"Vergi orqanlarında korrupsiyaya qarşı mübarizə güclənib"

 

Fazil Məmmədov: "Nağd hesablaşmalarda vergidən yayınma halları həddən artıq çoxdur"

 

Dünən Bakı Biznes Mərkəzində vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda tədbir keçirildi.

Tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov nazirliyin yaradılmasından ötən 11 il ərzində ölkəmizdə bir çox siyasi və sosial-iqtisadi problemin uğurla həll edildiyini vurğuladı. Nazir Azərbaycanın müasir Avropa standartlarına cavab verən vergi qanunvericiliyi bazasına malik olduğunu və onun təkmilləşdirilməsi üçün lazımi tədbirlər görüldüyünü bildirdi. Onun sözlərinə görə, vergi yükünün səviyyəsi ölkədəki iqtisadi reallıqlara uyğundur və vergi dərəcələri mütəmadi olaraq aşağı salınır: "2010-cu il yanvar ayının 1-dən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizədək, gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizədək endirilib, fərdi sahibkarlar üçün gəlir vergisi 20 faiz səviyyəsində müəyyən edilib".

Nazir qarşıda duran vəzifələrdən danışarkən nağdsız ödənişlərin stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nağd qaydada aparılmasının minimuma endirilməsi istiqamətində də işlər aparılacağını dedi: "Artıq vergi orqanları proqnozun icrası ilə deyil, ölkə prezidentinin tapşırıq verdiyi kimi, dövlətin cari xərclərinin ödənilməsi üçün daxilolmaları təmin etmək üçün bütün qüvvələrini səfərbər edəcək. Cari xərclər illik 7 milyard manatdan artıq təşkil edir ki, bu da hazırkı vergi daxilolmalarından təqribən 2 dəfə çoxdur. Bu məbləğ Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə təmin olunmalıdır".

Nazir bildirdi ki, bunu həyata keçirmək üçün həm qanunvericilikdə dəyişikliklər, həm də inzibati islahatlar aparılmalıdır. F.Məmmədovun sözlərinə görə, daxilolmaların artımı vergi yükünün ağırlaşdırılması hesabına deyil, vergi bazasının genişləndirilməsi, təkmilləşdirilməsi hesabına təmin olunacaq. Öz növbəsində vergi bazasının genişləndirilməsi əsasən nağdsız hesablaşmaların aparıldığı sahələr hesabına təmin olunacaq: "Nağdsız hesablaşmalar aparılan sahələrdə vergidən yayınma minimumdur, nağd hesablaşmalarda isə təəssüf ki, vergidən yayınma həddən artıq çoxdur". Nazir bildirdi ki, POS-terminal və bank sisteminin mükəmməl şəraitdə işlədiyi təqdirdə nağd hesablaşmalardan istifadə etmək birbaşa vergidən yayınma məqsədi güdür: "Ona görə də biz bununla ciddi mübarizə aparacağıq".

Bununla yanaşı, nazir yaxın vaxtlarda vergi yükünün azaldılmasının gözlənilmədiyini qeyd etdi və indiki şəraitdə vergi yükünün, vergi dərəcələrinin azaldılması haqqında danışmağın tez olduğunu söylədi. F.Məmmədov bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün mənfəət vergisinin dərəcəsi ötən il azaldılıb: "Halbuki həmin vaxt dünya ölkələrində əks proseslər baş verirdi".

Bundan başqa, bir qədər əvvəl banklara vergi tətillərinin verildiyini xatırladan nazir bildirdi ki, bu tətillər başa çatandan sonra onların bankların fəaliyyətinə təsiri araşdırılacaq və bu məsələyə yenidən baxıla bilər.

F.Məmmədov bildirdi ki, Azərbaycan prezidentinin məlum tapşırıqlarından sonra vergi orqanlarında korrupsiyaya qarşı mübarizə daha da güclənib: "Vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri müvafiq proqram çərçivəsində daim həyata keçirilib. Amma prezidentin tapşırıqları əsasında onun daha da qətiyyətləşməsi nəzərdə tutulur və dövlət başçısı belə halların aradan qaldırılması üçün bütün dövlət orqanlarına, o cümlədən prokurorluq orqanlarına öz tapşırıqlarını verib. Vergilər Nazirliyində belə hallarla nazirliyin Daxili Təhlükəsizlik İdarəsi məşğul olur. Bu idarənin əsas fəaliyyəti vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən olan şikayətə baxmaqdır, eyni zamanda korrupsiya halları ilə əlaqədar əgər faktlar varsa, onunla əlaqədar araşdırmaların aparılmasıdır".

F.Məmmədovun sözlərinə görə, müxtəlif hallarda işində verdiyi nöqsanlara görə işçilər işdən azad edilir, eyni zamanda korrupsiya hallarına rast gəlinən məsələlərdə bu materiallar Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilir.

Tədbirdə iştirak edən millət vəkilləri Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, akademik Asəf Nadirov, AMEA-nın müxbir üzvü Akif Musayev, Auditorlar Palatası sədrinin müşaviri Nəcəf Talıbov, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, "Karat-Holdinq" MMC-nin direktoru Taleh Qasımov və başqaları çıxış edərək öz fikir və təkliflərini səsləndirdilər.

  

 

Naibə

 

Həftə içi.- 2011.- 12-14 fevral.- S. 8.