"Valideyn övladına rahatlığı
üçün repetitor tutur"
Elnur Nağızadə: "Qəbul imtahanlarında orta
məktəb proqramlarından kənara
çıxılmır"
Müsahibimiz Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri
Elnur Nağızadədir.
- Elnur müəllim, bəzi vətəndaşlar məktəblərdə
keçirilən dərsin yüksək səviyyədə
olmamasından şikayətlənirlər. Sizin fikrinizcə,
ali məktəbə hazırlaşan abituriyentlər
üçün repetitor yanına getmək mütləqdir,
yoxsa cəmiyyətimizdə bu bir dəb halını alıb?
- Bəzən valideynlər
övladlarına lazımı dərəcədə vaxt
ayırmayıb onların hazırlığı ilə ciddi məşğul
olmurlar. Sadəcə, övladlarını repetitor yanına
göndərməklə məsuliyyətin
ağırlığından kənara çəkilmiş
olurlar. Çünki uşaqla məşğul olmaq
üçün ona vaxt ayırmaq, ona qarşı tələbkar
olmaq lazımdır. Repetitor abituriyentlə məşğul
olan zaman, onun əsas vəzifəsi abituriyentə istiqamət
göstərmək və dərslərə
hazırlığı tələb etməkdir. Başqa
sözlə, o, şagirdə nəzarət edir. Yüksək
təhsil almağa, qəbul imtahanları zamanı yüksək
nəticə göstərməyə potensialı olmayan
şagirdlərin repetitor yanına getməsi də vəziyyəti
dəyişmir. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası bu yöndə öz üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirməyə çalışır. Komitəmiz tərəfindən
abituriyentlərin qəbul imtahanlarına yüksək səviyyədə
hazırlaşmalarına kömək məqsədilə
müxtəlif fənlər üzrə vəsaitlər
çap edilərək şagirdlərin ixtiyarına verilib.
Qeyd edim ki, belə vəsaitlər, fərdi hazırlaşan
abituriyentlər üçün olduqca vacib köməkçi
vasitədir. Bundan əlavə, 2010-cu ilin sentyabr ayından
etibarən TQDK internet saytında (tqdk.gov.az) video-mühazirələr
bölməsi yaradaraq, şagird və müəllimlərin
istifadəsinə verilıb. Adını çəkdiyim
bölmədə ölkənin ayrı-ayrı fənlər
üzrə tanınmış ekspert və müəllimləri
çıxış edir. Çıxışlardan yararlanmaq
istəyən hər bir kəs, heç bir ödəniş
etmədən bunları asanlıqla izləyə bilər.
Layihə abituriyentlərin qəbul imtahanlarına fərdi
halda hazırlaşmalarına kömək üçün
yaradılıb və onlar üçün əvəzolunmaz
bir vəsaitdir. Ola bilər ki, internetə
çıxışı olmayan abituriyentlər də olsun.
Amma mənə elə gəlir ki, müasir dövrdə
internetdən istifadə etmək o qədər də problemli məsələ
deyil. Bütün bunlar əsasında deyə bilərik ki,
repetitor yanına getmədən də yüksək nəticə
əldə etmək olar. Bu isə hər bir şagirdin öz əlindədir.
Sadəcə, orta məktəbdə verilən
tapşırıqları lazımi şəkildə yerinə
yetirmək, oxumaq və çalışmaq lazımdır.
- Bəs sizcə, bir sıra şagird arasında "Məktəblərdə
yüksək səviyyədə dərslər keçirilmir və
buna görə də repetitor yanına getmək mütləq
şərtlərdəndir" fikrinin formalaşmasının
səbəbi nədir?
- Məncə, bütün məktəblərə
bu fikri şamil etmək düzgün olmazdı. Bu gün
yüksək nəticə göstərən məktəblərin
sayı az deyil. Sadəcə, şagirdlər arasında "Məktəblərdə
yüksək səviyyədə dərslər keçirilmir və
buna görə də repetitor yanına getmək mütləq
şərtlərdəndir" - fikrinin
formalaşmasını aradan qaldırmaq müəyyən qədər
zaman tələb edir. Amma müəyyən məktəblər
də ola bilər ki, orada təhsilin səviyyəsi o qədər
də ürəkaçan vəziyyətdə olmasın. Biz
ümidvarıq ki, həmin məktəblər öz üzərində
daha məsuliyyətli işləyərək daha yüksək
nəticələr göstərəcəklər.
- Bəzən qəbul imtahanlarında sualların məktəb
proqramından kənara çıxması barədə
iddialar olur. Bunu həm müəllimlər, həm də
şagirdlər deyir. Razısınızmı bu iddialarla?
- Hər hansı savadlı
bir müəllimin belə fikir səsləndirməsinə
inanmıram. Qəbul imtahanlarında orta məktəb
proqramlarından kənar heç bir sual təqdim olunmur.
Hansı müəllim iddia edir ki, hansısa bir sual orta məktəb
proqramını əhatə etmir, belə şəxsləri
TQDK-nın müvafiq fənn üzrə təşkil etdiyi fənn
seminarlarına dəvət edirik. Yeri gəlmişkən,
2011-cil il üçün qəbul imtahanının
proqramı hazırlanmaq ərəfəsindədir. Yaxın
günlərdə "Abituriyent" jurnalının 1-ci
sayı qəbul imtahanlarına hazırlaşanların
ixtiyarına veriləcək.
- Ümumiyyətlə, bir sıra ekspertin fikrincə, qəbul
imtahanı zamanı sualların çətinliyi nəzərə
çarpır. Hətta bunu fənn müəllimləri də
təsdiq edir... Bu haqda siz nə
düşünürsünüz?
- Yuxarıda qeyd etdiyiniz
fikirlər şərti xarakter daşıyır. Suallar tərtib
olunan zaman fənn sadə, orta və çətin qrupa
bölünür. Bu da bütün dünyada qəbul
olunmuş bir normadır. Buna görə də bütün
suallar nə çətin ola bilər, nə də asan! Əgər
bizdə, yüksək bal toplayan 1000-dən çox abituriyent
varsa, o zaman belə abituriyentlər bu nəticəni necə əldə
edir?! Ümumiyyətlə, hər hansı fəndən
düşən sualın çətinlik dərəcəsi,
həmin suala yanaşan şagirdin bilik səviyyəsindən
asılı olur.
- İlk dəfə tətbiq ediləcək
açıq testlərə abituriyentlərin və müəllimlərin
münasibəti birmənalı olmadı. Müəllimlər
açıq testlərin tətbiq olunmasını təhsilimizdə
olan yenilik kimi yüksək qiymətləndirmədilər. Əgər
belədirsə, açıq testlərin
yığışdırılması gözlənilirmi?
- Hər hansı bir yeniliyi qəbuletməmə
meyilliyi normal və təbii bir haldır. Amma mən hesab etmirəm
ki, bu, kütləvi bir haldır. Açıq testlər
artıq bir yenilikdir və hər zaman tətbiq olunacaq.
Açıq test deyən zaman söhbət təqdim olunan
sualın formasının dəyişdirilməsindən gedir.
Yeni tətbiq olunan açıq testlər göydən
yazılmır ki?! Açıq testlər orta məktəbdə
tədris olunan dərs vəsaitlərinin əsasında tərtib
olunur. Sadəcə, forma dəyişib, məzmun isə
ümumi standartlara uyğundur. Biz açıq testləri gələcəkdə
də tətbiq etməyi düşünürük, nəinki
onları yığışdırmağı..
- Bu yaxınlarda keçirilən mətbuat
konfransında TQDK sədri Məleykə Abbaszadə belə
bir fikir səsləndirmişdi ki, attestat qiymətləri
"5" olanlar özlərini doğrultmur, bütün fənlərdən
"3" alanların isə qiymətləri reallığa
daha yaxındır. Bunlar məktəblərdə
aşağı qiymətlərlə qiymətləndirmənin
obyektiv olduğunu, yüksək qiymətlərlə qiymətləndirmənin
isə nisbətən şişirdildiyini göstərir. Sizcə,
bu fikrin formalaşmasının səbəbi nədir?
Doğrudanmı belədir?
- TQDK sədri belə bir
fikir səsləndirməyib. Tələbə qəbulu
zamanı abituriyent qəbul imtahanlarında iştirak etmək
üçün ərizə formasını doldurur. Bu zaman
ora attestat qiymətlərini daxil edir. Qiymətlər bizə
onların qəbul nəticələri ilə attestat qiymətlərini
müqayisə etməyə imkan verir. Builki nəticələr
göstərir ki, təxminən 63 % əlaçı olan
şagird öz nəticələrini təsdiq edib. Yerdə
qalan 37 % şagird isə attestat qiymətinin nəticələrini
doğrultmayıb. Bu da onu göstərir ki, bəzi məktəblərdə
qiymətləndirmə zamanı obyektivlik qorunmur. Amma unutmaq
olmaz ki, bu istiqamətdə ciddi irəliləyişlər var.
2009-cu ildə nəticə 50 % , 2010-cu ildə isə az
öncə qeyd etdiyim kimi, 63 % -ə qalxıb. TQDK bu nəticələri
hər zaman elan edir. Görünür ki, orta ümumtəhsil
məktəblərində nəticələr nəzərə
alınır və bu istiqamətdə irəliləyişlər
əldə olunur. Ümidvarıq ki, nəticələr getdikcə
daha da yaxşılaşacaq.
- Bir neçə həftə bundan qabaq müəllimlərimin
birindən belə bir fikir eşitdim. "Bizim təhsil
düzgün qurulmayıb. Çünki dünyanın
heç bir yerində təhsil sahəsində 2 qurum fəaliyyət
göstərmir. Yəni bir qrum öyrədir, bir qrum
soruşur. Buna görə də yuxarı təbəqələr
arasında münaqişlər başlanır və bu da
aşağı təbəqələrə öz mənfi təsirini
göstərir". Bu fikrə münasibətinizi bilmək
maraqlı olardı...
- Qeyd edim ki, iki qurum
arasında heç bir problem yoxdur və heç vaxt ola da bilməz.
Qaldı ki, "dünyanın heç bir yerində belə təhsil
yoxdur" fikrini səsləndirən müəllimin diqqətinə
dünya ölkələrində fəaliyyət göstərən
təhsil qurumlarının fəaliyyətini və aparılan
təhsil islahatlarını çatdırmaq istərdim.
- Sizcə, internetdən istifadə etmək təhsilə
müsbət təsir göstərir, yoxsa mənfi?..
- Müasir informasiya
texnologiyaları insanların əməyini yüngülləşdirir.
Təhsildə İKT-nin tətbiqi dünyanın qabaqcıl
ölkələrinin təhsil sisteminə müsbət təsir
göstərib. Belə olan halda, Azərbaycanda niyə istifadə
olunmasın ki?
- 2010/2011-ci il tələbə qəbulu
üçün hər hansı bir yeniliklər nəzərdə
tutulubmu?
- Elə bir ciddi dəyişiklik
yoxdur. Əsas dəyişikliklər riyaziyyat fənni üzrə
müəyyən sayda sualın açıq formada tətbiq
edilməsidir. Başqa bir dəyişikliyi isə biz ötən
ilin sentyabrından artıq elan etmişik. Bu da
regionşünaslıq və beynəlxalq münasibətlər
ixtisasının 3-cü qrupdan 2-ci qrupa keçirilməsidir.
- 23 yanvarda keçirilən sınaq imtahanında mən
özüm də şəxsən iştirak edirdim. Hamıya
bəlli olduğu kimi, imtahan vaxtı içəridə tam
sakitlik olmalıdır. Adətən bu sakitlik şagirdlər
tərəfindən pozulur. Lakin imtahan vaxtı sakitçiliyin
nəzarətçi tərəfindən pozulduğunun
şahidi oldum. Yəni nəzarətçi imtahan zamanı
açıq şəkildə telefonla
danışırdı. Deyəsən, imtahanda şagirdlərə
nəzarət etdiyini unutmuşdu... Sizcə, belə bir
halın baş verməsinin səbəbi nədir?
- Belə bir halla rastlaşan
zaman mütləq imtahan rəhbərinə xəbər vermək
lazımdır. Qəbul imtahanı zamanı nəzarətçi
və abituriyentlərin telefon və başqa vəsaitlərdən
istifadə etməsi qadağandır və bu yolverilməz bir
haldır.
- "Zal nəzarətçisinin təlimat
kitabçası" nəzarətçiyə imtahan
başlanmazdan qabaq təqdim ediləcəyi halda, imtahandan 1
saat keçdikdən sonra verildi. Ola bilər ki, səbəblərdən
biri bu olsun?
- Əgər söhbət nəzarətçinin
imtahan vaxtı telefonla danışmasından gedirsə, bunu
hamı bilir ki, imtahan zamanı telefondan istifadə etmək qəti
qadağandır. Bilirsiniz, sınaq imtahanlarının
keçirilməsi abituriyentlərlə yanaşı, nəzarətçilərin
özünün də sınanması xarakteri
daşıyır. Təlimat qaydalarını doğrultmayan,
pozan nəzarətçilər növbəti imtahanlara cəlb
olunmur.
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 12-14 fevral.- S. 7.