"İnkişafın
Azərbaycan modeli"
kitabı müzakirə
olunub
Sığorta-pensiya sistemindəki islahatlar
barədə məruzələr
dinlənilib
Dövlət Sosial Müdafiə Fondunda (DSMF)
"İnkişafın Azərbaycan
modeli: sığorta-pensiya
sisteminin uğurlu islahatı" mövzusunda
"dəyirmi masa"
keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan
"Həftə içi"nə
verilən məlumata görə, "dəyirmi
masa" "İnkişafın
Azərbaycan modeli"
kitabının müzakirəsinə
həsr olunub. İdeya və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev olan kitabın
redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul
"Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.
Tədbirdə çıxış
edən B.Sadıqov bildirib ki, hər
bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında
yer alan
sosial rifah və onun daim
yüksələn xətt
üzrə inkişafına
nail olunması müasir
dövrdə ən vacib vəzifələrdən
biri kimi çıxış edir:
"Çünki sosial
rifah halının, insanların həyat səviyyəsinin yüksək
olmadığı cəmiyyətdə,
dövlətdə möhtəşəm
nailiyyətlərlə müşayiət
edilən inkişafdan
söhbət açmaq
mümkün deyil. Bu mənada sürətli tərəqqiyə can atan
istənilən dövlətin
qarşısında duran
əsas məsələlərdən
biri də maddi rifahın davamlı yüksəlişinə
xidmət edən uğurlu sosial siyasətin həyata keçirilməsidir. Akademik
Ramiz Mehdiyevin ideya müəllifliyi və təşəbbüsü
əsasında işıq
üzü görmüş
"İnkişafın Azərbaycan
modeli" əsərində
ölkədə həyata
keçirilən sosial
yönümlü siyasətin
mahiyyəti dolğun və hərtərəfli
şəkildə açılır.
Əsərdə bir çox
fundamental məsələ ilə
yanaşı, ölkədə
elmi əsaslarla gerçəkləşdirilən pensiya islahatlarına da geniş yer
verilib, bu sahədə əldə olunan uğurlardan söz açılıb".
DSMF sədri Səlim Müslümov isə
"Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin
uğurlu islahatı"
mövzusunda çıxış
edib. O deyib ki, müasir mərhələdə
hər bir ölkənin inkişaf modelinin uğuru qloballaşmanın diqtə
etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların
əlaqələndirilməsindən birbaşa asılıdır:
"Bu gün Azərbaycanın
sığorta-pensiya sahəsində
həyata keçirdiyi
islahatlar və qurulan model nüfuzlu beynəlxalq təşkilatlar
və maliyyə institutları tərəfindən
yüksək qiymətləndirilir,
keçid dövrü
ölkələri üçün
bir örnək kimi tövsiyə olunur.
Əldə olunan bu uğurların
başlıca səbəbi
isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən
Azərbaycanın müasir
və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya
modelinin ortaya qoyulmasıdır. Həmin model müasir dünyada
sığorta-pensiya sistemləri
üzrə ən mühüm elementləri özündə birləşdirir".
Daha sonra dəyirmi masada "Beynəlxalq standartlara əsaslanan islahatların aparılması sığorta-pensiya
siyasətinin strateji istiqamətlərindəndir", "Yeni iqtisadi münasibətlər
sistemində sosial sığortanın təşkili",
"Azərbaycan Respublikasının
sığorta-pensiya sistemi
üzrə milli qanunvericiliyi beynəlxalq hüququn ümumi prinsip və normalarına uyğun formalaşmışdır", "Azərbaycanın yeni sığorta-pensiya sistemi
bazar iqtisadiyyatı şəraitində pensiyaçıların
sosial müdafiəsini
təmin edir" mövzularında məruzələr
dinlənilib.
Naibə
Həftə içi.- 2011.- 22 fevral.- S. 1-2.