Fəaliyyətsiz diyarşünaslıq
muzeyləri...
Ölkəmizdə tarix-diyarşünaslıq
muzeylərinin yaradılması
və inkişaf dövrü ötən əsrin 60 - 70-ci illərinə
təsadüf edir. Muzeylərə diqqətin
artırılması məhz
keçmiş SSRİ dövründə
milli-mənəvi dəyərlərə,
minimal səviyyədə
olsa belə, qiymətin verilməsi ilə bağlı idi. Həmin dövr yaddaşlarda həm də Azərbaycan dilinin dövlət dili kimi elan olunması
ilə qalıb. 80-ci illəri tarix-diyarşünaslıq
muzeylərinin infrastrukturunun
inkişafında, habelə
eksponatların toplanılmasında
zirvə nöqtəsi
kimi hesab etmək olar.
Müstəqilliyimizin
ilkin illərindəki çətinlik və problemlər, ərazilərimizin
erməni işğalına məruz qaldığı dövr
muzeylərin fəaliyyətini demək olar ki, sual altına
qoydu. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin
də etiraf etdiyi kimi, onlarca rayonda fəaliyyət göstərən
muzey binaları istismar müddətini başa vurduğundan
müasir tələblərə cavab vermir. Real vəziyyət
ondan ibarətdir ki, respublikanın 51
tarix-diyarşünaslıq muzeyinin binasının əsaslı
təmirə ehtiyacı var. Ağcabədi, Daşkəsən,
Qazax, Lerik, Mingəçevir, Neftçala, Sabirabad, Salyan və
Şəkidə olan müzeylərin məhz bu səbəbdən
fəaliyyəti görünmür. Hazırda Mingəçevir
və Şirvan tarix-diyarşünaslıq muzeyləri
çoxmərtəbəli yaşayış binalarının
birinci mərtəbəsində yerləşdiyindən,
mühəndis-kommunikasiya sistemləri sıradan
çıxıb, muzey sərvətlərinin qorunmasına təhlükə
yaranıb. Bu istiqamətdə apardığımız təhlillər
göstərir ki, bərbad vəziyyətdə olan muzey
binalarının təmir edilməsi prosesə əsaslı təsir
göstərə bilər. Bir şərtlə ki, muzeyin bərpasından
tutmuş eksponat seçiminədək proseslər kompleks
şəkildə aparılsın. Təhlillər göstərir
ki, muzeylərin fəaliyyətində, əməkdaşların
sosial təminat məsələsindən eksponatların
saxlanmasınadək ciddi problemlər var. Qeyd edək ki, hazırda
muzey əməkdaşlarının orta aylıq əməkhaqqı
85 - 95 manat, muzey direktorlarının maaşı isə 135 -
155 manat civarında dəyişir. Bu əmək haqqı ilə
işçilərdən hər hansı keyfiyyətli iş tələb
etmək yəqin ki, mümkün deyildir. Odur ki, muzeylərdən
ilbəil kadr axını müşahidə olunur.
Bundan əlavə, muzeylərə
eksponatların mühafizəsi üçün heç bir vəsait
ayrılmır. Müşahidələr göstərir ki,
muzey əməkdaşları bu prosesi öz əməkhaqları
hesabına aparırlar. Bu gün muzeylərimizdə elə
eksponatlar var ki, onlar ciddi şəkildə mühafizə tələb
edir. Bugünədək onlarca eksponat, xüsusən də
toxunma əşyaları ya sıradan çıxıb, ya da
bu təhlükə ilə üz-üzə qalıb. Muzeylərin
eksponat fondunun zənginləşdirilməsi də zəif
aparılır. Belə ki, əhalidən eksponatların
alınması da problemlidir. Yəni bu istiqamət üzrə
muzeylərə hər hansı maliyyə vəsaiti nəzərdə
tutulmur. Halbuki əhalidə onlarca və yüzlərcə qədim
əşya bu gün də qalmaqdadır. Onların bir qismi
vaxtilə dəllallar tərəfindən əhalidən
alınaraq respublikadan kənara çıxarılıb.
Qalanların Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
alınması və muzeydə nümayişi çox
böyük səmərə verə bilər.
Hazırda istifadədə
olan muzeylərin mühafizəsi də bərbad gündədir.
İstər yanğından, istərsə də digər təbii
hadisələrdən muzey eksponatlarının
sığortalanması da vacib sayılmalıdır. Unutmaq
olmaz ki, müvafiq orqanlar tərəfindən ötən
dövrdə az da olsa işlər həyata keçirilib. Belə
ki, Şamaxı, Goranboy, Yevlax, Balakən, Beyləqan,
Yardımlı, Xızı, Cəlilabad, İsmayıllı, Bərdə
tarix-diyarşünaslıq muzeyləri üçün yeni
müasir tipli binalar inşa edilib, bədii tərtibat işləri
aparılıb. Sumqayıt şəhərinin tarixi,
Abşeron, Şabran, Qusar, Şamaxı
tarix-diyarşünaslıq muzeylərinin binalarında əsaslı
təmir və rekonstruksiya işləri aparılıb,
müasir tələblərə cavab verən bədii tərtibat
işləri həyata keçirilib. İmişli
Tarix-Diyarşünaslıq Muzeyinin binasında əsaslı təmir
işləri başa çatdırılıb.
Beləliklə,
haqqında söhbət açdığımız problemin həllini
tək Mədəniyyət və Turizm Nazirliyinin üzərinə
atmaq olmaz. Bu işdə vətəndaş cəmiyyəti də
öz sözünü deməlidir. İstər problemin üzə
çıxarılmasında, istər həllində, istərsə
də problemin ictimailəşdirilməsində. Yeri gəlmişkən,
Söz Azadlığını Müdafiə Fondu Azərbaycan
Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə "Dağlıq Qarabağ münaqişəsi nəticəsində
zərərçəkən rayonların
diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin
yaradılması" layihəsi çərçivəsində
bir sıra iş həyata keçirib. Layihə çərçivəsində
və fondun daxili imkanları hesabına www.diyarshunasliq.az
internet resursu istifadəyə verilib. Saytda muzeylərlə
baglı müəyyən materiallar yerləşdirilib. Bu
gün layihə başa çatsa da, saytın zənginləşdirilməsi
SAMF tərəfindən davam etdirilir. Artıq Bərdə və
Şamaxı tarix-diyarşünaslıq muzeyləri ilə
bağlı məlumatlar yerləşdirilib. Sayta daxil edilən
bəzi materiallar hələ tam olmasa da, mütəmadi olaraq
onun üzərində işlərin davam etdirilməsi qərara
alınıb. Biz bu yazıda qısa şəkildə olsa da
tarix-diyarşünaslıq muzeylərinin bugünkü vəziyyətinə
toxunduq. Qaldırdığımız məsələlərin
demək olar ki, hamısının hüquqi həlli 24 mart
2000-ci ildə prezident fərmanı ilə təsdiq edilmiş
"Muzeylər haqqında" Azərbaycan
Respublikasının qanununda əksini tapıb. Adıçəkilən
qanunun 24-cü maddəsində isə muzeylərin maliyə mənbələri
göstərilib: büdcədən ayrılan vəsait; biletlərin
satışından əldə olunan gəlir; ekskursiya xidməti,
sərgilərin təşkili, çap məhsullarının
və suvenirlərin hazırlanması və
satışından əldə olunan gəlirlər, muzeylərə
məxsus bədii salon, emalatxana və digər obyektlərdən
yığılan gəlirlər; hüquqi və fiziki şəxslərin
könüllü ayırmaları; məsləhətlər
verilməsi və ekspertiza keçirilməsindən əldə
olunan gəlirlər və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən
əldə edilən gəlirlər. Bu gün tarix-diyarşünaslıq
muzeylərində giriş hər bir halda pulsuzdur. Və muzeylərin
heç biri öz büdcələrinə əlavə vəsait
cəlb etmək imkanında deyillər. Mərkəzi muzeylərə
giriş pullu olduğu halda, niyə bu sistem diyarşünaslıq
muzeylərinə tətbiq edilməməlidir? Fikrimizcə, bu,
bir tərəfdən təşəbbüskarlığın
olmamasından irəli gəlirsə, digər tərəfdən
bu sahədəki normativ-hüquqi aktların
hazırlanmaması ilə baglıdır. Yekun olaraq qeyd edək
ki, maddi-mədəni irsimizin qorunması hər birimizdən
xüsusi diqqət və məsuliyyət tələb edir. Odur
ki, bu məsələdə tarix-diyarşünaslıq muzeylərinin
əvəzsiz rolunu nəzərə alıb, mövcud problemlərin
tezliklə həllini tapmasına
çalışmalıyıq. Bütün hallarda
atacağımız addımların gələcək nəslin
təlim-tərbiyəsində danılmaz rolu olacaqdır.
Vüqar Tofiqli
Həftə içi.- 2011.- 15 fevral.- S. 5.