"Adlar soyadlar haqqında" ayrıca qanun olmalıdır

 

"Bir müddət öncə Milli Elmlər Akademiyasının Xüsusi Komissiyası adlar və soyadlarla bağlı məsələ ətrafında müzakirələri yekunlaşdıraraq öz rəyini açıqladı. Bununla bağlı olaraq da mən öz fikirlərimi hələ parlamentin yaz sessiyasının ilk iclasında qanunvericilik işlərinin planı müzakirə olunarkən açıqlamışdım və indi də o mövqeyimin üzərində qalaraq bildirmək istəyirəm ki, həmin yekun rəyi əsas götürmək olmaz. Bununla əlaqədar parlamentin özünün ayrıca qanun layihəsi olmalıdır" - bunu parlamentin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyeva adıçəkilən komitənin keçirilən iclasında çıxışı zamanı dilə gətirdi.

Millət vəkili bildirdi ki, adlar və soyadlar məsələsi çox həssas bir məsələ olduğu üçün onunla bağlı qanunvericilik aktı da son dərəcədə təkmil olmalıdır. Millət vəkilinin qaldırdığı məsələyə münasibət bildirən komitənin sədr müavini, professor Rəfael Hüseynov isə bu yöndə yenidən hansısa qanun layihəsinin hazırlanmasına ehtiyac olmadığını dedi. R.Hüseynovun bildirdiyinə görə, hələ bir müddət öncə onun özü tərəfindən son dərəcə təkmil şəkildə "Adlar və soyadlar haqqında" qanun layihəsi hazırlanıb: "Nizami müəllim də bilir, vaxtilə belə bir qanun layihəsini hazırlayıb ortaya qoydum, hətta bununla bağlı müəyyən müzakirələr də aparıldı. İndi də belə hesab edirəm ki, "Adlar və soyadlar haqqında" kifayət qədər mükəmməl olan bir qanun layihəsi ortalıqdadır. Əlbəttə, bu, çox böyük bir qanundur və onun içərisində Milli Elmlər Akademiyasının Xüsusi Komissiyasının təklif etdiyi soyad sonluqları da əksini tapıb. Bu baxımdan düşünürəm ki, əgər gələcəkdə ehtiyac olarsa, "Adlar və soyadlar haqqında" qanun elə bu komitədə də müzakirə oluna, sonra isə plenar iclasa tövsiyə edilə bilər".

R.Hüseynov onu da bildirib ki, sözügedən sənədi zamanında hazırladıqdan sonra onun ilkin variantını mərhum dövlət başçısı Heydər Əliyevə də göndəribmiş: "Bunu eyni zamanda sonra cənab prezident İlham Əliyevə də göndərdim. Əgər reaksiya olarsa, yuxarı səviyyədə bir ali düşüncə formalaşarsa, hesab edirəm ki, o zaman bu məsələyə qayıtmaq olar. Yəni layihəni təzədən sıfırdan başlamağa ehtiyac yoxdur. O çox mükəmməl şəkildə, bütün hüquqi aspektləri nəzərə alınaraq hazırlanıb. Biz bu işi özfəaliyyət şəklində də ortaya atıb hay-küylə həll etməməliyik. Bəzən görürəm ki, kimlərsə mətbuat səhifələrində məsələ ilə bağlı populist çıxışlar edir. Bunlar yolverilməzdir".

  

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 17 fevral.- S. 1.