Millət vəkilləri
korrupsiyadan danışdılar
Milli Məclisin yaz sessiyasının növbəti
iclası öz işinə başladı
İclasda ilk növbədə
cari məsələlər müzakirə olunub. Cari məsələlər
zamanı millət vəkilləri ölkədə korrupsiya ilə
bağlı aparılan mübarizə tədbirlərinə
toxunublar. Məsələ ilə bağlı ilk
çıxış edən millət vəkili Asim Mollazadə
bildirib ki, Milli Məclis də korrupsiya ilə bağlı
mübarizədə sistemli islahatlar həyata keçirilməsinə
öz töhfəsini verə bilər .Onun sözlərinə
görə, ölkədə təhsil sistemində də
islahatlar həyata keçirilməli,
müvafiq qanunvericilik bazası yaradılmalıdır: "
Biz ötən parlamentdə Təhsil haqqında qanunu qəbul
etdik. Buna baxmayaraq ölkədə ali təhsil və orta
peşə təhsili ilə bağlı islahatlar keçirməyə
ehtiyac var. Bu gün Azərbaycan müəlliminin məvacibi
onun cəmiyyətdə ki, hörmətini təmin edə
bilmir. Hələ də Sovet sistemindən bizə miras qalan
müəllimlərin aşağı əmək haqqı
imkan vermir ki, yüksək peşəkar səviyyəyə
malik olan insanları məktəb sisteminə cəlb edə
bilək. Zənnimcə tezliklə biz orta təhsil ilə
bağlı müvafiq qanun qəbul etməliyik ki bu sahədə
ciddi islahatlar həyata keçirilsin. Bu istiqamətdə
parlamentdə ciddi işlər görülməlidir. Eləcə
də səhiyyə sistemində. Belə çıxır ki,
Azərbaycan həkimlərinin hamısı rüşvətxordur?
Belə deyil axı. Azərbaycan tibbi sığorta sistemindən
bəhrələnə bilmir.
Mənə elə gəlir
ki, sığortanın səhiyyə sistemində mövcudluğu
üçün Milli Məclis öz töhfəsini verməlidir.
Qanunvericilikdə zəruri islahatlar həyata keçirə
bilsək onda korrupsiya ilə bağlı aparılan mübarizə
çox ciddi nəticə verə bilər".
Millət vəkili
İqbal Ağazadə isə vurğuladı ki, bununla da cəmiyyət
bu işin kompaniya xarakterli olmadığını və bunun
doğrudan da cəmiyyətdə demokratikləşməyə,
korrupsiya və rüşvətxorluğun azaldılmasına və
bütövlükdə neqativ halların aradan
qaldırılmasına xidmət etdiyinə əmin
olmalıdır: "Bilirsiniz ki, komissiyanın tərkibində
cəmiyyətin müxtəlif sferalarından nümayəndələr
var, lakin çox təəssüf ki, orada parlamentdəki
müxalifətin, o cümlədən də ictimai-siyasi təşkilatların
və QHT-lərin nümayəndələri yoxdur. Hesab edirəm
ki, ictimai nəzarət mexanizmi bu tərkibdə daha effektli ola
bilər".
Daha sonra mövzu ilə
bağlı söz alan millət vəkili Fazil Mustafa da bu təkliflə
razılaşdı. "Korrupsiya ilə mübarizə sahəsində
atılan addımlar və prezidentin
çıxışları əhali tərəfindən
müsbət qarşılanır". Bu sözləri isə
millət vəkili Qüdrət Həsənquliyev bildirdi. Millət
vəkilinin sözlərinə görə, MM-də bu sahədə
fəaliyyət göstərən dövlət
strukturlarının nümayəndələrinin iştirakı
ilə müzakirənin aparılmasına da ehtiyac var. Q.Həsənquliyev,
həmçinin vəkil Osman Kazımovun Vəkillər
Kollegiyasının üzvlüyündən kənarlaşdırılması
ilə bağlı məhkəməyə müraciət edilməsi
barədə də danışdı. O, spikerdən
tanınmış vəkilin hüquqlarının müdafiəsinə
kömək etməyi xahiş etdi. Millət vəkili Qənirə
Paşayeva da çıxış etdi. O, sonradan
dünyasını dəyişmiş müharibə əlillərinin
ailələrinin mənzillə təmin olunması ilə
bağlı müvafiq qanunvericiliyə əlavələrin gələn
həftə Sosial Siyasət komitəsinin iclasında
müzakirə olunacağını vurğuladı. Deputat,
şəhid övladlarının imtiyazlarından 18
yaşından sonra da istifadə etmə imkanlarının
artırılmasının vacibliyini, bununla bağlı
qanunvericiliyə dəyişikliklərin edilməsini təklif
etdi.
Millət vəkili Fərəc
Quliyev Milli Məclisdə Qarabağla bağlı qapalı
dinləmələrin keçirilməsini təklif etdi.
Sabir Rüstəmxanlı
isə qeyd etdi ki, BMT-nin Bakıdakı nümayəndəliyi
İrandan gələn azərbaycanlılara qarşı
süni maneələr yaradır. İrandan gələn azərbaycanlılar
burada problemlərlə üzləşirlər.
Spiker Oqtay Əsədov
isə dedi ki, dövlət başçısı ölkədə
islahatların keçirilməsi barədə fikirlərini
açıqlayıb və bu sahədə islahatlar davam etdiriləcək.
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 12-14 fevral.- S. 1, 6.