"Xocalı
soyqırımı XX əsrin
ən böyük cinayətidir"
İlham Əliyev: "Bu gün bizim güclü
ordumuz var və bu ordu istənilən halda öz
torpaqlarını işğaldan azad edə bilər"
Prezident İlham Əliyev
dünən Goranboy rayonuna gəlib. Dövlət
başçısı ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət edib. Dövlət
başçısına abidənin ətrafında aparılan
abadlıq işləri barədə məlumat verilib.
Bildirilib ki, rayon ərazisində
də sürətli quruculuq işləri gedir, bu da rayonun
inkişafı istiqamətində atılan mühüm
addımlardandır. Dövlət başçısı
Goranboyda 688 məcburi köçkün ailəsi
üçün nəzərdə tutulan yaşayış məhəlləsinin
açılışında iştirak edib. Dövlət
başçısı Xocalı rayonundan məcburi
köçkün, şəhid ailəsi Sədaqət
Ağayarovanın evində olub. Mənzildə yaradılan
şəraitlə yaxından tanış olan dövlət
başçısı məcburi köçkün ailəsi
ilə çay süfrəsi arxasında söhbət edib.
Yeni evə köçmələri münasibətilə təbriklərini
çatdıran Prezident İlham Əliyev Azərbaycan dövlətinin
məcburi köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün
böyük işlər gördüyünü bildirib.
Xocalı soyqırımını "20-ci əsrin ən
böyük cinayəti" adlandıran dövlət
başçısı təəssüflə qeyd edib ki, bu
cinayəti törədənlər hələ ki, ədalət
qarşısında cavab verməyiblər. Prezident İlham Əliyev
bu günün gələcəyinə
inandığını vurğulayıb. Dövlət
başçısı onu da əlavə edib ki, Azərbaycan
dövlətinin siyasəti, xüsusilə də xaricdəki fəaliyyəti
nəticəsində Xocalı haqda həqiqətlər
dünya birliyinə çatdırılıb. Bu məsələdə
həm səfirliklər, həm Heydər Əliyev Fondunun fəaliyyəti
nəticəsində bütün ölkələrdə
Xocalı həqiqətlərinin çatdırılması
üçün müxtəlif tədbirlər
görüldüyünü deyib.
Məcburi
köçkün Sədaqət Ağayarova onlara göstərilən
diqqət və qayğıya görə dövlət
başçısına minnətdarlığını
bildirib. O, Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun
vitse-prezidenti Leyla Əliyevanın Xocalı ilə
bağlı həqiqətlərin bütün dünyaya
çatdırılması istiqamətində
gördüyü işlərdən razılıq edib.
Prezident İlham Əliyev
məhəllədə inşa olunan Xocalı şəhər
1 saylı orta məktəbinin həyətində pəhləvan
Məzahir Qəhrəmanovun nümunəvi
çıxışına baxdı. Dövlət
başçısı gənc ifaçıların
çıxışına da tamaşa edib. Sonra Prezident
İlham Əliyev yeni məhəllənin sakinləri ilə
görüşüb. Dövlət başçısı
yeni evlərin istifadəyə verilməsi münasibətilə
məcburi köçkünləri təbrik edib. Bildirib ki,
işğaldan əziyyət çəkənlərin
yaxşı şəraitdə yaşaması
üçün burada böyük qəsəbələr
salınacaq. "Bu bizim siyasətimizdir" deyən dövlət
başçısı Dövlət Neft Fondunun ilk gəlirlərinin
məhz bu məqsədlərə yönəldildiyini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan Prezident İlham Əliyev
dövlətimizin məsələni sülh yolu ilə həll
etməyə çalışdığını deyib.
Bildirib ki, bu gün bizim güclü ordumuz var və bu ordu istənilən
halda öz torpaqlarını işğaldan azad edə bilər.
Dövlət başçısı vurğulayıb ki, bundan
sonra da ərazi bütövlüyümüzün bərpası
üçün səylər davam etdiriləcək.
Məcburi
köçkün Tamella Bilalova onlara yaradılan şəraitə
və göstərilən qayğıya görə dövlət
başçısına minnətdarlığını
bildirib.
Daha sonra dövlət
başçısı Xocalı şəhər 1 saylı
orta məktəbində yaradılan şəraitlə
tanış oldu. Baş nazirin müavini, Qaçqın və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
Prezident İlham Əliyevə Goranboyda 688 məcburi
köçkün ailəsi üçün hündürmərtəbəli
yaşayış binalarından ibarət məhəllənin
baş planı və texniki-iqtisadi göstəriciləri barədə
məlumat verdi. Bildirdi ki, dövlət
başçısının diqqət və
tapşırığı əsasında məcburi
köçkünlərin məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə
inşa olunan bu qəsəbədə bütün lazımi tədbirlər
görülüb. Hazırda istifadəyə verilən 3
beşmərtəbəli yaşayış binasında evlərin
40-ı bir otaqlı, 80-ni iki otaqlı, 40-ı üç
otaqlı, 5-i isə dörd otaqlıdır. Mənzillərin
elektrik, istilik və su ilə təminatı yüksək səviyyədə
həyata keçirilib. Məktəbdə yaradılan şəraitlə
tanış olan Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, iki mərtəbəli məktəb
binasının foyesi, sinif otaqları, həyətyanı sahəsi
müasir üslubda qurulub, futbol meydançası tikilib.
İdman zalında basketbol, güləş və voleybol kimi
idman növləri ilə məşğul olmaq
üçün bütün şərait yaradılıb, zəruri
avadanlıq quraşdırılıb. İnformatika kabineti də
müasir kompüterlərlə təchiz olunub. Burada sinif
otaqları ilə yanaşı, fizika və riyaziyyat kabinetləri,
kimya laboratoriyası da yaradılıb. Məktəbdə ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
təhsilimizə olan diqqət və qayğısını əks
etdirən foto-guşələr yaradılıb. Burada Heydər
Əliyev Fondunun təhsillə bağlı həyata
keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən
guşə də qurulub. Kitabxana zəngin kitab fondu ilə təmin
edilib. Tarix, ədəbiyyat, biologiya və digər sinif
otaqlarına da müasir dərs avadanlıqları qoyulub.
Prezident İlham Əliyev
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ucaldılan abidəni ziyarət edib. Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
Prezident İlham Əliyevə məhəllədə həyata
keçiriləcək işlərdən danışıb.
Dövlət başçısı işlərin keyfiyyətlə
aparılması ilə bağlı tapşırıq və
tövsiyələrini verib.
Prezident İlham Əliyev
şimal-qərb regionuna səfəri çərçivəsində
Naftalan şəhərində də olub. Dövlət
başçısı burada "Çinar Hotel və SPA
Naftalan" kompleksinin, o cümlədən
"Qaşaltı" sanatoriyasının
açılışında iştirak edib.
Azad Əliyev
Həftə içi.- 2011.- 11 fevral.- S. 2.