"Kitabxanaların intellektual,
tələbkar oxucuya ehtiyacı var"
Arzu Soltan:
"Bəzi illərin
tamamilə tarixdən
silinməsini istərdim..."
Müsahibimiz N.Nərimanov
adına kütləvi
kitabxananın direktoru,
Azərbaycanda və onun hüdudlarından kənarda tanınmış
məşhur jurnalist,
"Çox yaşa",
"Uşaq teatrı"
qəzetinin və
"Diplomat körpəm" uşaq jurnalının baş redaktoru Arzu Soltandır. Arzu xanım eyni zamanda Bakı
Uşaq Teatrının
nəzdində fəaliyyət
göstərən və
əsasən uşaq hüquqları sahəsində
layihələr həyata
keçirən "Forumclub"un
rəhbəri və eyniadlı teatrda ədəbi hissə müdiridir.
O, bir sıra televiziya verilişinin və uşaq filminin ssenari müəllifi, eyni zamanda ABŞ-ın "Save the Children" təşkilatının
layihəsi əsasında
hazırlanmış "Quşcuğazın
hekayətləri" uşaq
verilişinin ssenari müəlliflərindən biridir.
- Arzu xanım, gənclərin və ümumiyyətlə insanların
mədəniyyət ocaqlarına,
xüsusilə kitabxanalara
olan marağı sizi qane edirmi?
- Mədəniyyət
ocaqlarına, kitabxanalara
maraq dar çərçivədədir. Amma buna görə
yalnız gənc nəsli günahlandırmaq
olmaz. Onlara nümunə göstərən
azdır. Çox az müəllim, həkim, hüquqşünas
kitabxanaya üz tutur, muzeyə və ya teatra
gedir. Satıcı, ofisiant, avtobus sürücüsündən isə
heç danışmağa
dəyməz.
- Rəhbərlik etdiyiniz
kitabxanaya gündə
nə qədər oxucu müraciət edir? Oxucularınız əsasən hansı yaş qrupunu əhatə edir?
- Azərbaycan
xalqının görkəmli
ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan
kütləvi kitabxana
Badamdar qəsəbəsində
yeganə kitabxanadır.
Məlumat üçün
deyim ki, Bakıda ilk ictimai kitabxana-qiraətxananı da
1894-cü il avqustun
1-də məhz Nəriman
Nərimanov açıb.
Bizim kitabxanaya gün ərzində 15-20,
bəzən daha çox oxucu müraciət edir. Onların arasında məktəblilər və
tələbələr üstünlük
təşkil edir. Oxucularımızın sırasında
evdar qadınlar, gənc analar, yaşlı nəslin nümayəndələri də
var.
- Kitabxanaya oxucu cəlb etmək üçün hansı tədbirləri görürsünüz?
- Kitabxanada
sərgilər, görüşlər,
"dəyirmi masa"lar
keçiririk. Badamdar qəsəbəsində yerləşən
parklarda səyyar kitabxanalar təşkil edirik. Oxucuların maraqlarını müəyyənləşdirmək
üçün sorğular
aparırıq. Bundan başqa, kitabxanadan telefon vasitəsilə evlərə də kitab sifariş etmək olar. Bu layihə ötən ildən Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
bütün kitabxanalarda
həyata keçirilməyə
başlayıb və uğurlu hesab olunduğu üçün
bu il də
davam etdirilməsi qərara alınıb.
- Bu yaxınlarda Azərbaycan
dastanlarını audiokitab
formasında çap edib oxucuların ixtiyarına verdiniz. Bu layihəni uğurlu hesab etmək olar? Ümumiyyətlə,
gələcəkdə belə
layihələrin davam
etdirilməsi nəzərdə
tutulurmu?
- Bildiyiniz
kimi, Açıq Cəmiyyət İnstitutu
- Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyimiz layihə çərçivəsində
ölkə prezidentinin
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi" haqqında
sərəncamı əsasında
nəşr olunmuş
"Azərbaycan dastanları"
(5 cilddə) kitablarının
audiokitab variantı hazırlanıb. Audiokitablar
müxtəlif kitabxanalara
və təhsil müəssisələrinə yayılıb.
Hesab edirəm
ki, bu çox
uğurlu layihədir.
Müasir texnologiyaların
həyatımıza sürətlə
daxil olduğu bir dövrdə kitabı oxumaq əvəzinə dinləmək
istəyənlər də
daha çox ola bilər. Audiokitab həm də görmə qabiliyyəti zəif olanlar, avtomobil sürənlər və
s. oxucu-dinləyicilər üçün
faydalıdır. Odur ki gələcəkdə nəinki dastanlarımızı
və şifahi xalq ədəbiyyatının
başqa nümunələrini,
eləcə də geniş oxucu kütləsi üçün
maraq və əhəmiyyət kəsb
edən bütün kitabları səsləndirmək
lazımdır.
- Rəhbəri olduğunuz
kitabxananın təhsil
müəssisələri ilə
əməkdaşlığı nə dərəcədədir?
- 2010-cu il
ölkəmizdə "Ekologiya
ili" kimi qeyd olunurdu. Nərimanov adına Kütləvi Kitabxana olaraq biz bu münasibətlə
il ərzində "Təbiət mənəm"
adlı layihə həyata keçirdik. Layihə çərçivəsində
müxtəlif təhsil
müəssisələrində ekologiya ilə bağlı seminarlar və görüşlər
təşkil olundu. Maarifləndirici filmlərdən
ibarət "Təbiət
mənəm" adlı
CD çoxaldılaraq məktəblilərə
paylandı. Bu işdə
bir sıra təşkilatdan da dəstək aldıq.
Daha sonra ötən il "Azərbaycan arxeologiyası
məktəblilərin gözü
ilə" adlı layihə gerçəkləşdirildi.
Milli Tarix Muzeyi və "Miras" Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyi ilə birlikdə qoşulduğumuz
bu layihədə də məktəblilər
fəal iştirak etdilər. Bütün tədbirlərimizdə kitabxanamızda
fəaliyyətə başlamış
"Yeni isteadadlar"
Uşaq və Gənclər Təşkilatı
əsas qüvvəmiz
olub.
Badamdar qəsəbəsində
yerləşən 236 və
239 saylı məktəblərlə
əməkdaşlığımızdan çox razıyam və yeri gəlmişkən,
bu təhsil ocaqlarının rəhbərliklərinə
təşəkkürümü bildirmək istəyirəm.
- Bizdə olan məlumata görə, rəhbərlik etdiyiniz kitabxana Azərbaycanda işləyən bir sıra beynəlxalq qurumla sıx əməkdaşlıq edir.
Bu haqda məlumat verməniz maraqlı olardı...
- Kitabxananın
fəaliyyəti üçün
faydalı ola biləcək hər bir qurumla əməkdaşlıq
etməyə çalışırıq.
Xüsusilə də kitablar, oxucular üçün faydalı
vəsaitlər nəşr
edən yerli və beynəlxalq qurumlarla münasibət qurmağa çalışırıq
ki, onları biz də əldə edək. Bundan başqa, ən müxtəlif mövzularda
təşkil etdiyimiz tədbirlərdə bu qurumların mütəxəssisləri
bizə dəstək olurlar. Məsələn, Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisini yoluxucu
xəstəliklər və
onların profilaktikası
haqqında danışmağa
dəvət ediriksə,
"bp" şirkətinin
nümayəndəsi oxucularımıza
ətraf mühitin qorunması, eləcə də uğurlu karyera qurmağın yolları barədə danışır. Hazırda
kitabxanada davam edən maraqlı işlərdən biri
"Leqo-robotlar" layihəsidir.
"bp" şirkətinin
xətti ilə Norveçdən gəlmiş
mütəxəssisər həftədə
bir dəfə oxucularımıza leqo-robotlar
qurmağı və onları kompüterlər
vasitəsilə proqramlaşdırmağı
öyrədirlər.
- Adətən xaricdə
fəaliyyət göstərən
kitabxanalarda oxuculardan birinin qəzet oxuması, birinin internetlə məşğul
olması, başqa birinin isə film seyr etməsinin şahidi oluruq. Lakin bizdə bu təcrübə tətbiq olunmur
- Hazırda
"Azərbaycanda 2008-2013-cü illərdə kitabxana-informasiya
sahəsinin inkişafı
üzrə dövlət
proqramı" həyata
keçirilir. Proqram çərçivəsində xeyli iş görülüb
və görülməkdədir.
Yaxın gələcəkdə
bunları yalnız filmlərdə deyil, gerçəkdə də
görəcəksiniz.
- Atalarımız demişkən:
"Rəqabət olmayan
yerdə heç bir irəliləyişdən
söhbət gedə bilməz". Amma çox təəssüf
ki, Azərbaycanda fəaliyyət göstərən
kitabxanaların bir-biri
ilə rəqabət aparması gözə dəymir. Belə olan halda inkişafa
nail olmaq nə dərəcədə düzgündür?
- Kitabxanaçılıq
bir qədər fərqli sahədir. Burada rəqabətə yox, qarşılıqlı
dəstəyə və
əməkdaşlığa ehtiyac var. Bir də ki, bu
sahənin inkişaf etməsi üçün
tələbat olmalıdır.
Yəni oxucu olmalıdır. Yüksək
intellektual səviyyəyə
malik, tələbkar oxucu. Oxucunun yetişməsi üçün
valideyn də, müəllim də, kitabxana da çalışmalıdır.
- Siz ixtisasca jurnalistsiniz. Bir vaxtlar mətbuatda tez-tez Arzu Soltan
imzasına rast gələrdik. Amma indi bu imzaya
az-az rast gəlmək olur. Yazmaqdan yoruldunuz?
- Ehtiyac duyanda yazıram.
- Bir sıra adam hesab edir
ki, jurnalistka sahəsində pul yoxdur. Bunun üçün
də həmin şəxslər öz sənətlərinə əlvida
deyirlər. Bəlkə
Arzu Soltanda da belə fikirlər
formalaşır?
- Pul hər şeyi həll etmir. Məsələnin mənəvi
tərəfləri daha
güclüdür. Məhz
Arzu Soltandan söhbət gedirsə, kitabxana direktoru olaraq ayda 130 manat maaş alıram. Amma bununla belə, hansı sahədə çalışmağımdan asılı olmayaraq məqsədim və əqidəm dəyişmir.
- Bildiyim qədər
fevral ayının 2-də
öz ad gününüzü
qeyd etdiniz. Maraqlıdır, əsasən
ad gününüzü necə
keçirirsiniz?
- Ailəmlə
bir yerdə gəzintiyə çıxıram.
- Bəzi adamlar
ad günündə kədərlənir
ki, 1 il də arxada qaldı. Sizdə belə hisslər yaranırmı?
- İldən-ilə
fərq var. Ölkənin,
cəmiyyətin, ailəmin,
şəxsən özümün
taleyimdə oynadığı
roldan asılı olaraq bəzi illərin heç bitməməsini, bəzilərinin
isə tamamilə tarixdən silinməsini istərdim...
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 5-7 fevral.- S. 15.