Mübariz İbrahimova həsr edilmiş müsabiqə yekunlaşdı
"Kaspi" qəzetinin
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan
yazı müsabiqəsi yekunlaşıb. Dünən
müsabiqənin nəticələri ilə bağlı Beynəlxalq
Mətbuat Mərkəzində tədbir keçirildi. Tədbirdə
çıxış edən "Kaspi" qəzetinin baş
redaktoru Natiq Məmmədli bildirdi ki, əvvəlcədən
müəyyən edilmiş şərtlərə əsasən,
müsabiqəyə yalnız vətənpərvərlik
mövzusunda yazılan və kütləvi informasiya vasitələrində
dərc olunmuş hekayə, povest, şeir və publisistik məqalələr
qəbul edilib: "Ötən il sentyabrın 6-da elan olunan
müsabiqə üçün əsərlərin qəbulu
üç aydan artıq davam edib və dekabrın 31-də
başa çatıb. Müsabiqəyə ümumilikdə 86 əsər
təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq
olmadığı üçün müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin 3 qalibi müəyyənləşdirilib.
Qaliblərə birinci yer - 1000 manat, ikinci yer - 500 manat,
üçüncü yer - 300 manat və hər biri 200 manat
olmaqla 5 həvəsləndirici mükafatın da verilməsi nəzərdə
tutulub. Həvəsləndirici mükafatları münsiflər
heyəti müsabiqəyə təqdim olunan əsərlərin
rəngarəngliyini və çoxluğunu nəzərə
alaraq qərara alıb".
Tədbirdə
çıxış edən "Kaspi" qəzetinin rəhbəri
Sona Vəliyeva bildirdi ki, vətənpərvərlik mövzusu
barədə həyəcansız danışmaq mümkün
deyil: "Xalq olaraq taleyimizin elə bir mərhələsini
yaşayırıq ki, bu mövzu bizim fəaliyyətimizdən
qırmızı bir xətt kimi keçir. Ölkə
başçısı da dəfələrlə
çıxışlarında vurğulayır ki, hər
birimiz müharibəyə hazır olmalıyıq və
düşünürəm ki, bu mövzunu diqqətdə
saxlamaqla vətənpərvərlik ruhunun güclənməsinə
imkan yaratmış oluruq. Vuruşmaq, döyüşmək
gücə bağlı deyil, ürəyə
bağlıdır. Mən bir daha müsabiqəyə təqdim
olunan yazılarla tanış olarkən bunun şahidi oldum. Həttə
müsabiqənin tələblərinə cavab verməyən
yazılarda da bu hiss açıq-aydın
görünürdü".
S.Vəliyeva Milli Qəhrəman
Mübariz İbrahimovun müdrik gənc olduğunu və onun
vətənpərvərliyinin ilahi sirrlə
bağlılığını vurğuladı:
"Hansısa cavan bir insanın gənc arzularından, istəklərindən
vaz keçərək özünü vətən yolunda
ölümə atması həqiqətən müqəddəslikdir
və düşünürəm ki, həmin şəxs elə
göndərilən şəxsdir.
Mən çox istərdim
ki, bir daha şəhidimiz olmasın və qəhrəmanlarımız
elə sağ ikən o zirvələri fəth etsinlər.
İnanıram ki, Mübariz İbrahimov kimi şəhidlərimizin
vətən sevgisindən qidalanıb torpaqlarımızı
azad edəcək gənclərimiz bu arzumuzu
reallaşdıracaqlar".
Mətbuat
Şurasının sədri Əflatun Amaşov isə
müharibə şəraitində medianın üzərinə
düşən vəzifələrdən danışdı:
"Tarixi təcrübə göstərir ki, müharibə və
iğtişaşlar dövründə media üzərinə
daha bir missiya götürür və bu missiya əsasən vətənpərvərlik
mövzusuna köklənir. "Kaspi" qəzetinin bu
ideyası həqiqətən nümunəvi bir addımdır
və buna görə təşkilatçılara minnətdaram.
Gələcəkdə bu müsabiqənin ölkə
hüdudlarından çıxaraq beynəlxalq müsabiqəyə
çevrilməyini istərdim". Tədbirdə
çıxış edən KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli, millət vəkili Musa Qasımlı və
digərləri çıxışlarında vətənpərvərlik
mövzusunun ölkə mətbuatında aktual olduğunu dedilər.
Münsiflər Heyəti
adından çıxış edən Yunus Oğuz isə
müsabiqənin tam obyektiv şəraitdə
keçirildiyini, bu cür müsabiqələrin davamlı olmasının
vacibliyini vurğuladı.
Tədbirin sonunda qaliblərin
adları açıqlandı, onlara diplom və pul
mükafatları təqdim olundu.
Beləliklə,
müsabiqədə ilk üç yer üzrə qalib gələn
yazılar bunlardır:
Hafiz Mirzənin "Qeyrət"
hekayəsi;
Zəkurə
Quliyevanın "Ermənilərə tarix dərsi" məqaləsi;
Valeh Məhərrəmlinin
"Hünər" poeması.
Xüsusi mükafat
alanlar:
Oqtay Qorçu
"Torpaq üstə, yarpaq üstə, göz üstə"
hekayəsi;
İmdad Məmmədli
"Qarabağ havaları" şeir;
Mustafa Kəmərli
"Mübariz" povesti;
Yusif Kərimov "Təmas
xəttində məktublar";
Rahilə Elçin
"Milli qəhrəmanın vətən qururu".
Həvəsləndirici
mükafat alanlar:
Nigar Vaqifqızı,
"Soruşma vətən sənin üçün nə
edib" məqaləsi;
Balayar Sadıq,
"Hünər simfoniyası" poeması;
Fərid Hüseyn,
"Müqəddəs adam haqqında yeddi tezis" məqaləsi;
Rizvan Nəsiboğlu,
"Təpədən dırnağa qədər Vətəndir;
Mirdamət Əziz,
"Gedək Mübarizin arxasınca biz" şeiri.
Fəxri fərman:
Aygül Rəhim,
"Azadlıq" hekayəsi (Bakı məktəb liseyi).
Qeyd edək ki,
müsabiqənin münsiflər heyəti "Kaspi" qəzetinin
təsisçisi, şairə, filologiya elmləri namizədi
Sona Vəliyeva, xalq şairi Fikrət Qoca,
"Ulduz" jurnalının baş redaktoru Elçin
Hüseynbəyli, "Olaylar" qəzetinin baş redaktoru
Yunus Oğuz və digərlərindən ibarət olub.
Naibə
Həftə içi.- 2011.- 11 fevral.- S. 1, 5.