ABŞ Milli Kəşfiyyat Xidməti həyəcan təbili çalır
"Dağlıq Qarabağ münaqişəsi
"potensial barıt çəlləyi"ni
xatırladır və bu "çəllək" partlayacaq
"Dağlıq
Qarabağ münaqişəsi "potensial barıt çəlləyidir"
- bu fikirləri ABŞ Milli Kəşfiyyat Xidmətinin
direktoru Ceyms Klepper səsləndirib. "Armenia Today"ın
verdiyi məlumata görə, nümayəndələr
palatasının kəşfiyyat komitəsindəki dinləmələrdə
çıxış edən Klepper deyib:
"Artan hərbi
ritorika, tərəflərin bir-birinə
inamsızlığı, qoşunların təmas xəttindəki
insidentlər vəziyyətin qarışma riskini
artırır". Dinləmələr zamanı Klepper Qafqazda
həll olunmamış münaqişələr məsələsini
qaldırıb və bu münaqişələri Avrasiya
regionunun potensial "qaynar nöqtələr"i
adlandırıb. "Azərbaycan hökuməti Türkiyə-Ermənistan
yaxınlaşması prosesinin dayandırılmasından məmnun
kimi görünür, amma Bakı Ermənistanın
hesabına Qərbin diqqətini Azərbaycanın
maraqlarına yönəltmək niyyətindədir. Tərəflər
arasında etimadın olmaması və ritorikanın
çoxalması, həmçinin ötən yay təmas xətti
boyunca atışmaların davam etməsi kiçikmiqyaslı
hərbi əməliyyatlar riskini artırır və bu da vəziyyətin
gərginləşməsinə gətirib-çıxara bilər".
Regional münaqişələr barədə danışan
Klepper bildirib ki, Moskvanın regionda hərbi iştirakı və
Gürcüstanın separatçı Cənubi Osetiya və
Abxaziya bölgələri ilə siyasi-iqtisadi əlaqələri
və Gürcüstanın bu status-kvo ilə
razılaşmaması gərginliyi artıran səbəblərdəndir.
Azad
Həftə içi.- 2011.- 22 fevral.- S. 1.