Küçə uşaqlarının
hüquqlarını necə
qorumalı?
Kəmalə Ağazadə: "Onlarla maarifləndirmə
işi gücləndirilməlidir"
Bu gün ölkəmizdə
uşaqların hüquqlarının qorunması, onların cəmiyyətdə
özlərinə layiq yer tuta bilmələri istiqamətində
demək olar ki, çox iş görülür. Bunlar da hər
dəfə kütləvi informasiya vasitələrində əksini
tapır. Lakin hələ də insanlarımızın dilində
"küçə uşaqları" deyimi qalır.
Bu cür
adlandırılan, elə bu cəmiyyətin övladları
olan həmin uşaqlar küçələrdə
dolaşır. Onları bizdən ayıran amil də ağrılıdır:
evsiz-eşiksizdirlər, valideyn qayğısından, valideyn
sevgisindən məhrumdurlar. Görəsən, nə vaxtsa
küçələrdə salfetka satan, təkər qaraldan,
dilənən zavallı uşaqları görmədən gedə
biləcəyikmi?!
Təəssüf ki, hələlik
bu suala biz birmənalı cavab verə bilmirik. Ancaq bu yöndə
çalışan rəsmi qurumlarla yanaşı, konkret
işlər görən QHT-lər də var. Onlardan biri də
Azərbaycan Uşaqlar Birliyidir. Birliyin sədri Kəmalə
Ağazadə ilə söhbətimizdə kimsəsiz
uşaqların qaranlıq talelərinə işıq
salmağa çalışdıq.
- Kəmalə xanım, son zamanlar bəzi aidiyyəti
qurumlar küçə uşaqlarının
azaldığını deyir. Ancaq biz müşahidələrimiz
zamanı fərqli situasiyanın şahidi oluruq. Paytaxtda hər
addımda küçə uşaqlarına rast gəlinir. Rəsmi
açıqlamanı bölüşürsünüzmü?
- Ümumiyyətlə,
bu gün Azərbaycanda küçə uşaqları dedikdə,
valideyn himayəsi olmayan, evi olmayan uşaqlar nəzərdə
tutulur. Amma bu bizdə bir qədər fərqlidir. Belə ki,
onlar valideyn nəzarətindən kənarda qalan, valideyn məsuliyyətsizliyi
ucbatından küçələrə düşən
uşaqlardır. Onların küçələrdə
çox görünməsi isə mövsümlə əlaqəlidir.
Hansı ki, qışda soyuq olduğundan daha çox
daldalanacaqlara çəkilirlər. Yayda isə onları
küçələrdə daha çox görmək olur. Bu
uşaqların azalmasına gəlincə, mən öz təşkilatımızın
adından deyə bilərəm ki, bəlkə də biz
sırf küçə uşaqlarının problemləri ilə
məşğul olan yeganə təşkilatıq. Belə ki,
onların küçəyə düşmələrinin səbəblərini
araşdırırıq, onları təhsilə cəlb
edirik, sənədlərinin düzəlməsinə kömək
edirik, əgər ailə münaqişəsi nəticəsində
küçələrə düşübsə, onların
ailələrini tapırıq. Ümumilikdə isə
onların azalması üçün profilaktik tədbirlər
həyata keçiririk.
- Hazırda həmin uşaqlarla bağlı ən
böyük problem dedikdə nə nəzərdə tutulur?
- Onların əsas
problemləri şəxsiyyəti təsdiqləyən
doğum şəhadətnamələrinin olmaması, təhsildən
yayınmaları, həmçinin ailə münaqişəsi
zəminində küçəyə düşən
uşaqlarda pis vərdişlərə qurşanmaq kimi hallar da
çox müşahidə olunur. Lakin biz QHT olaraq təbii ki,
bu problemlərin aradan qaldırılması istiqamətində
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq
quraraq xeyli iş görürük ki, problemlər öz
müsbət həllini tapsın.
- Bildiyimizə görə, onların əksəriyyəti
bölgələrdən gələndir, bu, belədirmi? Belədirsə,
səbəb nədir?
- Bunun ən
başlıca səbəblərindən biri odur ki, paytaxt
olduğuna görə ailədaxili münaqişə zəminində bəzi problemlər yaşayan
qadınlar uşaqlarını da götürüb Bakıya
üz tuturlar. Onlar elə düşünürlər ki,
bütün problemlərin həlli elə buradadır. Amma təbii
ki, vəziyyət onların düşündüyü qədər
sadə olmur. Belə ki, qalmağa yer tapa bilmədiklərinə
görə əksər valideynin uşağı küçəyə
düşür. Bu səbəbdən də xeyli maarifləndirmə
tədbirləri aparılmalıdır ki, onlar
hüquqlarını bilsinlər. Məsələn,
ünvanlı sosial yardım almaq
üçün hara müraciət olunmalıdır, onlara
qarşı zorakılıq halları baş verərkən nə
etməlidirlər, bu kimi məsələlərdə məlumatlı
olsunlar.
- Monitorinq aparmısınızmı, bu uşaqlar daha
çox hansı bölgələrdən gəlirlər?
- Ümumilikdə
götürəndə, demək olar ki, bütün bölgələrdən
var. Şimal və Cənub bölgələrindən gələnlərin
sayı isə çoxluq təşkil edir. Əslində Qərb
bölgəsindən gələnlər də az deyil, ona
görə də ümumi deyə bilərəm ki,
Naxçıvan Muxtar Respublikasından başqa, bütün
bölgələrdən gələnlər çoxluq təşkil
edir.
- Hazırda təxminən nə qədər uşaqla
işləyirsiniz?
- 2005-ci ilin
dekabrından 2010-cu ilin dekabrına qədər təşkilatımızda
1002 uşaq qeydiyyatdan keçib. Amma bu o demək deyil ki,
onların hamısı küçə
uşağıdır. Çünki onların arasında elələri
var ki, ailədə münaqişə nəticəsində evdən
qaçıblar. Buna görə də biz onların ailələrini
tapıb geri qaytarmağa çalışırıq. Bundan
başqa, küçədə yaşayan, təhsildən,
müəyyən biliklərdən xəbərsiz olan
uşaqları təşkilata cəlb edərək onların
maarifləndirilməsi istiqamətində işlər
görürük, məsələn, insan alverinə
qarşı, narkomaniyaya qarşı mübarizə istiqamətində
onları bilgiləndiririk.
- Küçə uşaqlarının arasında
internatdan çıxanlar da az deyil. Rəsmi qurumların
belə təklifi var ki, internatlar
ləğv edilsin. Sizcə, belə bir addım
problemin çözülməsi
yönündə müsbət
nə verə bilər?
- Təbii ki, bu proses tam
şəkildə öz əksini tapmazdan əvvəl xeyli tədbir
görülməlidir. Bu o qədər də asan iş deyil.
Çünki burada uşaqların gələcək taleyindən
söz gedir. Əgər həmin uşaqların veriləcəyi
ailələr arasında müəyyən maarifləndirmə
tədbirləri görülməzsə, proses, təbii ki,
öz müsbət həllini tapa bilməz. Onu da deyim ki, bu məsələ
hələ uzun müddət davam edəcək, mənə elə
gəlir ki, biz buna tam hazır deyilik.
- Uşaqların problemlərinin həlli ilə məşğul
olarkən xarici ölkələrin təcrübəsindən
istifadə edirsinizmi? Ümumiyyətlə, Avropa ölkələrində
bu problem necə yoluna qoyulur?
- Əlbəttə,
istifadə edirik. Bu yaxınlarda Astanada kiçik plenar iclaslar
keçirilirdi, biz də orada iştirak etdik. Albaniyanın,
Makedoniyanın təcrübələri ilə tanış
olduq. Təbii ki, gördüyümüz bu modelləri öz
işimizdə də tətbiq edərək onlardan
yararlanmağa çalışırıq. Həmçinin Azərbaycandakı
beynəlxalq təşkilatlarla da əməkdaşlıq
edirik. Bunlar Beynəlxalq Miqrasiya Təşkilatı,
Açıq Cəmiyyət İnstitutu, Qlobal Fonddur. O ki
qaldı Avropa ölkələrinə, orada uşaqlarla işləyən
komitələrin əməkdaşlarının sayı
çoxdur. Ona görə də bu istiqamətdə tədbirlər
də geniş miqyasda həyata keçirilir.
- Hazırda hansı işlə məşğulsunuz?
- Hazırda təşkilatımız
2 layihə həyata keçirir. Yüksək risk qrupuna daxil
olan uşaqlar arasında HİV profilaktikası, tibbi müayinələrin
təşkili, eyni zamanda psixoloji, hüquqi, tibbi
yardımların göstərilməsi. Digər layihə
regional layihədir ki, bu, Gürcüstan, Azərbaycan QHT-lərinin
birgə hazırladığı baxımsız
uşaqların yerinin təşkili, metodiki vəsait, əmək
bacarığı olanların vəsaitinin
hazırlanmasıdır. Eyni zamanda 3-cü bir layihə
gözlənilir ki, bu da həssas qrupa daxil olan uşaqların
asudə vaxtının səmərəli keçirilməsi
üçün tədbirlər, onların baxımsız
şəraitə düşmək səbəblərinin
araşdırılması və onlar üçün yay
düşərgəsinin təşkilidir. Nəzərinizə
çatdırım ki, birinci layihə Açıq Cəmiyyət
İnstitutu və Qlobal Fondun Azərbaycan nümayəndəliyi
tərəfindən həyata keçirilir. Yay düşərgələrinin
təşkili Açıq Cəmiyyət İnstitutu tərəfindən
"Şərq-Şərq" proqramı çərçivəsində
bərabərlik alyansı olaraq həyata keçirilir.
"Gürcüstan Azərbaycan regional layihəsi" isə
Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisi tərəfindən
maliyyələşdirilir.
- Sizcə, nə vaxtsa ölkəmizdə küçə
uşaqlarına, ümumiyyətlə, rast gəlməmək
olacaqmı?..
- Hətta inkişaf
etmiş ölkələrdə belə bu problem var və hələ
də qalmaqdadır. Ona görə də bu istiqamətdə
bütün dünya ölkələri xeyli tədbir
görür. Elə ölkələr var ki, bu sahədə
artıq inkişaf edib, elələri də var ki, inkişaf
etməkdədir. Problemin tamamən aradan
qaldırılmasına gəlincə isə bu, mənim ən
böyük istəklərimdən biridir. İnanıram ki, cəmiyyətin
də köməyi sayəsində bir gün bu problem tamamilə
aradan qaldırılacaq.
Sevda
Həftə içi.- 2011.- 18 fevral.- S. 6.