Londonda Azərbaycanın
tanıtımı ilə
bağlı tədbir
keçirilib
"Azərbaycan" Cəmiyyəti mədəniyyətin
təbliğini istəyir
Böyük
Britaniyanın məşhur "Royal Holloway" universitetinin
"Azərbaycan" Cəmiyyəti Londonda Azərbaycanın
tanıtımı ilə bağlı tədbir keçirib. Cəmiyyətdən
verilən məlumata görə, mərasimə Azərbaycanın
İngiltərədəki səfiri Fəxrəddin Qurbanov da
qatılıb. Tədbiri giriş nitqi ilə açan cəmiyyətin
sədri Cəbrayıl İsmayılov Azərbaycanla
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması üçün bütün
dünyada diaspor təşkilatlarımızın, cəmiyyətlərin
fəal olmasının vacibliyini vurğulayıb. C.İsmayılov
tədbirin keçirilməsinin də məhz bu məqsədə
xidmət etdiyini dilə gətirərək bildirib ki, Azərbaycanın
tarixi ilə bağlı yanlış məlumatların
yayılmasının qarşısını almaq
üçün ölkəmizin yürütdüyü siyasət,
mədəniyyətimiz, tariximiz təbliğ
olunmalıdır. Azərbaycan tarixi, siyasəti barədə tədbir
iştirakçılarına dolğun məlumat verən
Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbə
Babək Məmmədzadə isə erməni işğalı
nəticəsində 1 milyondan çox qaçqın və məcburi
köçkünün öz doğma yurd- yuvasından didərgin
düşdüyünü diqqətə çatdırıb.
Torpaqlarımızın erməni
işğalçılarından azad edilməsi yönündə
hələ ki danışıqlar
aparıldığını söyləyən B.Məmmədzadə
ölkə prezidentinin dediyi kimi danışıqlar səmərə
verməzsə, hərb yolunun qaçılmaz olduğunu
vurğulayıb. B.Məmmədzadə bildirib ki, Azərbaycan
qoşulduğu beynəlxalq konvensiyaların hər bir tələbinə
əməl etsə də, Ermənistan bu tələblərin
heç birinə məhəl qoymayaraq imza atdığı sənədlərin
tələblərini pozmaqda davam edir. Ölkəmizin strateji
coğrafi zonada yerləşdiyini söyləyən universitet
tələbəsi, Azərbaycanın əksər xarici ölkələrin
maraq nöqtəsində olduğunu bildirib. Daha sonra
universitetin doktoranturasında təhsil alan azərbaycanlı tələbə
Vüsal Musayev söz alaraq ölkəmizin
iqtisadiyyatının dinamik inkişafından
danışıb. V.Musayev artıq Azərbaycanın
dünyanın inkişaf etmiş ölkələri ilə
iqtisadi baxımdan iş birliyi qurduğunu da diqqətə
çatdırıb.
Cəmiyyətin
nümayəndəsi İsmayıl Məlikov isə Azərbaycanın
qədim mədəni irsindən söz açıb. Azərbaycan
mədəniyyətinin dünyanın hər bir yerində təbliğinin
vacib olduğunu söyləyən İ.Məlikov hər bir azərbaycanlının
mənfur düşmənlərimizə mədəni sərvətlərimizə
sahib çıxmağa əngəl törətməli
olduğunu bildirib: "Azərbaycan muğamı ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKOnun xoşməramlı səfiri Mehriban Əliyevanın
sayəsində layiqincə təbliğ olunur. Xaricdə
yaşayan, təhsil alan hər bir azərbaycanlının
borcudur ki, bu ənənəni yaşatsın. Məhz bu
gün biz öz mədəni dəyərlərimizə sahib
çıxmaqda səy göstərməliyik. Çünki
ermənilər Azərbaycanın mədəniyyətinə
xas olan musiqini, dəyərli əsərlərimizi öz
adına çıxmaqda davam edir".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 18 fevral.- S. 4.