"Azərbaycanda torpaq islahatları başa çatıb"

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində təkrar bölgünün nadir hallarda aparıldığını deyirlər

 

Azərbaycanda torpaq islahatlarının başa çatmasına baxmayaraq bəzi bölgələrdə pay torpaqlarının təkrar bölünməsi hallarına bu gün də rast gəlinir. Yerli icra strukturları isə vətəndaşlara bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar.

Belə ki, bəzən müvafiq qurumların rəsmiləri torpaq mülkiyyətçilərinə digər vətəndaşın məhkəməyə şikayəti əsasında təkrar bölgü aparıldığını bildirirlər. Lakin əksər hallarda bu məsələnin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin göstərişi əsasında həyata keçirildiyi söylənilir. Eyni zamanda, sözügedən qurumda yeni torpaq kadastr planının tərtib olunduğu və həmin sənədə müvafiq hər bölgə üzrə torpaq islahatı aparıldığı vurğulanır.

Bu azmış kimi son vaxtlar bir çox rayonların yerli icra strukturları vətəndaşlara pay torpaqlarının geri alınacağı və "Kooperativlərin yaradılması haqqında" qanun layihəsinin qəbulundan sonra təkrar bölgü aparılacağını bildirirlər. Hətta prosesə yaxın aylarda başlanacağı da istisna edilmir. Yerli mütəxəssislər isə mövcud qeyri-müəyyənliyi bu sahədə əhalinin maariflənmə səviyyəsinin aşağı olması ilə əlaqələndirirlər. Ekspertlərin qənaətincə, məhz vətəndaşların torpaq sektorunda həyata keçirilən islahatları mütəmadi izləməməsi mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnir. Bundan başqa, "Torpaq islahatları haqqında" qanunda müəyyən boşluqların olmasının da yerli icra strukturları ilə torpaq mülkiyyətçiləri arasında narazılıqlara yol açdığı vurğulanır.

 

Bəzi pay torpaqları üzrə dəyişiklik edilib, amma...

 

Məsələyə münasibət bildirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq islahatı sektorunun müdiri Əlövsət Süleymanov bəzi rayonlarda vətəndaşlara ayrılan pay torpaqlarının yerinin dəyişdirilməsi ilə bağlı müvafiq qərarların olduğunu təsdiqləyir. Amma sektor müdirinin sözlərinə görə, bu proses torpaqlar bələdiyyələrin balansına verildikdən sonra tamamilə dayanıb: "Düzdür, əvvəllər bəzi insanların torpaqları əkin üçün yararsız yerdə yerləşdiyindən onların payına müəyyən düzəlişlər edildi. Torpaqlar bələdiyyələrə təhvil verildikdən sonra proses dayandırılıb. Çünki indi bələdiyyə torpaqları ancaq hərrac-müsabiqə yolu ilə paylanılır. Yəni, bu gün pay torpaqları üzrə bölgünün dəyişdirilməsi ancaq məhkəmə qərarları olduqda mümkündür".

Təkrar torpaq bölgüsünün sözügedən qurumun göstərişi əsasında həyata keçirilməsinə gəlincə, Ə.Süleymanov bununla da razılaşmır: "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi islahat aparan orqan deyil. Qanunvericilikdə də göstərilib ki, islahatı yerli və rayon aqrar islahat komissiyaları aparır. Bu komissiyalar hansı qərarı qəbul etsələr, biz də həmin qərara müvafiq iş görürük. Eyni zamanda, islahat komissiyalarının tərkibinə yerli icra strukturlarının nümayəndələri də daxildir".

 

"Növbəti islahatlarda vətəndaşlara sərbəstlik veriləcək"

 

Sektor müdiri habelə vurğulayır ki, əgər hansısa bölgədə təkrar torpaq bölgüsü aparılırsa, bu bəzi insanların vətəndaşların məlumatsızlığından sui-istifadə etməsi kimi dəyərləndirilməlidir: "Ola bilər ki, kimlərsə komitənin adından istifadə edərək pay torpaqlarının təkrar bölgüsünü aparsın. Amma belə şifahi məlumatlara inanmaq da doğru olmaz. Digər tərəfdən, bəzi insanların vətəndaşların məlumatsızlığından istifadə edərək bu cür addımlar atmasını da istisna etmirik. Buna görə də əhali torpaq sektorunda həyata keçirilən islahatların detalları ilə maraqlanmalı və yenilikləri mütəmadi izləməlidir".

"Torpaq islahatı haqqında" qanunda müəyyən boşluqların olması barədə ekspertlərin səsləndirdiyi fikirlərə gəlincə, Ə.Süleymanov bununla bağlı birmənalı rəy bildirməyin çətin olduğunu söyləyir: "Sözügedən qanun 1996-cı ildə qəbul olunub. Ölkədə torpaq islahatları da həmin qanuna uyğun həyata keçirilib. Əgər qanunvericilik bazasında hansısa boşluq varsa, buna biz cavabdeh deyilik. Məlum olduğu kimi, qanunlar Milli Məclisdə işlənir və təsdiqlənir. Biz sadəcə icraedici orqanıq. Təbii ki, əgər müvafiq qurumlar adıçəkilən qanuna əlavələr edilməsini zəruri saysalar, onda hansısa dəyişikliklər barədə danışmaq mümkündür. Hazırda isə bu məsələ müzakirə predmeti deyil".

Milli Məclisdə "Kooperativlərin yaradılması haqqında" qanun layihəsinin qəbulundan sonra pay torpaqlarının yenidən bölünəcəyi barədə yayılan məlumatlara da aydınlıq gətirən komitə rəsmisi bunun həqiqətəuyğun olmadığını bildirir: "Düşünürəm ki, bu kimi fikirlər ancaq çaşqınlıq yaratmağa yönəlib. Çünki həmin payçıların hamısı mülkiyyətçidir və hər bir payçıya müvafiq torpaq aktı verilib. Ola bilər ki, mülkiyyətçilər kooperativ şəkildə birləşib, sonradan kollektiv kimi fəaliyyət göstərsinlər. Bu məsələ məcburi olmayacaq və birləşmə istəyə uyğun aparılacaq. Amma yenə də yekun qərar Milli Məclisin atacağı addımdan asılı olacaq və yeni mərhələdə həyata keçiriləcək islahatlar həmin qanunla tənzimlənəcək".

 

 

Sevinc

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 5.