"Ümumdünya Harmonik Münasibətlər Həftəsi" çərçivəsində silsilə tədbirlər keçirilib

 

"Vicdan azadlığı insan hüquqlarının tərkib hissəsidir"

 

İnsan Hüquqları üzrə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində, həmçinin Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində BMT tərəfindən elan edilmiş "Ümumdünya Harmonik Münasibətlər Həftəsi" çərçivəsində silsilə tədbirlər keçirilib. Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü əsasında ötən həftənin şənbə günü Ahılların Resurs Mərkəzində, bazar günü isə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində təşkil olunan tədbirlərdə Ombudsman Aparatının əməkdaşları R.Rumzadə və F.Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nahid Məmmədov, həmçinin Liderlik Məktəbinin yetirmələri, valideynlər, ahıl qadınlar iştirak ediblər.

Ombudsman Aparatının əməkdaşları tədbirdə insan hüquqları və din mövzusunda çıxış edərək iştirakçılara hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirdiyini, dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibətdə əqidəsini ifadə etmək və yaymaq hüququna malik olduğunu bildiriblər. İnsan hüquqları haqqında ümumi bəyannamədə, mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktda, milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında bəyannamədə, eyni zamanda əksər ölkənin, o cümlədən Azərbaycan Konstitusiyasında da öz əksini tapmış vicdan azadlığının insan hüquqlarının tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bu il ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa konvensiyasına qoşulmasının "10 ili" tamam olduğu, həmin konvensiyanın da 9-cu maddəsinin hər kəsin fikir, vicdan və din azadlığı hüququnun olduğunu bəyan etdiyi diqqətə çatdırılıb. Qeyd olunur ki, Müvəkkil fəaliyyətə başladığı ilk günlərdən dini etiqad azadlığının da əsas insan hüquq və azadlıqlarının tərkib hissəsinə daxil olduğunu, həmçinin dövlətdaxili qanunvericilikdə və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunduğunu nəzərə alaraq, vicdan və dini etiqad azadlığının təmin edilməsinə də xüsusi diqqət yetirir. Aparatın əməkdaşları məlumat veriblər ki, ombudsman fəaliyyəti dövründə dini icmaların nümayəndələrini qəbul edərək onlara din azadlığı sahəsində milli qanunvericiliyin tələblərini izah edib, dövlətin ərazisində fəaliyyət göstərən bütün dini icmaların qanunauyğun fəaliyyət göstərməsinin və yerli qanunlara hörmətlə yanaşmağın zəruriliyini vurğulayıb, həmçinin Azərbaycanda dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını və bu sahədə qanunvericilik aktlarının beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı N.Məmmədov çıxış edərək dini mövzuda ahıllara, qadınlara, uşaq və gənclərə faydalı məlumatlar verib. O, ölkəmizdə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq dövlət orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında danışmış, dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması, habelə bununla bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi sahəsində görülən işlər, müxtəlif dini məsələlərin həllində yardımçı olduqlarını vurğulayıb.

Tolerantlıq, dini, milli-irqi dözümlülüyün milli mentalitetimizin ayrılmaz cəhətlərindən olduğu, yüzilliklər boyunca Azərbaycanda xalqların vahid və mehriban bir ailə kimi yaşadığı, etnik və dini icmalar arasında dözümlülük əlaqələrinin formalaşdığı, milli, irqi, dini ayrı-seçkiliyə yol verilmədiyi, müxtəlif dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində dinc-yanaşı fəaliyyət göstərdiyi qeyd olunub.

Tədbirdə uşaq və gənclərin çoxsaylı sualı cavablandırılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Qonaqlar Liderlik Məktəbi yetirmələrinin intellektual səviyyəsini yüksək dəyərləndirib, tədbirin təşkilinə və faydalı fikir mübadiləsinə görə müvəkkilə təşəkkürlərini bildiriblər. Tədbir canlı diskussiya, interaktiv müzakirələrlə başa çatıb.

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 15 fevral.- S. 6.