"Dağlıq
Qarabağ münaqişəsi
bütün Avropaya təhlükədir"
Azərbaycanın Polşadakı səfiri Həsən
Həsənov avropalıları xəbərdar etdi
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu
Avropa təhlükəsizliyi üçün təhdiddir.
Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın
Polşadakı səfiri Həsən Həsənov Torun şəhərində
təşkil edilmiş Beynəlxalq İqtisadi Forumda
çıxışı zamanı deyib.
Səfir
vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını
hələ də işğal altında saxlayır və
danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur.
"Azərbaycan
Respublikasının ərazi bütövlüyünə dəstəyin
bəziləri tərəfindən açıq şəkildə
bəyan olunmaması onunla nəticələnir ki, Avropadan olan
alim və jurnalistlər Azərbaycanın ərazi
bütövlüyünü pozan yazılar yazır və hətta
Avropa Parlamenti deputatları işğal altında olan
Dağlıq Qarabağa Ermənistandan keçməklə
etdikləri səfərləri normal hesab edirlər. Bu cür
yazı və səfərlər Azərbaycan Respublikası
üçün qəbuledilməzdir və ölkəmizin
haqlı qınağına səbəb olur", - Həsənov
əlavə edib.
Səfir Həsənov
qeyd edib ki, Azərbaycan Avropa İttifaqı, onun digər
müvafiq strukturları və Aİ-yə üzv olan ölkələrlə
əməkdaşlıq edir.
O bildirib ki, Azərbaycan
qanunlarının Avropa standartlarına uyğunlaşdırılması
üçün müvafiq Avropa strukturları, o cümlədən
Venesiya Komissiyası ilə uğurlu əməkdaşlıq
aparılır. Həsənov Azərbaycanın Avropa
üçün önəmindən də danışıb.
"Azərbaycan öz nefti və qazı ilə Avropanın
enerji təhlükəsizliyinə töhfə verir. Ölkəmizdə
Aİ-yə inteqrasiya məsələsinə xüsusi önəm
verilir, bu baxımdan gələcəkdə vizasız rejimə
keçid və açıq bazarlar haqqında
düşünülür", - o bildirib. Polşanın
Torun şəhərində 3-4 fevral tarixində XVIII
İqtisadi Forum təşkil edilib. Artıq 18 ildir ki, hər
il təşkil edilən Torun Beynəlxalq İqtisadi Forumu
zamanı müxtəlif sahələr üzrə geniş
müzakirələr aparılır.
Həftə içi.- 2011.- 17 fevral.- S. 1-2.