"Korrupsiya ilə mübarizədə
alimlərin təcrübəsi
öyrənilsin"
Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyətinin korrupsiyaya
qarşı mübarizə ilə bağlı növbədənkənar
iclası keçirilib. Akademiyanın prezidenti Mahmud Kərimov
korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet
istiqamətlərindən olduğunu qeyd edib və bu istiqamətdə
ölkə başçısı tərəfindən
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya
(2007-2011-ci illər)" və Fəaliyyət Planının
təsdiq edildiyini, qanunvericilik və iqtisadi sistemlərdə,
eləcə də idarəetmədə icra mexanizmlərinin təkmilləşdirilməsi,
dövlət strukturlarının fəaliyyətinin şəffaflığı,
vəzifəli şəxslərin məsuliyyətinin
artırılması, qanunun aliliyi və sosial ədalət
kimi fundamental əsasların qorunub saxlanması istiqamətlərində
mühüm islahatların həyata keçirildiyini deyib. O,
AMEA-nın sosioloji və hüquqi, həmçinin iqtisadi sahələrində
əldə olunan mütərəqqi elmi-nəzəri təcrübələrin
korrupsiyaya qarşı mübarizədə tətbiq edilməsi,
aidiyyatı dövlət qurumları ilə qarşılıqlı
elmi-praktiki əməkdaşlığın dərinləşdirilməsi,
elmi araşdırma, ekspertiza, təhlil, proqnozlaşdırma, təbliğat,
mütəxəssis hazırlığının səmərəliliyinin
yüksəldilməsi imkanlarına malik olduğunu, korrupsiyaya
qarşı mübarizədə elmin bilavasitə
iştirakının zəruriliyini qeyd edib. Daha sonra AMEA tərəfindən
hazırlanmış korrupsiyaya qarşı mübarizə tədbirləri
haqqında qərar layihəsi tədbir
iştirakçılarının nəzərinə
çatdırılıb. AMEA-nın Maliyyə-iqtisad
şöbəsinin rəisi Zakir Nəcəfov subyektiv səbəblərdən
elmi müəssisələrin fəaliyyətində normativ
hüquqi sənədlərin düzgün tətbiq
olunmadığını və ya nöqsanlara yol verildiyini, həmçinin
beynəlxalq əlaqələrin gücləndirilməsində
və büdcədənkənar gəlirlərin istifadəsində,
ekspedisiya işlərinin sərbəst aparılmasında yaranan
problemləri tənzimləmək üçün normativ
hüquqi sənədlərin təkmilləşdirilməsinin
zəruriliyini diqqətə çatdırıb. AMEA
İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev
isə bildirib ki, hazırlanmış qərar layihəsində
əsas məqsəd AMEA-nın fəaliyyətində
korrupsiya yarada biləcək mühitin təhlil edilməsi,
ölkədə və cəmiyyətdə baş verə biləcək
korrupsiya proseslərinin analiz olunması, bu proseslərin
qarşısının alınmasına elmi dəstək
göstərilməsidir: "Bəzi qanunların,
normativ-hüquqi bazanın yenidən təhlil edilməsi, sənədləşdirmə
prosesində yaranan problemlərin müasir tələblərə
cavab verən yeni texnologiyaların tətbiqi ilə aradan
qaldırılması vacibdir. Ölkədə korrupsiya
hallarının qarşısının alınması
üçün hakimiyyət orqanlarının fəaliyyətində
İT-nin tətbiqi, sosial şəbəkələrdən,
internetdən istifadə zəruridir".
Naibə
Həftə içi.- 2011.- 11 fevral.- S. 6.