Sahibkarlığın inkişafına
daha bir dəstək
Bu gün korrupsiya,
rüşvətxorluq və digər neqativ hallara qarşı
mübarizə Azərbaycan hökumətinin həyata
keçirdiyi siyasətin strateji istiqamətlərindən
biridir. Artıq sözügedən məsələdə
müsbət dəyişikliklərə imkan verəcək
mükəmməl hüquqi baza formalaşdırılıb,
şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya
və fəaliyyət planı təsdiq olunub.
Eyni zamanda Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi
və digər müvafiq qurumlar bütün gücləri ilə
fəaliyyətlərini davam etdirirlər. Ümumiyyətlə,
cəmiyyətin istənilən sahələrində, o
cümlədən iqtisadi sektorda rüşvətxorluğa və
korrupsiyaya qarşı daha ciddi sistemli mübarizənin
aparılması üçün konkret istiqamətlər
müəyyənləşdirilib, aidiyyəti qurumlar
qarşısında mühüm vəzifələr qoyulub. Məhz
Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyanın sədri
Ramiz Mehdiyevin də son çıxışlarında ölkəmizdə
korrupsiyaya qarşı effektiv işlərin
görüldüyü, iqtisadiyyatın bir sıra sahəsinə
və özəl sektora süni müdaxilələrin
qarşısının alınması yönündə zəruri
addımlar atıldığı vurğulanır. Təbii ki,
bütün bu işlər ölkə
başçısının göstərişi əsasında
həyata keçirilir və ayrı-ayrı qurumlar tərəfindən
rüşvətxorluğa qarşı mübarizənin formal
xarakter daşımaması xüsusi olaraq önə çəkilir.
Özünü doğrultmayan məmurlar işdən
kənarlaşdırılır
Qeyd edək ki,
adıçəkilən komissiyanın məlum iclasından
sonra ayrı-ayrı nazirlik və komitələr hərəkətə
keçib. Artıq müvafiq qurumların struktur bölmələrində
islahatlara başlanılıb, işində nöqsanlara yol verən
xeyli sayda məmur vəzifəsindən kənarlaşdırılıb,
bəzilərinə isə ciddi töhmət verilib.
Bundan başqa, nazirliklərdə
keçirilən operativ müşavirələrdə iqtisadiyyatdakı
inhisarçılıq meyillərinin qarşısının
alınması, azad rəqabət mühitinin
yaradılması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən
aparılan əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa
və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə
aparılması aidiyyəti dövlət orqanlarının əsas
vəzifəsi kimi qarşısına qoyulduğu
vurğulanıb. Digər tərəfdən ayrı-ayrı
qurumların struktur bölmələrində şəffaflığın
artırılması üçün işçilərə
müvafiq göstərişlər verilib. Eyni zamanda vətəndaş,
o cümlədən sahibkar müraciətlərinə mahiyyəti
üzrə baxılması və onların vaxtında,
düzgün cavablandırılması məsələsi
üzərində dayanan nazirlər bu sahədəki mövcud
nöqsanların tamamilə aradan qaldırılması məqsədilə
zəruri tapşırıqlarını veriblər. Məsələn,
İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi sahibkarlarla
bilavasitə işləyən qurumları öz vəzifə
öhdəliklərini icra edərkən şəffaflığın
tam təmin edilməsinə nail olmağa, onların üzləşdiyi
problemlərə həssaslıqla yanaşmağa,
sahibkarların maraqlarının təmin olunması istiqamətində
fəaliyyətlərini gücləndirməyə
çağırıb.
Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Kərəm Həsənov
isə öz işçiləri qarşısında özəlləşdirmə
və hərracların təşkili prosesində şəffaflığın
təmin edilməsini, sənədləşdirmədə
rüşvət hallarına yol verilməməsini, daxil olan
müraciətlərin operativ şəkildə
cavablandırılmasını əsas vəzifə kimi qoyub.
Maliyyə Nazirliyinin rəhbərliyi də vəzifə səlahiyyətlərindən
sui-istifadə edən işçilərinə xəbərdarlıq
edərək onlara fəaliyyətlərində
dönüş yaratmaq barədə göstəriş verib.
Ekspertlərin qənaətincə,
bütün bunlar onu göstərir ki, Azərbaycan hökuməti
ölkədə iqtisadi mühitin
yaxşılaşdırılmasında, inhisarçı
meyillərinin aradan qaldırılmasında və
sahibkarların hüquqlarının qorunmasında
maraqlıdır. Mütəxəssislər həmçinin
sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara
qarşı kənar müdaxilələrin aradan
qaldırılmasının iş adamlarının psixoloji
durumuna müsbət təsir göstərəcəyini də
bildirirlər.
"Hökumət qərarlıdır"
Milli Məclisin iqtisadi
siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov
da bu istiqamətdə həyata keçirilən işləri
müsbət qiymətləndirir. Onun sözlərinə
görə, hökumətin atdığı addımlar neqativ
halların aradan qaldırılmasında qərarlı
olduğunu göstərir: "Əslində ölkə
prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin
iclasında da məsələ ciddi şəkildə
müzakirə edilib, dövlət başçısı
bununla bağlı nazirlərə müvafiq göstərişlər
verib. Daha sonra Prezident Administarasiyanın rəhbəri Ramiz
Mehdiyevin son tapşırıqları ayrı-ayrı
qurumları hərəkətə gətirdi. Ümumiyyətlə
isə korrupsiyaya qarşı müxtəlif qurumların
yaradılması, hüquqi bazanın
formalaşdırılması onu deməyə əsas verir ki,
hökumət bu işdə, doğrudan da, qərarlıdır
və neqativ hallara qarşı mübarizəni sona qədər
aparmaq niyyətindədir. Digər tərəfdən
hazırda ölkədə sahibkarlığın
inkişafı məqsədilə biznes mühitinin
yaxşılaşdırılması, bu sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsi,
yerli və xarici investisiyaların, qabaqcıl
texnologiyaların, müasir tələblərə cavab verən
müəssisələrin yaradılması, yüksək
keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların
istehsal edilməsi Azərbaycanın müəyyən etdiyi
iqtisadi inkişaf strategiyasının əsasını təşkil
edir. Bundan başqa, sahibkarlıq fəaliyyətinə mane olan
bürokratik əngəllərin və yoxlamaların aradan
qaldırılmasına yönəldilmiş bir sıra sənəd
qəbul olunub. Amma biz yenə də həm yerli, həm də
xarici investorların ayrı-ayrı qurumlar tərəfindən
incidilməsi, əsassız yoxlamalara məruz qalması
halları ilə rastlaşırıq. Təbii ki,
bütün bunların aradan qaldırılması
üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Yəni yalnız bir qurumun fəaliyyətində
dönüş yaratmaqla problemi aradan qaldırmaq
qeyri-mümkündür. Bu baxımdan hazırda sahibkarlıq
subyektləri ilə işləyən bütün nazirlik və
komitələrin prosesə cəlb edilməsi təqdir
olunmalıdır".
Maliyyə vəsaitlərinə çıxış
imkanı artırılmalıdır
Millət vəkili məhz
bu məsələdə Sahibkarlığa Kömək Milli
Fondunun fəaliyyətində şəffaflığın tam
şəkildə təmin olunmasını zəruri sayır:
"Hesab edirəm ki, sahibkarların maliyyə vəsaitlərinə
çıxış imkanlarının genişləndirilməsi
istiqamətində əlavə tədbirlər görülməli,
bu sahədə yeni təkliflər hazırlanmalıdır.
Digər tərəfdən ictimai nəzarətin gücləndirilməsi
məqsədilə sahibkarların maarifləndirilməsi,
hüquqi biliklərinin artırılması yönündə
müvafiq işlər daha da sürətləndirilməli,
özəl sektor üçün korrupsiya riskləri və
onların aradan qaldırılmasına dair davamlı proqramlar
həyata keçirilməlidir".
V.Əhmədov ölkədə
biznes mühitinin yaxşılaşdırılması
üçün sahibkarlıq fəaliyyətini tənzimləyən
qanunvericilik aktlarının təkmilləşdirilməsinin də
vacib olduğunu bildirir: "İlk növbədə
sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi,
əsassız yoxlamaların qarşısının
alınması, sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün tələb olunan icazəverici sənədlərin,
onların verilmə prosedurlarını tənzimləyən
qanunvericiliyin inventarlaşdırılması üzrə təkliflər
hazırlanmalıdır. Bundan başqa, sözügedən sahədə
mövcud olan paralelliyin aradan qaldırılması,
lisenziyaların və icazələrin verilməsi zamanı
dövlət qurumları ilə sahibkarlar arasında birbaşa
təmasın minimuma endirilməsi məqsədilə
informasiya texnologiyalarının geniş tətbiq olunması
kimi istiqamətlər də müəyyənləşdirilməlidir".
İnhisarçılıq meyilləri azalacaq və...
Millət vəkili
hökumətin başladığı tədbirlərin nəticəsinin
yaxın vaxtlarda cəmiyyətdə hiss olunacağını
da söyləyir. Onun dediyinə görə, həyata
keçirilən islahatlar həm də istehsal müəssisələrinin
daha da canlanmasına şərait yaradacaq: "Düzdür,
dünyanın istənilən yerində rüşvət və
korrupsiya hallarına rast gəlinir. Amma bizim ölkə
müstəqilliyinin 20 illiyinə
hazırlaşdığından belə neqativ faktorlar aradan
qaldırılmalıdır. O ki qaldı sahibkarlara xeyri
olub-olmamasına onların əlavə xərclərdən,
süründürməçilikdən canları qurtaracaq. Həmçinin
bazarda inhisarçılıq meyillərini azaldacaq ki, bu da məhsul
bolluğu ilə nəticələnəcək və qiymətlər
istər-istəməz aşağı düşəcək.
V.Əhmədov ictimaiyyətin,
vətəndaşların da korrupsiya, rüşvətxorluqla
mübarizədə fəallıq göstərməli
olduğunu və müvafiq qurumlara lazımi dəstək verməsinin
zəruriliyini vurğulayır: "Əhali bu işə biganə
yanaşmamalı və hansısa qurumda, idarədə
qarşılaşdığı neqativ hallarla bağlı
lazımi instansiyalara məlumat verməlidir".
Sevinc
Həftə içi.- 2011.- 5-7 fevral.- S. 13.