"37-nin xofu ədəbi tənqidin canından çıxmayıb"

 

İradə Musayeva: "Dünyada ən eybəcər oyun qaydasız döyüşlərdir, onun da qanunları var"

 

Müsahibim filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevadır.

 

- Çağdaş ədəbiyyatımızda ədəbi tənqidin zəifliyi özünü çox ciddi şəkildə göstərir. Tənqidçi kimi bunun səbəblərini nədə görürsüz?

- Gəlin görək, Azərbaycan ədəbiyyatında tənqidin ən güclü vaxtı hansı dövrdə olub? XIX əsrdə, sovet dövründə, yoxsa müstəqillik illərində? Məsələn, Stalinin ölümündən sonra bütün SSRİ-də yaranan yumşalma mərhələsi, yəni 60-cı illərdə istənilən sahələrdə müəyyən irəliləyişlər oldu, ancaq yenə də həmin dövrdə tənqidin zəifliyindən şikayətləndilər: tənqid ədəbiyyatla ayaqlaşmır dedilər.

37-nin xofu ədəbiyyatın canından çıxdı, tənqidin yox.

Əsas problem ondan ibarətdir ki, ədəbi tənqidin mahiyyəti, funksiyası, spesifikası haqqında təsəvvürü olmayanlar, ədəbiyyatın nəzəriyyəsini və tarixini bilməyənlər tənqidi iddialarıyla ədəbiyyata hücum edirlər (söhbət tərifləməkdən, ya pisləməkdən getmir).

Tənqidçinin yazıçıdan fərqi və bəlkə də üstünlüyü ondadır ki, o yazıçı qədər bədii, obrazlı qavrama və duyum həssaslığına malik olmaqla yanaşı, tənqid səlahiyyətini ona qazandıran analitik, elmi və məntiqi təfəkkürü ilə də seçilməlidir.

Yazıçının gördüklərini, üstəgəl, yazıçının özünü görməlidir. Yəni əsəri oxuya-oxuya yazıçı dünyanın nəyindən - hansı problemindən, hansı mövzusundan, hadisəsindən, ovqatından yapışıb onunla birlikdə olmalıdır. Əsəri oxuyub qurtarandan sonra yazıçı tənqidçinin obrazına, qəhrəmanına çevrilir. Onun qəhrəmanı artıq ədəbiyyatın yox, ədəbiyyat tarixinin qəhrəmanıdır və bu ədəbiyyat tarixinin qəhrəmanı ədəbiyyat qəhrəmanından öz cavabdehliyi, məsuliyyəti və qurama yox, canlı olması ilə fərqlənir. Yazıçı əsəri ilə bərabər, oxucunun və tənqidçinin qarşısında mühakimə olunur. Oxucu aldana və yanlış qərar çıxarda bilər, amma ədəbi sözün hakimi, hökm oxuyanı tənqidçidir. Tənqidçinin qanun məcəlləsi daim dəyişən, yeniləşən və modernləşən ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixidir (baxımayaraq ki, bunların hər ikisinin yenidən işlənməsinə ciddi ehtiyac var). Deməli, tənqidçi ədəbiyyatşünaslığın demokratik qanunlarının maddələrini dəyişmədən (təmənnasız və rüşvətsiz) bədii materiala yanaşsa, haqq-ədalət yerini alar və ədəbiyyatda irəliləyiş olar. Tənqidçi yazıçıdan qorxur. Çünki tənqidçi nəyi bilməli olduğunu bilmir. Bunu göydə tutan hətta ən zəif yazıçı, şair və dramaturq əks hücuma keçir və haqqı olmayan "nasir", "dramaturq", "şair" yarlığını özü öz yaxasından asır, "ağa Məzərəm, belə gəzərəm" deyir. Dünyada ən eybəcər oyun qaydasız döyüşlərdir, onun da qanunları var. Adicə qaydasız və qaydalı şeirin prinsiplərini dərk etməyən şair şizofreniya sindromundan törəyən bütün qıcıq və əsəblərin əks-sədasını kağıza töküb hamının gözünə soxur və "bu şeirdir" deyir. Tənqidçi də yuxarıda qeyd etdiyim savadsızlıq və tənqidi təfəkkürün yoxluğu ucbatından susmaq məcburiyyətində qalır. Dramatik nida ilə desək, budur ədəbi tənqidin faciəsi, bu!

- Eyni zamanda ədəbi tənqidlə alver edənlər bu sahəni hörmətdən salıblar...

- Düz deyirsiniz. Azərbaycanda ədəbi tənqid elə həmişə şübhəli sahə olub. Vaxtilə ədəbiyyatda özünü şübhəli aparanları tapmağı və "ciblərinə narkotik maddə qoymağı" tənqidçilərə tapşırırdılar. Düzdür, tutmağı və cəzalandırmağı hökumət özü edirdi. Amma tapmaq və şərləmək tənqidçinin özünün işi olub. Ancaq o tənqidçilər indikilərdən şükürlü idi. Heç olmasa onlar inanırdılar ki, partiyaya və sovet hökumətinin möhkəmlənməsinə işləyirlər. Bugünkülər (əlbəttə söhbət əsl tənqidçilərdən getmir və az da olsa bunlar var) bir qonaqlığa, bir yaxşı bazarlıq zənbilinə işləyirlər.

Görürsünüz, zaman dəyişdi, indi də siz deyirsiniz ki, ümumiyyətlə ədəbi tənqidin özündən şübhələnirsiniz. Nə deyim, vallah. "Şübhədir hər həqiqətin anası".

Bizi dünya ədəbiyyatına aparıb-çıxarsa, bəlkə bu bir-birimizdən şübhələnmələr, gümanlar, ehtimallar, falaçmalar aparıb çıxara. Yoxsa real vəziyyəti təhlil edib, vicdanla, ağıl və namusla ələ qələm almaq, sözünü Azərbaycan və dünya oxucusuna demək, eşitdirmək inadı və iradəsi bizi avara qoyar.

- Söz yox ki, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Vaqif Yusifli kimi tənqidçilərimiz var, amma onların imzası kifayət qədər ciddi deyil...

- Bu tənqidçilər sakinləri qaçmış torpaqların səngərində köməksiz döyüşən, belə demək mümkünsə, tənqid əsgərləridir. Professionallıq, intensiv yaradıcılıq cəfakeşliyi nümayiş etdirirlər. Amma təəssüflənirəm ki, hər birinin əlində jurnal, özləri də işin içində ola-ola çürük, yararsız köhnələrin, bayağı, qondarma yenilərin ətraflarında bu qədər artmasına susurlar. Saxta ədəbiyyat düzəldən, mənəviyyatları zorlayanlarla mədəni, üzr istəyə-istəyə danışmaq olmaz axı!..

- Bugünkü ədəbiyyatımızda, sizcə, şeir daha güclü inkişaf edir, yoxsa nəsr?

- Şeirdəki tapıntılar və yeniliklər diqqəti daha tez cəlb edir. Ancaq şairlərin özünütəkrarı və əksəriyyətinin nəsrə keçməsi çoxlu suallar doğurur. Ya sərhədlərini söküb atdıqları şeiri nəsr kimi "nisar" dağınıq, talan etdikləri, şeirdə nəsrləşmə əməliyyatı apardıqları üçün bunların arasında fərq görmürlər, ya da mövzu, ideya genişliyi daha sərbəst və irihəcmli janrlar tələb etdi. Ümumiyyətlə, heç bir yazıçıya janr, növ baryeri qoymaq olmaz, kim özünü nədə daha mükəmməl ifadə edə bilirsə, oraya üz tutsa, yaxşıdır. Konkret desək, nəsrdəki axtarışları daha çox hiss edirəm.

- "Ən yeni ədəbiyyat" seriyasında xeyli maraqlı kitab işıq üzü görüb. Demək olar ki, yazarlarımızı saymaqla qurtarmaz. Bəs güclü yazarlarımızı ortaya çıxarmaq kimin işidir?

- Ortaya çıxarmaq deyəndə ki, onlar elə ortalıqdadır. Əksinə, onları yerbəyer eləmək, layiq olduqları yerə qoymaq lazımdır və bu, günümüzün operativ ədəbi tənqidinin işi olmalıdır. Bu sualla siz məni qabaqladınız. Mən həmin seriyadan olan əsərləri oxumaq və obyektiv münasibət bildirmək istəyərdim. Belə bir seriya ilə kitab çıxarmaq özü müasir ədəbi mənzərəni təsəvvürdə də olsa, sistemə salmaqdır. Mən bu təşəbbüsü qiymətləndirirəm.

- Bütün bu giley-güzardan sonra demək olarmı ki, çağdaş ədəbiyyatımız inkişaf edir?

- Söhbət təkcə inkişafdan getmir, əsas məsələ ondadır ki, ədəbiyyat var və axtarışdadır. Gənclər arasında ədəbiyyatın on illərdir deyilməyən sözünü tapıb demək istəyən, özünü oraya-buraya çırpan (fərqi yoxdur, şərq, qərb, klassik, modern, postmodern və s. ədəbiyyatları ələk-vələk edən) insanlara və dünyaya sevgidən və ya nifrətdən təlatümə gələn, narahat yazarlar var. Elə bircə bu narahatlığa arxayın olmaq olar

- Tənqidçinin güclü mütaliəsi olur. Hazırda kimi oxuyursunuz və kimləri bəyənirsiniz?

- Tənqidçi mütaliəsi adi oxucu mütaliəsindən öz sistemliliyi, məqsədliliyi ilə seçilməlidir. Klassik və çağdaş Azərbaycan, dünya ədəbiyyatını izləməlidir. Diqqət yetirmisinizsə, son vaxtlara qədər ali məktəblərdə dünya ədəbiyyatının tədrisi XX əsrin əvvəlləri mərhələsi ilə bitirdi. Dünyanın ictimai-mədəni, sosial-siyasi və s. proseslərinin onun öz ədəbiyyatında əksini və bütün bu əksolunmadan 50-60, bəlkə də çox illər sonra xəbər tutmağımızı nəzərə alsaq, görün bizim ədəbi düşüncəmiz dünya ədəbi düşüncəsindən nə qədər geridədir. Bizim elə yazıçılarımız var ki, hələ də "Səfillər", "Kerri bacı"lar ovqatı və ideyası ilə "dublikat"lar isthesal edir.

Tənqidçi ən yeni dünya ədəbiyyatı nümunələrini yazıçıdan qabaq oxumağa çalışmalıdır ki, onu təkrarlayanlara, köçürənlərə irad tuta bilsin. Yoxsa "kəşf" kimi qəbul edib, "bəh-bəh"lə tərifləyirik, sonra məlum olur ki, bu "poddelka" imiş, "orijinal"ı filan ölkədə yazılıbmış

Hazırda isə çağdaş nəsrimizin gənc nümayəndələrinin əsərləri haqqında yazmaq istəyirəm. Ona görə də onları oxuyuram. Əlimdə olan kitab - Əsəd Qaraqaplanın "Xilas" romandır.

- Bu gün dünyada hər hansı bir əsərin məşhurlaşmasında ədəbi tənqidin rolu böyükdür. Elə götürək qardaş Türkiyəni, Orxan Pamukun əsərlərinə dünya şöhrəti gətirən tənqidçilərdir...

- Tənqidçi şöhrət paylamır. Şöhrəti yazıçı özü qazanır. Orxan Pamuk "Nobel" mükafatı alana qədər 30 ildə dünyanın ən məşhur 15 mükafatına layiq görülmüşdü. 60 çox dilə tərcümə edilib yüz ölkədə milyonlarca tirajla çap olunmuşdu. Yəni Orxan Pamukun əsərlərini dünya görüb qiymət verəndən sonra o, "Nobel" alıb. Düzdür, ilk romanının qiymətini 1982-ci ildə vətənində aldı. Amma 1985-ci ildə çap olunan "Ağ qala" romanına görə Qərb onu "Şərqdə doğulan yeni ulduz" adlandırdı. Şübhəsiz, ümidverici yazarı ilk növbədə onun öz tənqidçisi görməli, qiymətləndirməli və dünyaya təqdim etməlidir.

 

 

Arzu Abdulla

 

Həftə içi.- 2011.- 5-7 fevral.- S. 14.