"Hər birimizin borcudur Azərbaycanı Türkiyədə doğru şəkildə tanıda bilək"

 

Cavid Məmmədov: "Türkiyədə tədbir keçirmək üçün mütləq təşkilatın olmalıdır"

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımızın rolunun nə qədər böyük olduğu danılmazdır. Bu gün dünyanın hər bir ölkəsində fəaliyyət imkanlarının böyük, yaxud da kiçik olmasına baxmayaraq bu cür diaspor təşkilatlarımız var və onlar fəaliyyət göstərirlər.

 

Bu gün qardaş Türkiyə Respublikasında da kifayət qədər belə təşkilatlar var. Bu təşkilatlar sırasına daha biri də əlavə olunub və bu dəfə Əskişəhərdə Azərbaycan dərnəyi yaradılıb. 2010-cu ilin avqustunda Cavid Məmmədov Əskişəhərdə bu şəhərin adı ilə bağlı Əskişəhər Azərbaycanlıları Dərnəyini (ƏAD) yaradıb. Artıq bu dərnək yeni yaranmasına baxmayaraq tez bir zamanda ad da çıxara bilib. Biz də dərnəyin yaradıcısı və sədri C.Məmmədovla görüşüb ƏAD-ın fəaliyyəti haqqında danışdıq.

- 1998-ci ildə Türkiyədə təhsil almağa gedərkən məqsədimiz həm də o idi ki, azərbaycanlı tələbələr olaraq Azərbaycanı orada doğru şəkildə tanıda bilək. Yəni Azərbaycanın istər xarici və daxili siyasəti, istər adət-ənənələri, istər faciəli, soyqırım və yaxud bayram günləri olsun, bunları doğru şəkildə tərənnüm edib, Türkiyə cəmiyyətinə tanıdaq. Bununla əlaqədar olaraq üzü 1998-ci ildən bu yana bir çox proqramlar, layihələr, aksiyalar, tədbirlər həyata keçirmişik. Ancaq qardaş dövlətdə belə bir məsələ də var ki, reallaşdırmaq istədiyin hər hansı bir tədbiri, aksiyanı rəsmi qurum olmadan keçirmək mümkün deyil. Daha doğrusu, həmin tədbirləri keçirmək üçün mütləq hansısa bir qurumun adını verməlisən, ondan istifadə etməlisən. Məsələn, 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Türkiyənin ziyalı təbəqəsinin çox yüksək olduğu Əskişəhərdə "Xocalı soyqırımına son!" adlı 3 günlük fotosərgi və imza aksiyası keçirdik. Bu tədbiri də Əskişəhərin ən böyük küçəsi olan Hamamyolu caddəsində, açıq səma altında keçirdik.

Demək istəyirəm ki, biz orada bu cür işlərə imza atırıqsa, o zaman diaspora yaratmalıyıq, rəsmi adımız, ünvanımız olmalıdır, yəni kiminsə qapısını döyəndə bununla əlaqədar bir problem yaradılmasın. Çünki 2005-ci ildə başıma belə bir hadisə gəlmişdi

- O hadisə nə ilə bağlıdır?

- O vaxt Əskişəhərdə Azərbaycanda - 1990-cı ildə baş verən qanlı 20 Yanvar hadisələrinin 15-ci ildönümü ilə əlaqədar tədbir keçirmək istəyirdik. Bununla əlaqədar, Dini Müftiliyə getdim. Türkiyədə cümə namazlarında xütbə, vaz bir məsciddən verilir. Gedib, mərkəzi müftiylə görüşdüm ki, məsciddə verilən vazda 20 Yanvar hadisələri zamanı şəhid olan insanlarımızın ruhuna bir fatihə oxunsun və bununla Bakıda belə bir hadisə olduğunu türk xalqı duysun, xəbərdar olsun. 20 Yanvar nədir, o zaman nələr baş verib, bunun ən azından insanlar-türk insanları araşıdarsınlar. Həmin vaxt müftinin mənə qısa sualı oldu ki, sən kimsən, hansı qurumu təmsil edirsən. Bu sual məndə həmin şəhərdə, qardaş ölkədə azərbaycanlılardan, xüsusilə, orada təhsil alan azərbaycanlı tələbələrdən ibarət bir qurum, diaspora təşkilatı yaratmaq fikrini daha da alvolandırdı.

Burada başqa bir məsələ də var ki, Türkiyədə hansısa bir qurum yaratmaq üçün ən azı Türkiyə vətəndaşı olan 7 nəfərin imzası, təsisçiliyi lazımdır. Biz bu məqsədlə türkiyəli dostlarımızla əlaqələr, dialoq qurduq, onları bu məsələyə cəlb etməyə çalışdıq. Düzünü deyim ki, ilk vaxtlar bəzi insanların çəkingənlikləri olurdu. Onları da qınamaq lazım deyil. Çünki bu cür qurumlara daxil olanda onlar fikirləşirlər ki, bunun nəticəsi, görəsən, nə ola bilər?

- Yeri gəlmişkən, nə qədər üzvünüz var?

- Hazırda 100-dən yuxarı üzvümüz var. Bunların da, haradasa, 60-70 faizi azərbaycanlı tələbələrdən ibarətdir. Onlar bizim yürüyən ayaqlarımızdır, biz onların sadəcə, düşünən beyinləriyik. Çünki bu cür işlərdə ən aktiv olan təbəqə təbii ki, gənclərdir, gənc tələbələrdir. Çox sağ olsunlar, gənc insanlarımız bu qurumun daha effektiv fəaliyyət göstərməsi üçün böyük fədakarlıqlar göstərirlər.

- Bəs, qarşıda hansı tədbirləri görməyi nəzərdə tutursunuz?

- Bildiyiniz kimi, artıq neçə illərdir, Heydər Əliyev Fondunun və Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası keçirilir. Onu da qeyd edim ki, biz hələ bu kampaniya başlamazdan xeyli öncə bu soyqırım aktının Türkiyə ictimaiyyətinə tanıdılması istiqamətində fəaliyyətlərimizi ortaya qoymuşuq və indi də bu yöndə işlərimizi davam etdiririk. Odur ki, Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı bir tədbir keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, türk dünyasının milli bayramı olan Novruz bayramı ilə bağlı tədbir keçirmək istəyirik. Bu yerdə onu da qeyd edim ki, Azərbaycandan fərqli olaraq, Türkiyədə iki cür - rəsmi dövlət bayramları və dini bayramlar qeyd olunur. Azərbaycanda isə həm rəsmi dövlət bayramları, həm dini bayramlar olan Qurban və Orucluq bayramları, həm də bütövlükdə türk dünyasının yeganə milli bayramı olan Novruz bayramı qeyd olunur. Təəssüflər ki, bu bayrama Türkiyədə hələ də Osmanlı zehniyyəti ilə yanaşan, onu qəbul etməyə tərəddüd edən insanlar var. Ancaq əslində, bu bayram türklərin sırf milli bayramıdır. Ona görə biz bu bayramla bağlı geniş tədbirlər keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, çalışırıq və çalışacağıq ki, Dərnəyimizə Əskişəhərdə yaşayan türk insanlarını, başqa türk toplumlarının nümayəndələrinin cəlb edək, onları Azərbaycan həqiqətləri ilə daha yaxından tanış edək.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 18 fevral.- S. 4.