İqtisadi İnkişaf
Nazirliyində korrupsiyaya
qarşı tədbirlər
gücləndirilib
Həmişə prioritet olan məsələlərin
tez və maneəsiz həyata keçirilməsi sürətlənib
Məlum olduğu kimi,
Azərbaycan hökuməti korrupsiya və bu kimi neqativ hallarla
mübarizə ilə bağlı müvafiq qurumlara
tapşırıqlar verib. Prezident Adminstrasiyasının rəhbəri,
Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın sədri Ramiz Mehdiyevin də ölkədə
korrupsiyaya qarşı təcili tədbirlərin görülməsi
barədə göstərişlərindən sonra müvafiq
qurumlar tərəfindən zəruri tədbirlərin həyata
keçirilməsi üçün əməli işlərə
başlanılıb.
Nəinki yerli ekspertlər,
eləcə də xarici təşkilatların nümayəndələri
bu məsələdə bir daha Azərbaycan hökumətinin
insan haqlarının qorunmasında maraqlı olduğunu
göstərdiyini vurğulayırlar.
Avropa
Şurasının Korrupsiyaya qarşı Dövlətlər
Qrupunun (GRECO) icraçı katibi Volfqanq Rau da Azərbaycanda
korrupsiya ilə mübarizə sahəsində yeni təşəbbüsləri
müsbət qiymətləndirdiklərini deyib. O, təmsil
etdiyi qurumun bu səyləri yalnız
alqışladığını bildirib: "Korrupsiya ilə
mübarizəyə yönəlmiş istənilən təşəbbüsü
biz yalnız alqışlaya bilərik. GRECO öz
hesabatlarında dəfələrlə Azərbaycanın
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın" (2007-2011-ci illər) qəbul olunmasını
müsbət qiymətləndirib və qurumun verdiyi tövsiyələrə
uyğun olaraq, həyata keçirilmiş bəzi konkret irəliləyişlərdən
məmnunluğunu bildirib. Bu, əsasən korrupsiya
hallarını araşdıran hökumət nümayəndələrinin
iş metodlarının və vasitələri, korrupsiyanın
qarşısının alınması sahəsində dövlət
qulluqçularının hüquq və vəzifələrini,
o cümlədən 2007-ci ilin may ayında qəbul edilən vəzifəli
şəxslərin etik qaydalarını nəzərdə
tutan xüsusi normativ əsaslar və çirkli pulların
yuyulmasına qarşı mübarizənin mexanizmləri kimi
vacib məsələlərdir". İcraçı katib
bildirib ki, Azərbaycan korrupsiya əməllərini təqib
etmək, onları aşkara çıxarmaq və təhqiqat
aparmaq sahəsindəki fəaliyyətini daha da
artırmalıdır. Xatırladaq ki, iki həftədən
artıqdır müxtəlif nazirlik və komitələrdə
kollegiya iclasları keçirilir və konkret sahələr
üzrə müvafiq tapşırıqlar verilir. Verilən
tapşırıqların necə icra olunması
üçün müraciət etdiyimiz rəsmi qurumlardan biri
də İqtisadi İnkişaf Nazirliyi (İİN) oldu.
Bürokratik əngəllər aradan
qaldırılır
Nazirliyin mətbuat xidmətinin
rəhbəri Abbas Əliyev bildirdi ki, nazirlikdə keçirilən
iclasdan sonra zəruri işlərin görülməsinə
başlanılıb: "Korrupsiyaya qarşı mübarizə
Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən
biridir. Bu sahədə görülmüş ciddi tədbirlər
nəticəsində qanunvericilik bazası təkmilləşdirilib,
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya" (2007-2011-ci illər) və Fəaliyyət
Planı təsdiq edilib, Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsi və digər
müvafiq qurumlar yaradılıb, sahibkarlıq fəaliyyətinə
mane olan bürokratik əngəllərin və yoxlamaların
aradan qaldırılmasına yönəldilmiş bir sıra sənəd
qəbul edilib. Bu sənədlərdən və müvafiq
prezident fərmanlarından irəli gələrək,
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya"nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planının icrasına dair
nazirliyin 2011-ci il üzrə Tədbirlər Planının
icrasına başlanılıb. Bundan başqa, nazirliyin
sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə
öhdəliklərini icra edərkən şəffaflığın
tam təmin edilməsinə nail olmağa
çalışır, onların üzləşdiyi problemlərə
həssaslıqla yanaşaraq, sahibkarların maraqlarının
təmin olunması istiqamətində fəaliyyətlərini
gücləndiriblər".
İstehlakçıların hüquqları qorunur
Nazirliyin Antiinhisar Siyasəti
və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti inhisarçılıq
və süni qiymət artırılması meyllərinin
qarşısını almağa çalışaraq, azad rəqabət
mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirir,
istehlakçıların hüquqlarının tam
qorunmasını təmin etməklə
yanaşı, neqativ halların baş verməməsi
üçün nəzarəti gücləndirib. Eyni zamanda
xüsusi razılıqların (lisenziya), mənşə
sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları
üzrə müqavilələrin qeydiyyatının
qanunvericiliklə müəyyən olunmuş müddətdə
və qaydada həyata keçirilməsinə nəzarət
gücləndirilib. Digər dövlət qurumları tərəfindən
verilən lisenziyalar barədə məlumatlar müntəzəm
olaraq təhlil edilir və aşkar edilən nöqsanların
aradan qaldırılması ilə bağlı təkliflər
hazırlanır.
"Bu məsələlər həmişə prioritet olub"
Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyəti barədə isə
fondun icraçı direktoru Şirzad Abdullayevdən məlumat
aldıq. Onun sözlərinə görə, ictimai nəzarətin
gücləndirilməsi məqsədilə sahibkarların,
istehlakçıların maarifləndirilməsi, hüquqi
biliklərinin artırılması istiqamətində
müvafiq tədbirlər daha da genişləndirilib. Biznes
mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
məqsədilə sahibkarlıq fəaliyyətini tənzimləyən
qanunvericilik aktlarının təkmilləşdirilməsi,
dövlət nəzarəti tədbirləri, ilk növbədə
yoxlamalar zamanı sahibkarların hüquqlarının
müdafiəsinin gücləndirilməsi, əsassız
yoxlamaların qarşısının alınması, dövlət
qurumları ilə sahibkarlar arasında birbaşa təmasın
minimuma endirilməsi məqsədilə informasiya
texnologiyalarının geniş tətbiq olunması kimi istiqamətlər
üzrə təkliflər hazırlanıb və onların
icrasına başlanılıb: "Nazirlikdə keçirilən
iclasdan sonra ilk öncə sahibkarları maraqlandıran
sualların təhlili aparılıb. Bundan sonra həmin istiqamətlər
üzrə konkret təkliflər hazırlandı. Təkliflərdən
bəziləri ölkədə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin bazarlara
çıxışının təmin olunması ilə bağlı
idi ki, bunun üçün də müəyyən tövsiyələr
hazırlandı. Bundan başqa, nazirin əmri ilə korporativ
idarəetmə standartları qəbul olunub və yeniliyin
sahibkarlıq subyektlərinin daha da inkişaf etdirilməsinə
təkan verəcəyini düşünürük. Korporativ
idarəetmə standartları azərbaycan şirkətlərinin
üzləşdiyi səhmdarların hüquqlarının
pozulması, məlumatın səhmdarlara və geniş
ictimaiyyətə açıqlanması kimi korporativ idarəetmə
və etibarlıq məsələlərini əhatə edir.
Bizim üçün bu məsələlər həmişə
prioritet olub, indi isə sadəcə, bu işlərin tez bir
zamanda və maneəsiz həyata keçirilməsini sürətləndirmişik".
Naibə Qurbanova
Həftə içi.- 2011.- 18 fevral.- S. 6.