"Mədəniyyət" kanalına Bədii Şura nəzarət edəcək

 

Cəmil Quliyev: "Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm"

 

Artıq bir neçə gündür ki, Azərbaycanda "Mədəniyyət" telekanalı fəaliyyətə başlayıb. Kanalın direktoru vəzifəsinə əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev təyin edilib. C.Quliyevlə söhbətləşib kanalla bağlı ilk təəssüratları və gözlənilən yeniliklər barədə məlumat aldıq.

- Cəmil müəllim, siz "Mədəniyyət" kanalından əvvəl Dövlət Film Fondunun direktorusunuz. Hər iki vəzifəni daşımaq çətin olmayacaq ki?

- Elədir. Hazırda Film Fondunun direktoru vəzifəsini də daşıyıram. Ancaq bu vəzifədən gedib-getməyəcəyim hələlik məlum deyil. Bunu zaman göstəcək. Əgər məqsədəuyğun olsa, fondda da qalıb işimi davam etdirməyə hazıram. Çünki Film Fondu mənim üçün doğma və əziz bir yerdir. Uzun illər orda çalışmışam və bundan sonra da çanla-başla bu işimi də apara bilərəm.

- Mədəniyyət kanalı Azərbaycan mədəniyyətinə nə vəd edir. Rəhbərliyiniz altında bu kanalda hansı yenilikləri görmək olacaq?

- Artıq "Mədəniyyət" kanalı efirdədir, tamaşaçılar gündüz saat 12:00-dan gecə 02:00-a kimi verilişlərimizi izləyə bilərlər. Onu da deyim ki, verilişləri Azərbaycanın istənilən yerindən rahat izləmək mümkündür. Həmçinin Türkiyə, İran və Rusiyada da kanalın izlənməsi üçün şərait yaradılıb. Artıq ilk verilişlərimiz efirə getməkdədir. Qeyd edim ki, kanalın ilk efirə çıxması Beynəlxalq Muğam Mərkəzində təntənəli şəkildə Azərbaycanda ikinci "Muğam müsabiqəsi"nin açılışı ilə elan olundu. Kanalın ilk verilişi də elə bu müsabiqədən birbaşa nümayiş oldu. O ki qaldı nümayiş olunacaq proqramlara, deyim ki, artıq telekanalın proqramları tərtib olunub. Çalışacağıq ki, "Mədəniyyət" telekanalının verilişləri rəngarəng, zəngin və maraqlı olsun. Kanalın fəaliyyətinin milli mədəniyyətimizin təbliğində, inkişafında mühüm rol oynaması üçün bütün gücümüzü ortaya qoyacağıq. Bu vəzifə mənə tapşırıldığı andan bilirəm ki, "Mədəniyyət" telekanalında məni çox ciddi və məsuliyyətli bir iş gözləyir. "Mədəniyyət" kanalının yaranmasında göstərdiyi dəstəyə və mənə belə böyük bir məsuliyyətli iş həvalə etdiyinə görə prezidentə təşəkkürümü bildirirəm. Cənab prezidentin və mədəniyyətsevərlərin etimadını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm, çalışacağam ki, mənə tapşırılan bu işin öhdəsindən layiqincə gəlim.

- Kanalın fəaliyyət strategiyası necə, artıq müəyyənləşdirilibmi?

- Kanalın fəaliyyət strategiyası, görüləcək işlər barədə danışmaq hələ bir qədər tez olsa da, onu deyə bilərəm ki, kanalda yaradıcılıq birliklərinin nümayəndələrindən və tanınmış ziyalılardan ibarət 15 nəfərlik Bədii Şura fəaliyyət göstərəcək. Onu da deyim ki AzTV-nin maarifçilik, musiqi və əyləncəli proqramlar, ədəbi-dram, xalq yaradıcılığı müəllif proqramları redaksiyaları "Mədəniyyət" kanalının tərkibində fəaliyyət göstərəcək. Kanalda aparıcılardan başqa, diktor sisteminin tətbiq olunması da planlaşdırılır.

- Kanalın işçi heyəti haqda nə deyə bilərsiniz?

- Aparıcı işçi heyət artıq bəllidir. Deyim ki, AzTV-nin maarifçilik redaksiyasının baş redaktoru İlham Rəhimli, musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Nadir Axundov "Mədəniyyət" kanalının direktor müavini vəzifəsinə təyin ediliblər. Proqram direktorluğu Fuad Vəlixanova, baş operator vəzifəsi isə Eldar Məmmədova həvalə olunub.

 

 

Mirvari

 

Həftə içi.- 2011.- 22 fevral.- S. 6.