Həmsədrlər Bakıdadır
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında vasitəçilik
missiyasını üzərinə götürmüş ATƏT-in
Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor
Popov (Rusiya), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi Anjey
Kasprşik (Polşa) bu gün Azərbaycana gəliblər. Fransadan
olan həmsədr Bernar Fasye hava limanında jurnalistlərə
bildirib ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi sabah prezident
İlham Əliyev, xarici işlər və müdafiə nazirləri
ilə görüşəcəklər. Diplomat deyib ki, səfər
missiyası tam başa çatmadığı, Azərbaycan
prezidenti İlham Əliyevlə görüşmədiklərinə
görə səfər barədə hər hansı şərh
vermək istəmirlər. Bernar Fasye Ermənistanda prezident Serj
Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə
naziri Seyran Ohanyanla görüşdüklərini deyib. Qeyd edək
ki, vasitəçilərin regiona səfəri fevralın 9-da
başlayıb.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin
regiona səfəri çərçivəsində Xankəndiyə
baş çəkmələri nəzərdə tutulsa da, bu,
baş verməyib. "Azadlıq" radiosunun Ermənistan
bürosunun verdiyi məlumata görə, buna səbəb hava
şəraitinin pis olmasıdır. Nəticədə Ermənistanda
görüşləri başa vuran vasitəçilər
oradan birbaşa Azərbaycana gəlib. Ermənistanda onlar son
olaraq müdafiə naziri Seyran Ohanyanla görüşüb.
Nazir həmsədrlərə qoşunların təmas xəttindəki
son vəziyyət haqda məlumat verib. O, erməni tərəfinin
"atəşkəs rejiminə əməl etdiyini" iddia
edib, "Azərbaycan snayperlərinin fəaliyyətindən
narahat olduqlarını" söyləyib.
Azad
Həftə içi.- 2011.- 11 fevral.- S. 1.