yoldan ötənə, keçənə sarı.

Bağrıma basıram uca dağları,

Çəkməyin Bakı üçün bunca

intizar,

Ah, qərib axşamlar, qərib

axşamlar.

 

Bir neçə dəfə olub ki, heç ağlıma gəlməyən yerlərdən, məsələn, Tundradan-Çukot yarımadasından gələn zəng məni təəccübləndirdi. Heç vaxt bilməzdim ki, bu yerlərdə yaşayan soydaşlarımız da bizi izləyirlər.

Ömrümün ən yaddaqalan Yeni il gecəsini də məhz "Qərib axşamlar"da qarşılamışam. Həm Dünya Azərbaycanlılarının Həmrəylik gününü, həm də 2011-ci ili dünyadakı soydaşlaramızla birgə canlı efirdə qarşlamağımızı da heç vaxt unutmayacağam.

- Verilişin adı və ideyası kimə məxsusdur?

- Ümumiyyətlə, bu verilişin adı da, ideyası da "İctimai Televiziya"nın direktoru İsmayıl Ömərova məxsusdur. Ümumi layihənin müəllifi İsmayıl müəllim, ayrı-ayrı ssenarilərin müəllifi isə mənəm.

- Sizcə, verilişi baxımlı edən hansı üstün cəhətləridir?

- Verilişin əhalinin bütün yaş təbəqələrinə uyğun olması, bir çox sahəni əhatə etməsi diqqəti çəkir.

Burada idmançı qonağımız da olur, həkim də, müəllim də. Eləcə də Azərbaycanın görkəmli insanları bizim söhbətlərimizə qatılır, fikirlərini bölüşürlər. Bundan əlavə, xaricdə yaşayan həmvətənlərimiz də həm telefon vasitəsilə, həm də canlı bizim qonağımız olur və bizə də çox xoşdur ki, bu müddət ərzində istədiyimizə nail olmuşuq.

- Çoxu sizin əsl soyadınızı heç bilmir. "Günaydın" təxəllüsünü götürməyinizə səbəb nə olub?

- Bu təxəllüsü Xəlil Rza Ulutürk mənə hələ uşaq ikən verib. Məktəbdə ustad şairimiz Şəhriyarla bağlı tədbir keçirilirdi. O zaman Xəlil bəy mənə dedi ki, istəyirsən, o tədbir barədə məqalə yaz, qəzetdə çap edək. Mən də yazdım. Yazının altındakı imzamı əvvəlcə Bağırlı edən Xəlil Rza sonradan dedi ki, gəl sənə "Günaydın" təxəllüsü verək və yazının altına bu imzanı qoydu. Amma sonradan məhz bu imzaya görə yazının çap olunmasına icazə verməmişdilər. 1987-ci ildən isə bu təxəllüsü birdəfəlik adımla birgə daşımağa qərar verdim.

 

 

Naibə Qurbanova

 

Həftə içi.- 2011.- 5-7 fevral.- S. 12.