Azərbaycandakı tolerantlıq dünyaya nümunədir

 

Cavanşir Paşazadə: "Ölkəmizdə heç bir dini və etnik qarşıdurmalar yoxdur"

 

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi daima ən aktual mövzulardan biri olub. Bu sahə birbaşa olaraq dövlət başçısının xüsusi nəzarəti altındadır. Son günlərdə vətəndaşların hüquqlarının müdafiəsi, onların təmin edilməsi ilə bağlı dövlət başçısı səviyyəsində bir sıra vacib sərəncamlar və göstərişlər verilib. Bütün bunlara baxmayaraq, hələ də Azərbaycanda ayrı-ayrı konkret hallarla bağlı məqamlardan yararlanmağa çalışan bəzi qüvvələr bu sahədə ciddi problemlərin olduğunu iddia edirlər.

Ölkəmizdə dini, etnik qarşıdurmaların yaradılmasına çalışırlar. Lakin bu cəhdlərin hamısının qarşısı vaxtında alınır. Qeyd olunan məsələlərlə bağlı suallarımızı isə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə cavablandırır:

 

- Azərbaycanın müasir dövlət quruculuğu, bugünkü demokratik yolla irəliləməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun hakimiyyətə gəlişindən sonra vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, müdafiəsi istiqamətində konkret addımlar atıldı. Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Sonradan referendumlar vasitəsi ilə vətəndaşların hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi həyata keçirildi. Qanunvericilikdə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun ciddi dəyişikliklər qəbul edildi. Bu siyasət hörmətli prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu dövlətin ən ali məqsədlərindən biri məhz insan hüquq və azadlıqlarının müdafiəsinin ən yüksək təminidir.

- Son zamanlar Azərbaycanda bir sıra qüvvələr din pərdəsi altında ölkədəki vəziyyəti qarışdırmaq istəyirlər. Sizcə, ölkəmizdə dini etiqad azadlığının təmin olunması hansı səviyyədədir?

- Heç kimə sirr deyil ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir dövlətdir. Burada müxtəlif dinlərə sitayiş edən insanların ümumi bir ahəngi yaranıb. Azərbaycan bu gün dünyaya örnək ola biləcək bir tolerantlığa malikdir. Heç kim irqi, dini, etnik mənsubiyyətinə görə təqib edilmir. Əgər ölkə ərazisinə nəzər yetirsək görərik ki, məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Dini tolerantlıq ölkədə ən yüksək səviyyədə təmin olunub. Bu iş birbaşa hörmətli prezidentimiz İlham Əliyevin nəzarəti altındadır. Parlamentin keçən çağırışında bu sahə ilə bağlı çox mühüm addım da atıldı. Dini etiqad azadlığı haqqında qanun yenidən işlənərək qəbul edildi. Əvvəlki qanun keçən əsrin 90-cı illərində qəbul olunduğu üçün müasir zamanın tələblərinə cavab vermirdi. Lakin indiki qanun bu sahədəki boşluqları tam olaraq aradan qaldırdı. Bununla belə, zaman-zaman qanuna müxtəlif əlavə və dəyişikliklər edilməsi mümkündür. Konstitusiyamızda da hər kəsin dini etiqad azadlığının olduğu təsbit edilib. Bu gün Azərbaycanda istənilən şəxs istədiyi dinə sitayiş edə və sərbəst şəkildə bunu ifadə edə bilər. Millət vəkili Rəbiyyət Aslanovanın sədri olduğu İnsan Hüquqları komitəsi də vətəndaşlarımızın hüquqlarının müdafiəsi, bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görür. Dövlət qurumlarında təmsilçilik baxımından da dini mənsubiyyət problemi yoxdur. Lakin bütün bunların hamısı qanun çərçivəsində baş verməlidir. Azərbaycanda din dövlətdən ayrıdır. Lakin dindarlar dövlətdən ayrı deyil. Biz dünyəvi bir dövlətik. Bu baxımdan hamı qanunun tələblərinə ciddi şəkildə əməl etməlidir. Son dövrlər bəzi qüvvələr dövlətin bu sahə ilə bağlı çıxardığı qərarlardan istifadə edərək vəziyyəti qarışdırmaq istəsə də, bunun qarşısı çox ciddi bir şəkildə alındı. Hamı qanun qarşısında bərabərdir.

- Etnik azlıqların hüquqlarının müdafiəsi ilə bağlı nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, Azərbaycan tolerant bir ölkədir. Milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan Azərbaycan pasportunu daşıyan hər bir kəs Azərbaycan vətəndaşıdır. Onların hamısı bir nəfər kimi Konstitusiyada ölkə qanunvericiliyində əksini tapmış hüquq azadlıqlara malikdirlər. Bu gün Azərbaycanda heç bir etnik qarşıdurma yoxdur. Bütün xalqların hamısı bir ailə kimi yaşayır. Etnik azlıqların milli- mədəni irslərinin qorunub saxlanılması, dillərinin inkişafı daima dövlətin diqqətindədir. Əgər nəzər yetirsək görərik ki, Azərbaycanda rus, kürd, talış s. dillərdə qəzetlər, jurnallar nəşr edilir. Müxtəlif mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Prezident hər zaman bölgələrə səfər edərkən etnik xalqların nümayəndələri ilə ayrıca görüşlər keçirir. Etnik azlıqların hüquqlarının ən yüksək səviyyədə qorunduğunu sübut etmək üçün bugünkü Milli Məclisin tərkibinə baxmaq kifayətdir. Bu gün parlamentdə milliyyətcə yəhudi, rus, avar olan deputatlarımız var. Onların hamısı çox yüksək bir şəkildə dövlətin milli maraqlarının müdafiəsi istiqamətində çalışırlar.

- Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda son illərdə insan hüquq və azadlıqları sahəsində geriləmə olduğunu iddia edirlər. Bu məsələ ilə bağlı düşüncələriniz nədir?

- Hansı beynəlxalq təşkilatlardan söhbət getdiyi hamıya məlumdur. Onlar konkret qüvvələrin maraqlarına xidmət edirlər. Əgər son illərdə hazırlanan hesabatları nəzərdən keçirsək, insan hüquqları sahəsində vəziyyətin "yaxşı" olduğuna dair elə ökələrin adlarına rast gəlmək olar ki, bu sadəcə gülüş doğurur. Hətta həmin beynəlxalq QHT-lərin hesabatlarında Azərbaycanın ərazi bütövlüyünə də dəfələrlə hörmətsizlik edilib. Dağlıq Qarabağ ayrı bir müstəqil qurum kimi göstərilib. Onların niyyətinin nədən ibarət olduğu hamımıza məlumdur. Sirr deyil ki, ölkəmizdə ictimai siyasi asayişi pozmağa cəhd göstərən qüvvələr var. Onların məkrli niyyətlərinin qarşısı alındığı üçün bu cür təşkilatlar vasitəsi ilə Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməyə çalışırlar. Lakin həmin qüvvələrin bu səylərinin də qarşısı alınacaq. Azərbaycan bu gün dünyanın ən mötəbər insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən Avropa Şurası, BMT, ATƏT-lə sıx əməkdaşlıq edir. Ölkəmiz Avropa İnsan Hüquqları Məhkəməsinə qoşulub. Hər bir vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı birbaşa olaraq Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir. Bu beynəlxalq qurumlar ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, təmininin çox yüksək səviyyədə olduğunu deyirlər. Təbii ki, problemlər də mövcuddur. Biz gənc bir dövlətik. Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün demokratik islahatlar yoluyla inamla irəliləyirik. Lakin inanıram ki, bir müddət keçdikdən sonra bu problemlər də tam olaraq aradan qaldırılacaq.

- Qarşıdan Xocalı soyqırımının 19-cu ildönümü gəlir. Milyonlarla azərbaycanlıların hüquqları hələ də ermənilər tərəfindən pozulmuş halda qalır...

- Təbii ki, vətəndaşlarımızın düşdüyü bu acınacaqlı durumun aradan qaldırılması üçün ölkə rəhbərliyi bütün vasitələrdən istifadə edir. Onların pozulmuş hüquqlarının bərpa edilməsi prezident İlham Əliyevin də dediyi kimi, dövlətin qarşısında dayanan ən başlıca vəzifədir. Ermənistanın vətəndaşlarımızın hüquqlarını kobud şəkildə pozması mühüm beynəlxalq təşkilatların sənədlərində əksini tapsa da, beynəlxalq birlik hələ də onların hüquqlarının bərpası ilə bağlı konkret addımlar atmır. Mən Azərbaycanı "tənqid edən" həmin beynəlxalq QHT-ləri Xocalı soyqırımının qurbanlarının hüquqlarının bərpasına, itkin düşmüş minlərlə vətəndaşlarımızın geri qaytarılmasına çalışmağa səsləyirəm.

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 3.