Yəhudilər Azərbaycanda hansısa bir təzyiqlə üzləşmirlər

 

Yevda Abramov: "Terror hadisələrindən heç bir ölkə sığortalanmayıb"

 

Azərbaycanın hicabla bağlı məsələlərə sərt yanaşması və İranın rəsmi Bakının atdığı addımlara özünün "Səhər" telekanalı vasitəsi ilə təxribatçı münasibətlər açıqlaması, görünür, Azərbaycandan daha çox İsraili qorxudub.

İsrail hökuməti, ilkin olaraq, öz vətəndaşlarına 10 ölkəyə getməmək haqqında müraciət etdi ki, bu ölkələr sırasında Azərbaycanın da adı var. Rəsmi Təl-Əviv ölkəmizi belə bir siyahıya salmaqla dayanmadı və ardınca Bakıdakı diplomatik korpusunun fəaliyyətini dayandırdı. İsrail səfiri mətbuata açıqlamasında səfirliyin fəaliyyətinin texniki səbəblərdən dayandığını bildirsə də, bir çoxları bunun İranın səsləndirdiyi bəyanatlardan qaynaqlandığını iddia etdilər. Azərbaycanda doğrudanmı İsrail səfirliyi və yəhudilər təhlükə altındadırlar? Biz də bu sualla bağlı parlamentdə yəhudi icmasını təmsil edən Yevda Abramovla əlaqə saxladıq və onun diplomatik korpusun fəaliyyətini dayandırmasına və baş verən proseslərə münasibətini öyrəndik.

- Mən də sizin kimi, səfirliyin fəaliyyətini dayandırmasının texniki səbəblərdən olduğunu mətbuatdan öyrənmişəm. Dəqiq məlumatım yoxdur ki, hansı səbəblərdən səfirlik işini dayandırıb. Amma onu bilirəm ki, İsrail dövləti özünün diplomatik korpusunu Azərbaycanda tamamilə dayandırmaq niyyətində deyil. Ola bilsin doğrudan da hansısa texniki problem var. Mən bu məsələnin tez bir zamanda həllini tapacağına əminəm. Azərbaycanda təkcə İsrail səfirliyi deyil, bütövlükdə burada fəaliyyət göstərən bütün dövlətlərin səfirlikləri yüksək səviyyədə mühafizə olunur. Dövlətin bütün aidiyyəti qurumları bu məsələlərə çox diqqət yetirirlər. Ola bilsin, İsrailin dövlət və hökumət orqanları, xüsusi xidmət orqanları hansısa məlumat alıblar və bu məlumatlar əsasında səfirliyin fəaliyyətini dayandırıblar. Təbii ki, heç bir ölkə terrordan sığortalanmayıb və belə bir ölkə də yoxdur. Eyni zamanda, Azərbaycanın da terrordan sığortalandığını demək çətindir. Bütün bunlara baxmayaraq, Azərbaycan tarixində bu cür terror olaylarını yaşamış bir ölkə olaraq terror aksiyalarının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir.

- İsrail dövlətinin iddia etdiyi kimi, Azərbaycanda yəhudilərə qarşı həyati bir təhlükə varmı? Siz belə bir təhlükə hiss edirsinizmi?

- Mən belə bir təhlükə hiss etmirəm və belə bir məsələnin qabardılmasını da doğru hesab etmirəm. Dünyada yəhudilərin yaşadığı ölkələr içərisində ən təhlükəsiz ölkələrin başında Azərbaycan dayanır. Burada təkcə yəhudi xalqının nümayəndələri deyil, digər xalqların da nümayəndələri rahat şəkildə yaşayırlar və həyatlarına hansısa təhlükə yoxdur.

- Bəs o zaman hansı səbəblərdən İsrail dövləti belə Azərbaycanla bağlı belə bir bəyanat səsləndirdi?

- Bayaq dediyim kimi, heç bir ölkə terrordan sığortalanmayıb. ABŞ dünyanın bəlkə də ən təhlükəsiz ölkəsidir. Amma bu ölkənin belə, terrordan sığortalandığını demək çətindir. Çünki terror "gəlirəm" demir və haradan gəldiyi də bəlli deyil. Azərbaycanda etnik xalqlar, yəhudilər, ləzgilər, avarlar, tatlar və digər xalqların nümayəndələri Azərbaycan xalqı ilə birlikdə yaşayırlar və əgər hansısa bir hadisə olsa, deməli, o təhlükəni təkcə etnik xalqların nümayəndələri deyil, bütövlükdə Azərbaycan xalqı çəkə bilər. Bu üzdən də mən rəsmi Təl-Əvivin belə bir açıqlama ilə çıxış etməsini doğru hesab etmirəm. Yenə də deyirəm ki, ola bilsin bu ölkənin təhlükəsizlik orqanlarında hansısa bir məlumat olsun. Məlumatın olması o demək deyil ki, mütləq belə bir olay ola bilər.

- Yevda müəllim, yəhudi icmalarına qeyd olunan təhdidlərlə bağlı hansısa mesajlar, məktublar daxil olubmu?

- Belə bir mesajlar, ümumiyyətlə, yoxdur. Olarsa da, bu məsələ dövlətin hüquq-mühafizə orqanları tərəfindən mütləq və mütləq araşdırıla bilər.

- Bu hadisələrdən sonra, Təl-Əvivdəki dostlarınızla əlaqə saxlayıb hansı səbəblərdən Azərbaycanın adının 10 təhlükəli ölkələr sırasına dixil edildiyinin səbəbini öyrənə bildinizmi?

- Bir-ikisi ilə əlaqə saxladım və onlardan bunun səbəbini öyrənmək istədim. Onlar da belə bir qərarı doğru saymadıqlarını və Azərbaycanın adının bu sıraya daxil edilməsini doğru hesab etmədiklərini bildirdilər. Mən əminəm ki, yaranan bu anormal vəziyyət tez bir zamanda aradan qalxacaq və əvvəlki sabitlik yerinə gələcək. Bundan kimsənin şübhəsi olmasın. Azərbaycan və İsrail dövləti arasında mövcud olan münasibətlər hər hansı bir şəkildə zədələnə bilməz.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 17 fevral.- S. 3.