İnsan hüquqları
qanunlarımızın əsasını
təşkil edir
Ülvü Quliyev: "Azərbaycanda bu sahədə
heç bir problem yoxdur"
İnsan hüquq və azadlıqlarının
müdafiəsi demokratik cəmiyyətin, hüquqi dövlətin
əsasını təşkil edir. Hər bir müasir,
demokratik inkişaf yolunu tutan dövlət insan hüquq və
azadlıqları ilə bağlı ölkədəki durumu
getdikcə yaxşılaşdırmağa, problemləri aradan
qaldırmağa çalışır.
Azərbaycan da belə dövlətlərin
sırasındadır. Dövlətimiz bu sahədə
çox mühüm addımlar atıb və atmaqdadır. Bu
sahə ilə bağlı bizi maraqlandıran
suallarımızı isə Milli Məclisin dövlət
quruculuğu və hüquq siyasəti komitəsinin
üzvü Ülvü Quliyev cavablandırır:
- Azərbaycanda insan
hüquq və azadlıqlarının müdafiəsi, təmini
sahəsində heç bir problem yoxdur. Qanunvericilik bazamız
müasir standartlara uyğunlaşdırılıb. Bu sahə
dövlətin əsas prioritetlərindən sayılır. Azərbaycan
gənc müstəqil dövlət olmasına baxmayaraq,
demokratik inkişaf yolunda böyük məsafə qət edib.
Bu yolun ağrısız və uğurla keçilməsində
əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur.
Azərbaycanın indiki müasir, demokratik və hüquqi bir
dövlətə çevrilməsi məhz onun uzaqgörən
siyasəti nəticəsində mümkün olub. Bu istiqamətdə
islahatlar prezident İlham Əliyev tərəfindən də
uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası dövlətimizin insan
hüquq və azadlıqlarının təmini, müdafiəsinə nə qədər böyük əhəmiyyət
verdiyini göstərir.
Bu əsas qanun dövlətimizin
qanunvericilik bazasının təməli sayılır. Orada 48
maddə insan hüquq və azadlıqlarından bəhs edir. Əsas
qanunumuzun üçdə bir hissəsinin insan hüquq və
azadlıqlarından ibarət olması qanunvericilik bazasında
da bu sahəyə xüsusi diqqət ayrılmasını tələb
edir. 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi
nəticəsində Konstitusiyamızda bu sahə ilə
bağlı müddəalar daha da təkmilləşdirildi,
müasirləşdirildi. Bu gün Azərbaycanda Ombudsman
institutu fəaliyyət göstərir. MDB məkanında bu
institutu ilk yaradan dövlətlərdən biri məhz Azərbaycandır.
Hər il parlamentdə insan haqları üzrə müvəkkilin
illik hesabatı dinlənilir. Həmçinin dövlətimizdə
insan hüquq və azadlıqlarının təmin edilməsi
ilə bağlı Milli Fəaliyyət Planı qəbul
edilib. Bu Plan indi də çox uğurla reallaşmaqdadır.
- Təmsil olunduğunuz komitənin bu sahədə fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Dövlət
quruculuğu və hüquq siyasəti komitəsində, əsasən,
ixtisasca hüquqşünas olan millət vəkilləri cəmlənib.
Bu amil onların fəaliyyətinə özünəməxsus
stimul verir. Burada təmsil olunan hər bir millət vəkili
hazırlanan qanun layihələrinin müddəalarının
dövlətimizin ən ali məqsədi sayılan insan
hüquq və azadlıqlarının müdafiəsi,
onların təmininə maksimum şərait yaratmasına
çalışırlar. Milli Məclisin yaz
sessiyasının iş planı təsdiqlənərkən
orada bizim komitə tərəfindən də hazırlanacaq
qanun layihələrinin adları əksini tapdı. Belə
qanun layihələrindən biri də "Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında"
qanun layihəsidir. Bu sənədi hazırlamaqda əsas məqsəd
azadlıqdan məhrum edilmiş vətəndaşlarımızın
hüquqlarını qorumaqdır. Bu sahədəki
boşluqlar artıq tam olaraq aradan qaldırılacaq. Belə
bir qanunun hazırlanması həm də Azərbaycanın
insan hüquq və azadlıqları sahəsində
qoşulduğu beynəlxalq konvensiyaların tələblərindən
irəli gəlir. Biz təmsil olunduğumuz komitə də
azadlıqları məhdudlaşdırılmış vətəndaşlarımızın
da qanunvericiliyə müvafiq şəkildə sahib
olduqları hüquqlarının müdafiəsi və təmin
edilməsinə çalışır. Qanun layihəsinin yaz
sessiyasında müzakirəyə çıxarılması
gözlənilir. İşimiz tək bununla yekunlaşmır.
Komitəmiz daimi olaraq qanunvericilik aktlarının insan
hüquq və azadlıqlarının müdafiəsi və təmin
edilməsi ilə uzlaşması üçün
araşdırmalar aparır, təkliflər hazırlayır.
- Yeri gəlmişkən, son günlər yenidən amnistiya
məsələsi gündəmə gətirilir.
- Azərbaycan dövlətinin
siyasətinin əsas prioritetlərindən biri humanizm prinsiplərinin
tətbiqidir. Ölkəmizdə bu ənənənin əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Bu ənənə hörmətli prezidentimiz İlham Əliyev
tərəfindən də davam etdirilir. Dövlətimizin
humanist siyasəti nəticəsində qısa müddət ərzində
9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı
imzalanıb. Minlərlə insan ailəsinə, cəmiyyətə
qovuşub. Əfv edilərək azadlığa çıxan
məhkumlara cəmiyyət üçün faydalı vətəndaş
olması üçün qanun pozuntularından, cinayət
törətməkdən çəkinməyi, ailələrinə,
sağlam həyat tərzinə qayıtmağı, faydalı
əməklə məşğul olmağı, azyaşlı
məhkumlara vətənpərvər ruhda böyüməyi,
təhsil almağı və lazımi peşələrə
yiyələnməyi tövsiyə etmişik. Yenidən
azadlıqlarını əldə etmiş vətəndaşlarımızın
sosial mühitə adaptasiyası da vacib məsələlərdən
sayılır. Bu addımların atılması bir daha
dövlətimizin insan hüquq və azadlıqlarının
müdafiəsinə, onların təmin edilməsinə nə
dərəcədə mühüm diqqət ayırmasının
göstəricisidir. Ümumiyyətlə isə bizim komitə
hər zaman amnistiya və əfv fərmanlarının
imzalanmasını dəstəkləyib.
- Bu gün dövlətin əsas təməl
sütunlarından sayılan və insan haqlarının
müdafiəsinə birbaşa cavabdeh olan məhkəmələrimizin
fəaliyyəti barədə nə deyə bilərsiz?
- Azərbaycanda müstəqil
məhkəmə sisteminin formalaşdırılması istiqamətində
çox müsbət addımlar atılıb. Məhz dövlət
başçısının xüsusi sərəncamları
ilə bölgələrdə yaşayan vətəndaşlarımızın
hüquqlarının daha təkmil şəkildə
qorunması, ədalətin bərpası naminə regional məhkəmələr
yaradılıb. Bu gün ölkəmizdə hakim korpusunun
mütəşəkkil qaydada formalaşdırılması
prosesi aparılır. Hakim olmaq istəyənlər xüsusi
imtahan verirlər. Azərbaycan Avropa Məhkəməsinin
üzvüdür. Ölkə qanunvericiliyinin Avropa
standartlarına uyğunlaşdırılması prosesi
aparılıb. Bu sahədə bir sıra vacib qanunlar qəbul
edilib. Vətəndaşlarımız artıq öz
hüquqlarını Avropa Məhkəməsində də
müdafiə etmək hüququ əldə ediblər. Lakin
Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul
etdiyi 45 qərardan 19-u İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Avropa
Konvensiyasının 6-cı maddəsi ilə qorunan məhkəmə
qərarlarının icra olunması hüququnun pozuntusu ilə
bağlıdır. Bu onu göstərir ki, bu sahədə
problem var və bunun həlli üçün ümumi
xarakterli tədbirlər görülməlidir. Bura
qanunvericilik, məhkəmə praktikası, icra ilə
bağlı kompleks tədbirlər daxildir. Məhkəmələr
qərar qəbul edərkən Avropa Məhkəməsinin qərarlarına
istinad etməlidirlər. Bu qərarlar öyrənilməli və
tətbiq edilməlidir. Təbii ki, hakimlərimiz Avropa Məhkəməsinin
çıxardığı qərarları mütəmadi
şəkildə öyrənməlidirlər. Ancaq
ümumilikdə məhkəmə sistemində aparılan son
islahatlar özünün müsbət təsirini verib. Bu
işlər davamlı şəkildə
aparılmalıdır.
Nahid Canbaışlı
Həftə içi.- 2011.- 12-14 fevral.- S. 6.