"Azərbaycanın daxili işlərinə qarışmaq yanlışdır"

 

"Müasir İnkişaf" İctimai Birliyi maraqlı tədbir keçirdi

 

Ötən gün Atatürk Mərkəzində "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə "Bütöv Azərbaycan Məsələsinə baxış" mövzusunda dəyirmi masa keçirildi. Birliyin idarə heyətinin sədri Mübariz Aşırlı rəhbəri olduğu qurumun hər zaman cəmiyyətdə aktual olan məsələlərlə bağlı müzakirələr apardığını və bu istiqamətdə tədbirlər təşkil etdiyini bildirdi. O qeyd etdi ki, "Bütöv Azərbaycan məsələsinə baxış" mövzusu hər bir Azərbaycan türkünü maraqlandırır: "Eyni zamanda bu mövzunun aktuallığı hər zaman böyük önəm daşıyır. Azərbaycanda baş verən hadisələr və İranda bir çox qüvvələrin qeyd olunan hadisələrlə bağlı verdiyi reaksiyalar hər bir soydaşımızın diqqət mərkəzindədir".

M.Aşırlı onu da qeyd etdi ki, digər dövlətlərin Azərbaycanın daxili işlərinə qarışmasını, burada sabitlik və təhlükəsizliyi pozmaqla bağlı fəaliyyətlərini pisləyir: "Bu sözlər İrana da aiddir. İstərdik ki, münasibətlər bir müddət əvvəldə olduğu kimi yenə də dost və qonşuluq əlaqələri səviyyəsində davam etsin". Təşkilat rəhbəri bütöv Azərbaycan məsələsi ilə bağlı müxtəlif fikirlərin səsləndiyini, amma bu istiqamətdə sistemli baxışın mövcud olmadığını bildirdi: "Rəsmən Azərbaycan Respublikası adlandırdığımız dövlətin sərhədləri, Konstitusiyası, bayrağı, gerbi və s. var. Güney Azərbaycan adlandırdığımız məkanın isə coğrafiyası, onun hansı əraziləri əhatə etməsi və ümumiyyətlə ora baxışın hansı formada olması ilə bağlı zidiyyətli fikirlər səslənir. Fikrimcə bu istiqamətdə də araşdırmalar genişləndirilməlidir. Bundan başqa qeyd edim ki, bütöv Azərbaycan dedikdə düşüncələrimizdə yalnız Azərbaycan Respulikası və yaxud güneyli anlayışları yaranmır. Bu ideoloji baxışın içində vaxtilə Azərbaycan Respulikasının ərazisi olan indiki Ermənistan respublikası, Borçalı, hətta Dərbənd əraziləri var. İlkin olaraq bu özündə nəyi ehtiva edir? Bu tədbiri təşkil etməyimizin əsas səbəbi də sadalananların ətrafında müzakirələrin aparılmasıdır".

Türk Xalqları Assambleyasının vitse prezidenti Yəhya Canyar bildirdi ki, Azərbaycanın problemləri Türk dünyasının problemləri olmayana qədər biz heç bir irəliləyişə nail ola bilmərik. O İranın Ermənistanla əlaqələrinə münasibət bildirdi və dedi ki, təəssüf hissi doğuran əsas məsələlərdən biri də Güney Azərbaycanda milli şüurun, məktəbin, jurnalın, qəzetin və s. olmamasıdır: "Amma 250 min İran ermənisinin 2 ali, 134 orta məktəbi və saysız-hesabsız uşaq bağçaları var. Halbuki İran Konstitusiyasının 61-ci maddəsində bütün xalqların öz dilində danışmalarından bəhs edilir. 68-ci maddədə isə erməni dilinin fars dilindən sonra ikinci dövlət dili olduğu bildirilir. 35 milyon azərbaycanlı, 2 miyon qazax, 2 milyon türkmən, 1.5 milyon qaşqay türklərinin haqları niyə tapdanmalıdır?

Tədbir iştirakçıları bu mövzuda öz fikirlərini bildirdilər.

  

  

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 11 fevral.- S. 6.