Münaqişə diplomatik yolla həllini tapmalıdır
Aleksandr Rar: "İndiki məqamda müharibə təhlükəsi
yoxdur"
"Mən
Dağlıq Qarabağda müharibənin yenidən
başlanması üçün təhlükə
görmürəm. Beynəlxalq ictimaiyyət vəziyyətin
bütün ciddiliyini anlayır. Mövcud vəziyyəti
qorumaq üçün çox produktiv addımlar
atılır" - bu fikirləri Almaniya xarici siyasət
Şurasının Rusiya və Avrasiya proqramının
direktoru Aleksandr Rar Ermənistan mətbuatına
açıqlamasında bildirib.
Onun sözlərinə
görə, nə Qərbə, nə də Rusiyaya Qafqazda yeni
silahlı toqquşmalar lazım deyil. Bu səbəbdən vəziyyət
nəzarət altındadır. Nə BMT, nə ATƏT, nə
də Avropa Birliyi Dağlıq Qarabağla bağlı fikirlərini
açıqlamayıblar. Bu səbəbdən hərbi əməliyyatlara
müraciət olunması hazırda az ehtimal edilir. Ekspert həmsədrlərin
bölgəyə səfərlərinə də toxunub. Onun
sözlərinə görə, vasitəçilərin səfəri
olmadan da danışıqlar davam etdirilir. Minsk Qrupu
toplantısını çağırır: "Burada bir
çox iştirakçılar var. Beynəlxalq birlik Rusiya -
Gürcüstan müharibəsindən sonra Qafqazda üçüncü
böyük müharibənin başlamasını istəmir.
Qərb və beynəlxalq birlik münaqişənin həllinə
şərait yaradır. Onun hələ də həllini
tapmaması isə başqa məsələdir. Hələ məlum
deyil ki, bu proses hansı istiqamətdə inkişaf edəcək.
Bu indiki halda bir çoxlarına sərf edir". A.Rarın qənaətincə,
Qərbin sülhməramlı hərbi qüvvələri
bölgəyə iki məqsədlə daxil ola bilər. Onlar
ya yerli hökumətə təzyiq göstərmək, ya da
hansısa siyasi məqsədlər üçün bu
addımı ata bilərlər: "Lakin mən hələ
bunlardan heç birini görmürəm. Şimal nə Azərbaycanı
nə də Ermənistanı dəstəkləyəcək.
Münaqişə diplomatik yolla həllini
tapmalıdır". Ekspert bir ay əvvəl Dağlıq
Qarabağ münaqişəsinin həllinin Rusiyanın xarici
siyasi prioritetləri siyahısından
çıxarılması məsələsinə də
münasibət açıqlayıb. Onun sözlərinə
görə, Rusiya heç zaman münaqişənin həllindəki
rolunun əhəmiyyətini qiymətləndirməyib.
Heç zaman tərəflərdən hansınısa dəstəkləməyib.
Ermənistan Rusiyanın strateji, Azərbaycan isə iqtisadi tərəfdaşıdır.
Bu səbəbdən Moskva tərəflərdən
hansınısa itirməmək üçün çox hiyləgər
siyasət yürürtmək məcbüriyyətindədir.
Bu Rusiya üçün çox vacibdir. Çünki Moskva
Gürcüstanı itirməsinə baxmayaraq bu yolla bölgədə
ən güclü oyunçu olmaq şanslarını
saxlayır: "Rusiya hələlik bu oyunu çox uğurla
oynayır. İndiki məqamda Rusiya bölgədə
status-kvonu saxlamağa çalışır. Bu onun
maraqlarına uyğundur".
Azad
Həftə içi.- 2011.- 15 fevral.- S. 3.