"Şagird gərək ustadından halallıq alsın"

 

Novruz Əliyev: "Toylarımızda ədəb-ərkan çatışmır"

 

Vaxtilə Qarabağın adlı-sanlı sənət adamları, tanınmış musiqiçiləri olub ki, onlar da toylarımızın bəzəyi idi. Gözəl ifaları ilə el şənliklərinə öz möhürlərini vurardılar. Musiqi beşiyimiz olan Ağdamın Yusif Yusifov, Əli Zamanov (Kor Əli), Novruz Əliyev kimi məşhur qarmon ifaçıları olub. Bir Qarabağ toyu onlarsız keçməzdi. Bu sənətkarların apardıqları toylar çox şən, rövnəqli olardı. Bəzən iki gün-iki gecə keçən Ağdam toylarına da hər sazəndarı dəvət etməzdilər və hər çalğıçı da bu toylarda axıra kimi dözüm gətirə bilməzdi. Çünki Qarabağ toylarının, bu toylarda iştirak edən aqil, bazburutlu, sanballı kişilərin zövqləri, tələbləri çox sərt idi. Onlar çox sənətkarın ifa edə bilmədiyi el havalarına, milli rəqslərə oynayardılar.

Yaxşı yadımdadır. Təxminən 1975-1980-ci illər olardı. Novruz adlı gənc bir qarmon çalan Qarabağda çox dəbdə idi. Onun ifa etdiyi rəqslər daha ritmik, ürəklərə yatan olduğundan dillərdən düşmürdü. O dövrdə ən çox "Xançobanı", "Tərəkəmə", "İnnabı", "Heyvagülü", "14 nömrə", "Beşatılan", "Turacı" və s. rəqslər daha çox dəbdə idi. Rayonun sayılıb-seçilən köhnə kişiləri ən çox bu havalara oynayardılar. Hər adam da onların oynadıqları bu havaları olduğu kimi, axıra qədər çala bilməzdilər. Hətta bəzən adını sənətkar qoyan belə bacarıqsız sazəndələrini alətini əlindən alıb deyərdilər ki, xoş getdin, toy sənin məclisin, bu hava sənin yemin deyil, get özünə sənət axtar. Yaxşı ifaçıların isə şabaş başından leysan kimi yağardı.

Uzun müddət idi haqqında danışdığımız o məşhur qarmon çalan Novruz Əliyevi görmürdüm. Təsadüf elə gətirdi ki, onunla tanınmış tarzən Aydın Mehrəliyevin vasitəsilə görüşdük. Novruz müəllim çox dəyişib. Saçı-saqqalı vaxtsız ağarsa da, sifəti, baxışları olduğu kimi qalıb. İstedadlı adam çox qəribə olur. Bu qəribəlik onun zahiri hərəkətlərində, danışıq və davranışlarında da özünü göstərir. Novruz müəllimin sadəliyi də elə onun bu qeyri-adiliyindən irəli gəlir.

Qəribə burasıdır ki, bu gün sənəti olmayanlar ekranlardan düşmür. Onları rəsmi qurumların qapısından qovurlar, pəncərəsindən gəlir. Belələri hökumət tərəfindən hər cür qayğı ilə əhatə olunur. Mənzil, fəxri ad, hətta bəzən prezident təqaüdü də alır. Amma Novruz Əliyev kimi sənətçilərimiz sənətinin böyüklüyünə, abırlarına qısılıb öz işləri ilə, sənətləri ilə məşğul olurlar. Onlar həm də sənətə şan-şöhrət üçün gəlməyiblər. Gəliblər ki, xalqımıza mənəvi xidmət göstərsinlər, mədəniyyətimizin, milli musiqimizin inkişafına çalışırlar. Öz sənətlərini istedadlı gənclərə öyrədirlər.

N.Əliyev 1959-cu ildə Ağdam şəhərində respublikanın əməkdar müəllimi Şəfa Əliyevin evində doğulub ərsəyə gəlib. Hələ istedad Novruzun uşaqlıq çağlarından boy verib. O, musiqiyə gəlməsinin səbəbini belə açıqlayır: "Ağdam həqiqətən də Qarabağın, bütövlükdə Azərbaycanın toy evi, musiqi beşiyi idi. Qarabağ toylarına istedadlı sənətçilər dəvət olunardı. Onların çaldıqları ruhları oynadan havaların o yanğılı, şux səsi hələ də qulaqlarımda qalıb. Hələ orta məktəbdə oxuyurdum. Toylarımızda Qarabağın məşhur qarmon çalanları Yusif Yusifovu və Kor Əlini görəndə məndə də musiqiyə, xüsusilə də qarmona maraq artdı. Həm də uşaq vaxtı gözəl rəqs edərdim. Məhəlləmizdə elə toy olmazdı ki, məni çıxardıb oynatmasınlar. Valideynlərim musiqiyə olan həvəsimi görüb məni Ağdam şəhər C.Qaryağdıoğlu adına 1 saylı musiqi məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin qarmon sinfinə qoydular. Müəllimlərim Kamal Həsənov və Fazil Yusifovdan qarmonun sirrlərini öyrəndim. 1976-cı ildə musiqi məktəbini əla qiymətlə bitirib təyinatla Qaradağlı kənd uşaq musiqi məktəbinə qamron müəllimi təyin olundum. O vaxtdan bu günə kimi musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul oluram. 1990-cı ildə Ağdam rayon Mədəniyyət Evinin nəzdində "Vətən" instrumental ansamblını yaratdım. Sonralar ansamblımız çox populyar oldu və istər rayon, istərsə də respublikada elə bir dövlət tədbiri olmazdı ki, orada iştirak etməsin. Həmçinin "Şur" şöhrətli ansamblının tərkibində qastrollara, səfərlərə gedərdik. Respublikanın bölgələrinə gedib kənd zəhmətkeşləri qarşısında maraqlı konsert proqramları ilə çıxış edərdik".

N.Əliyev respublikanın bir çox tanınmış sənətçilərini qarmon da müşayiət ifa edib.

"Xalq artisti Arif Babayev, Şahmalı Kürdoğlu, Səxavət Məmmədov, Sədi Məmmədov, Tacir Şahmalı oğlu, Cabir Abdullayev və başqalarını konsertlərdə və toylarda mən müşayiət etmişəm.

1989-cu ildə Azərbaycan Dövlət Televiziyasına dəvət almışam və qarmonda bir sıra xalq mahnısını, oyun havalarını, rəqsləri ifa etmişəm. Bu yaxınlarda "Səbuhi" studiyasında Səxavət Məmmədov və Sədi Məmmədovla birgə albomumuz işıq üzü görüb. Vaxtilə əməyim dövlət tərəfindən qiymətləndirilib, dəfələrlə fəxri diplom və mükafatlara layiq görülmüşəm. Onu da qeyd edim ki, pedaqoji fəaliyyətimlə, dövlət tədbirlərində iştirak etməklə yanaşı, toylara da dəvət alıram".

Mahir qarmon ustası bugünkü toylardan çox narazıdır: "Söhbət toylardan düşdü. Azərbaycanın bugünkü toyları heç cür bizi qane etmir. Toylarımızda çatışmayan amillər, nöqsanlar çoxdur. Hər şeydən öncə, toylarımızda ədəb-ərkan çatışmır. Keçmişə nəzər saldıqda görərik ki, o dövrdəki toylarda ağsaqqalın, böyüyün, toy sahibinin sözü keçirdi, əndazə gözlənilirdi. Toylarımız artıq öz milli çərçivəsindən çıxaraq Avropasayağı olub. Bu da məni bir musiqiçi kimi narahat edir. Məni bu gün həm də ağrıdan odur ki, toy məclislərində sözə, xeyir-dua verməyə böyük ehtiyacımız olduğu halda, yaşca böyük, ziyalı insanların toy məclislərində çıxışlarına qadağa qoyulur. Bayağı, primitiv, heç bir məzmuna, mənaya malik olmayan musiqiçilərə, mahnılara böyük yer verilir. Artıq bizim milli toylarımızın bu səviyyəyə gəlib çıxması həm bir azərbaycanlı, həm də bir musiqiçi kimi məni narahat edir. Toylarımızın aşağı səviyyəyə enməsi məclisdə qonaq kimi iştirak edən hər bir insanın zövqünü korlayır. Bu gün insanlarımız nəinki təkcə toy məclislərində, hətta digər məclislərdə də əylənməyə daha çox üstünlük verirlər. Məndə belə bir sual yaranır. Bəs bu insanlar nə vaxt düşünəcəklər?"

Müsahibim musiqi məktəblərinin bugünkü fəaliyyətindən və vaxtilə dərs dediyi bir sıra yetirmələrinin soyuq qəlbli olmasından da danışdı: "Az da olsa, məktəblərdə istedadlılar tapmaq mümkündür. Yetərincə öz işinə vicdanla yanaşan müəllim ordusu var. Dərs dediyim tələbələrdən çox narazıyam. Şagirdlər var, həqiqətən də istedadlıdır, eləsi də var, həvəsə düşüb gəlir. Ha çalışırsan, heç nə əldə edə bilmirsən. Amma bir müəllim kimi ən ağrılı yerim odur ki, dərs dediyin, sənət verdiyin şagirdlər bir azca şöhrətə minən kimi öz müəllimlərinə nankorluq edərək onları unudurlar. Buna misal olaraq bir nəfərin adını çəkə bilərəm. O, 5 il musiqi məktəbində dərs dediyim Ayaz Qasımovdur. Ötən bir neçə ildə televiziya ekranlarında göründüyünə baxmayaraq, nə təhsil aldığı Ağdam musiqi məktəbinin, nə də bir müəllim kimi mənim adımı çəkmir, bizi dəyərləndirmir. Halbuki onun bir musiqiçi kimi yetişməsində, püxtələşməsində zəhmətim çox olub. Ona görə də sənət aləmində şagird gərək ustadından halallıq alsın".

N.Əliyev həm də qabaqcıl müəllim, mədəniyyət işçisi olub. Ancaq hələ fəxri ad almayıb. Bu barədə soruşduqda onun cavabı çox maraqlı oldu: "Bu sualı verdiniz, ulu öndər Heydər Əliyevin belə bir fikri yadıma düşdü: "Mən dünyada müəllim adından uca şərəfli ad tanımıram".

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 17 fevral.- S. 7.