"Böyük Millət Məclisinin Xocalı faciəsini soyqırım kimi qəbul etməsi çox önəmlidir"

 

Camal Mehmetxanoğlu: "Belə bir addımın atılacağını fikirləşirəm"

 

Türkiyədə yaşayan azərbaycanlılar qurultaya hazırlaşırlar. Bir çox vacib qərarın qəbul ediləcəyi gözlənilən bu tədbirin soydaşlarımızın təşkilatlanması üçün önəmli olacağı da vurğulanır.

Təşkilatçı İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu hazırlıq işləri və digər məsələlərlə bağlı "Həftə içi"nin suallarını cavablandırdı.

- Turkiyə azərbaycanlılarının qurultayına hazırlıq işləri necə gedir? Qurultayda hansı ölkələrdən nə qədər qonaqların iştirakı nəzərdə tutulub?

- Qurultayımızda əsasən Türkiyədə yaşayan azərbaycanlıları bir araya gətirməyə çalışırıq. Tədbirə Qars, İqdır, Ağrı, Van, Muş, Amasiya, Toqat və böyük şəhərlərdə yaşayan Azərbaycan türkləri də qatılacaq. İndiyə qədər Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin 15-dən çoxu qurultayımızı dəstəklədiyini açıqlayıb. Ümidvaram ki, yaxın günlərdə digər dərnəklərimiz də qurultaya hazırlıq prosesinə qatılacaqlar. Bir də Avropa və Amerikada, Azərbaycan diaspora fəaliyyətində aktiv iştirak edən Türkiyədən köçmüş Azərbaycan türklərinin mütləq qatılmasını istəyirik. Belçikadan Ayhan Dəmirçi, Bülənt Gürcam, Amerikadan Tomris Azəri, Hollandiyadan İlhan Aşqın, İngiltərədən Əli Atalar, Əkbər Gəncə kimi insanlar gələcəklərini bildiriblər. Bndan başqa, qurultaya Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını, Beynəlxalq Diaspor Mərkəzini, Hər iki DAK-mızı və diaspor təşkilatlarımızın hamısını dəvət edəcəyik. Biz qurultay iştirakçılarının sayının 200 nəfər olacağını nəzərdə tuturuq. 150 nəfər Türkiyədən, 50 nəfər Azərbaycan və xarici ölkədən olacaq. Qurultayımıza qatılmaq istəyənlərin sayı artıq olarsa, bu sayı təzədən gözdən keçirəcəyik. Tədbirə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və siyasi partiya sədrlərini də dəvət edəcəyik.

- Xocalı faciəsi ilə bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulub?

- Xocalı faciəsi ilə əlaqədar olaraq Azərbaycanın İstanbuldakı Baş Konsulluğu silsilə tədbirlər keçirilməsini nəzərdə tutur. Bu tədbirlərdən birincisi fevralın 23-də İzmirdə keçiriləcək. Dərnəyimiz, başqa tədbir keçirmək əvəzinə bu tədbirə dəstək verəcək. Tədbirin proqramına "Tarixi proseslər içərisində Xocalı soyqırımı və Qafqazda sülhün təmini üçün Türkiyə-Azərbaycan münasibətlərinin önəmi" mövzusu müzakirə ediləcək. Bundan başqa sərgi təşkil olunacaq, soyqırım faktları səhnələşdiriləcək. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, millət vəkilləri Qənirə Paşayeva, Elman Məmmədov iştirak edəcəklər. AKP-li millət vəkilləri də tədbirə qatılacaqlar. Amma kimlərin qatılacağı hələ dəqiqləşməyib. CHP-dən millət vəkili Canan Arıtman, MHP-dən millət vəkili Senol Bal olacaq. Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı iştirak edəcək. Həmçinin İzmir Protokolu imzalanacaq və kitab təqdimatları olacaq.

- Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Nə gözləyirsiniz?

- Türkiyə Böyük Millət Məclisində məsələnin müzakirə edilməsi vacib hadisədir. TBMM-in Xocalı faciəsini soyqırım kimi qəbul etməsi çox önəmlidir. Belə bir addımın atılacağını fikirləşirəm.

- Diaspora olaraq TBMM üzvləri ilə danışıqlar aparırsınızmı?

- Hələ belə bir görüşümüz olmayıb.

- Fəxri qonaqlar kimlər olacaq. Bu siyahı artırıla bilərmi?

- Qurultayımızın fəxri qonaqları bəllidir. Ancaq yaxın günlərdə bu sayın artacağını düşünürük. 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Azərbaycan Demokratik Cümhuriyyətində Milli Təhsil Nazirliyi, Hökumət Nazirliyi və Daxili İşlər Nazirliyinə rəhbərlik edən Nəsib bəy Yusifbəylinin nəvələri - İzmirdə yaşayan Nəsib Kürdəmir və Ankarada yaşayan Şaiqə Qasprallı Kürdəmir, Cavad Xanın İstanbulda yaşayan nəvələri, ADR-in ilk baş naziri Fətəli xan Xoyskinin nəvələri - İbrahim xan Xoyski və Leyla xan Xoyski-Şeyxzamanlı fəxri qonaqlarımız sırasındadır.

- Orada yaşayan azərilərin siyasi fəallığının artırılması və parlament seçkilərinə qatılması ilə bağlı planlar varmı?

- Qurultayımızın bir məqsədi də Türkiyədə yaşayan Azərbaycan türklərinin hər sahədə fəallığının artırılmasına nail olmaqdır. Parlament seçkiləri ilə əlaqədar olaraq təəssüf ki, ortaq fəaliyyət göstərilmir. Tək-tək çalışan dostlarımız var. Sinan Oğan, Ənvər Türkoğlu kimi dostlarımız millət vəkili seçilə bilmək üçün çalışırlar. Amma bu çalışmalar təəssüf ki, arzu olaraq qalır. Heyf ki, məsələ təşkilatlar çərçivəsinə salınmır.

- CanaZ.TV-nin fəaliyyəti ilə bağlı hansı yeniliklər gozlənilir? Problemlər nədən ibarətdir, dəstək verilirmi?

- Canaz.TV-nin əsasən maddi problemi var. Bunu isə ancaq öz gücümlə həll edəcəyəm. Son bir ildə gördüm ki, heç kimin belə bir televiziyaya, media quruluşuna ehtiyacı yoxdur. Ona görə də heç kim dəstək vermədi. Çalışıram ki, Canaz.TV-yə yenidən həyat verim. Bilmirəm bunu bacara biləcəyəm ya yox? Amma bu istiqamətdə çalışıram. İmkanlı insanlarımızın əksəriyyətinin milli düşüncələri olmur, ya da zəif olur. Milli düşüncəli insanların isə pulu olmur. Həmişə fikirləşirəm: "Mən imkanlı olsaydım yenə də milli düşüncəli olardımmı?" Sonra da belə cavab verirəm: "Milli düşüncələri olan insan, pulunu bu işlərə xərclədiyinə görə heç vaxt zəngin ola bilməz".

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 4.