"İrs"
rəhbəri qızıl
medal aldı
Sidqi Mustafayev: "Bu mükafat həm də ansambla
verilən qiymətdir"
"İrs" folklor
ansamblının yaranmasının 35 illiyi və onun bədii
rəhbəri, məşhur tarzən Sidqi Mustafayevin anadan
olmasının 70 illik yubileyi ilə bağlı AMEA Folklor
İnstitutunun binasında tədbir keçirilib. Tədbirdə
natiqlər çıxış edərək
"İrs"in keçdiyi yoldan və onun
yaradıcısı Sidqi müəllimin fəaliyyətindən
söz açdılar.
Çıxış
üçün söz "Avropa" nəşr evinin
direktoru, fəlsəfə elmləri doktoru Şöhrət Səlimbəyliyə
verildi. Ş.Səlimbəyli bildirdi ki, görkəmli tarzən
S.Mustafayevin milli-mənəvi dəyərlərin
qorunub-saxlanmasında, qədim musiqi alətlərinin bərpa
olunmasında xidmətləri böyükdür: "Ölkədə
keçirilən kütləvi tədbirlərdə
yaxından iştirakına, cəmiyyətdəki fəal,
ziyalı mövqeyinə, folklor ansamblının, eləcə
də mədəni ocaqların müasir tələblər
işinin qurulmasında dəyərli elmi təkliflərinə,
vətəninə sonsuz sevgisinə görə, ümummilli
lider Heydər Əliyev ideyalarının sədaqətlə
yerinə yetirilməsində və ölkə mədəniyyətinin,
folklorunun inkişafına görə, S.Mustafayev
"Avropa" nəşr evinin qızıl medalı ilə təltif
edilib".
Sonra adıçəkilən
qurumun rəhbəri həmin medalı məşhur tarzənə
təqdim etdi. "İrs"in solisti Mehman Hacıbəyli 30
ildir bu ansamblda çalışdığını dedi:
"Ürəyim dağa döndü, fərəhləndim. Sidqi
müəllim nəhəng adamdır. O nəinki qızıl
medala, hətta xalq artistinə, prezident təqaüdünə
layiq adamdır".
Digər solist Novruz
Qafarov Sidqi müəllimlə 20 ildir işlədiyini dedi:
"Folklorun inkişafında onun xidmətləri
böyükdür. Xalqımızın keçmişinə,
irsinə xidmət edir. Bir sözlə, adət-ənənəmizi
yaşadan sənətkardır. Sidqi müəllimin əməyi
dövlət tərəfindən qiymətləndirilməlidir".
Muğam
festivalının iştirakçısı Ülviyyə Rəhimova
(Sədaqət): "Bu ansamblın gənc üzvüyəm. Sidqi
müəllim xalq artisti adına, şöhrət ordeninə
layiq adamdır. Arzu edirəm ki, böyük sənətkar
tezliklə öz layiqli adını alsın".
Qocaman mədəniyyət işçisi Aşur Adıgözəlov S.Mustafayevi "İrs"in araşdırıcısı, bələdçisi kimi tanıyır. Tədbirin sonunda yubilyara da söz verildi: "Mənə verilən yüksək qiymətə görə "Avropa" nəşr evinin rəhbərliyinə, Folklor İnstitutunun rəhbərliyinə, o cümlədən tədbir iştirakçılarına öz dərin təşəkkürümü bildirirəm. Bu mükafat təkcə mənim əməyimə yox, "İrs" folklor ansamblının kollektivinin əməyinə verilən qiymətdir. Çalışacağıq ki, bu yüksək etimadı həmişə doğruldaq".
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 18 fevral.- S. 5.