Dövlət Qarabağ Tarixi muzeyi bərpa
edilməlidir
Dövlət
başçısının sərəncamı ilə 2011-ci
il turizm ili elan olundu. Söz yox ki, əsas məqsəd həm
turizm sektorunun inkişafı, infrastrukturun yenilənməsi, bu
sahədəki mövcud problemlərin həlli, xidmət səviyyəsinin
artırılması, həm də qeyri-neft sektorunun
inkişafıdır. Digər məqsəd isə ölkəmizə
gələn əcnəbi turistlərə Azərbaycanı
daha da yaxından tanıtmaq işinə diqqətin
artırılmasıdır. Ötən il ölkəmizə gələn
turistlərin sayı yüz minlərlə
ölçüldüyündən, qeyd olunan məsələnin
aktuallığı artır. Yaxşı məlumdur ki, əcnəbilərə
ölkəmizin tanıdılmasının bir istiqaməti də
məhz muzeylərdən keçir. Bəs bu gün maddi-mədəni
irsimizin təbliğində öndə olan muzeylərimiz buna
hazırdırlarmı? Ölkəmizin tarixini, mədəniyyətini,
o cümlədən əsrlər boyu işğala məruz
qalmasını biz əcnəbilərə necə təqdim
edirik?
Bu istiqamətdə
apardığımız təhlillərdən belə qənaətə
gələ bilərik ki, ölkəmizin işğala məruz
qalmasını qonaqlarımıza lazımi səviyyədə
çatdıra bilmirik. İşğal altında olan 9 rayonun
tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti hazırda
simvolik xarakter daşıyır. Baxmayaraq ki, dörd rayon muzeyi
(Ağdam, Füzuli , Laçın, Qubadlı) yeni eksponat fondu
yarada bilib. İki rayonun eksponat fondu isə (Cəbrayıl və
Füzuli) uzun illərdir Muzey Mərkəzinin fondunda
saxlanılır. Və indiyədək nümayiş belə
etdirilməyib. Bununla yanaşı, Xankəndi, Ağdərə
Xocavənd, Əsgəran rayonlarında belə bir muzeyin fəaliyyətdə
olmasını da nəzərə alsaq, demək işğalda
olan muzeylərin həm sayı, həm də eksponat fondu
artır. Nəticə etibarı ilə işğal altında
olan ərazilərdəki maddi-mədəni irs barəsində
aparılan hər hansı araşdırma lazımi səviyyədə
olmayıb, eksponat fondunun bir qismi erməni işğalında
qalsa da, digər qismi bu gün də pərakəndə şəkildə
saxlanılır. Məsələlərin həllinə səthi
yanaşılması isə təəsüf hissi doğurur. Əgər
biz qonaqlarımızı Şəhidlər Xiyabanını
ziyarətə aparırıqsa, qədim İçərişəhərimizlə
tanış etməyi özümüzə borc biliriksə,
onda niyə də işğalın vurduğu ziyan barəsində
də məlumat verməyək? Axı qonaqlara deyiləsi və
göstəriləsi məqamların sayı onlarca yox, minlərcədir.
Bu gün işğal
altında olan doqquz rayon tarix-diyarşünaslıq muzeylərinin
acınacaqlı vəziyyəti hamını narahat etməlidir.
Vurulan ziyanın həcmi milyardlarla manat həcmində dəyərləndirilirsə,
bizim bu faktları açmamağa, gənclərimizə və
xarici qonaqlara təqdim etməməyə ixtiyarımız
yoxdur. Deyilənlərin təqdimatı isə ancaq muzeylərdə
mümkündür. Deməli, bu sahənin inkişafı diqqət
mərkəzində saxlanılmalıdır. Yəni həm tarixi-diyarşünsalıq
muzeylərinin fəaliyyəti, həm də onların paytaxtda
təqdimatı da müəyyən standartlara cavab verməlidir.
Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, 1991-ci
ilin fevralında həmin dövrdə mədəniyyət
naziri işləmiş Polad Bülbüloğlunun əmri ilə
Şuşada Azərbaycan Dövlət Qarabağ Tarixi muzeyi
yaradılıb. İlkin hazırlıq mərhələsində
həm də muzeyin müəyyən eksponat fondu da
formalaşdırılıb, hətta ştat cədvəli də
təsdiq edilib. Lakin sonrakı siyasi vəziyyət,
torpaqların ermənilər tərəfindən işğal
edilməsi səbəbindən muzeyin fəaliyyəti dayandırılıb.
Sonralar muzeyin bərpası üçün bir qrup
Şuşa ziyalısı tərəfindən təkliflər
irəli sürülsə də, bugünədək muzeyin fəaliyyətinin bərpası
edilməyib. Halbuki onun fəaliyyəti ilə bağlı
Şəhidlər xiyabanında həmin dövrdə boş
qalmış binada, habelə digər turizm marşrutlarının
üstündə yerləşən qədim binalarda yer təklif
olunsa da, müvafiq qurumlar razılıq vermədilər.
Hazırda muzey əməkdaşları dondurulmuş əmək
haqqı alırlar. Bu gün adıçəkilən muzeyin fəaliyyətinin
bərpa edilməsinə həqiqətən ehtiyac var.
Fikrimizcə, vaxtilə
yaradılmış muzeyin bərpası və onun adına
layiq bir yerdə fəaliyyəti gənc nəslin təlim-tərbiyəsində,
həm də ölkəmizin tanıdılmasında müstəsna
rol oynaya bilər. Muzeyin bərpasında işğal
altında olan muzey direktorlarının zəngin təcrübəsindən yararlanmaq isə ümumi işə xeyir
vermiş olardı. Burada bütün işğal olmuş
rayonlar barəsində məlumat və görüntülərin,
qədim eksponatların nümayişinin böyük əhəmiyyəti
var. Muzeylərdə işğal altında olan ərazilərdəki
eksponat fondu, bu ərazilərdə zəngin maddi-mədəni
irsimizə aid abidələr barəsində bütün məlumatların
təqdimatı zəruri hesab edilməlidir.
Çıxarılmış eksponatlar arasında yüzlərcə
qədim və qiymətli əşyalar da var. Bununla
yanaşı, işğal altında ən qədim
dövrümüzü əhatə edən Füzuli rayonunda
aşkar edilmiş Azıx mağarası, yüzlərcə qədim
istehkam və qalalar, hətta bu ərazilərdə
aparılmış qazıntı işləri barəsində
məlumatların bir mərkəzdə toplanılması zəruri
sayılmalıdır. Unutmamalıyıq ki,
özümüzü tanıtmağımızın verdiyi
xeyir heç bir ölkənin pul vahidi ilə
ölçülə bilməz. Bərpa ediləcək muzeydə
işğalın şahidlərinin canlı görüntüləri, fikir və mülahizələri
də yer ala bilər. Bir müddətdən sonra bu
faktların toplanılması hər birimiz üçün
çox çətin olacaq.
Beləliklə, həm
işğal altındakı muzeylərin bərpası,
xüsusən də Dövlət Qarabağ Tarixi Muzeyinin bərpası
hər birimizin diqqətində olmalı, Mədəniyyət
və Turizm Nazirliyi bu işə məsuliyyətlə
yanaşaraq, öz üzərinə düşən tarixi
missiyanı lazımı səviyyədə həyata
keçirməlidir. Bunun üçün nazirliyin həm maliyyə resursları, həm də kadr
potensialı var.
Vüqar Tofiqli
Həftə içi.- 2011.- 22 fevral.- S. 6.