Bu gün Su çərşənbəsidir
Novruz çərşənbələrini layiqincə
qarşılamaq lazımdır
Hər bir xalqın
tarixində müxtəlif bayramlar, el şənlikləri olub.
Onlardan bəziləri xalqa yad ideologiya ilə bağlı
olduğundan zaman keçdikcə unudularaq yaddaşlardan
silinib. Yalnız o bayramlar əsrlərin sınağından
keçir ki, onların əsasında humanist milli və bəşəri
ideyalar durur. Xalqımızın qədimlərdən bu
günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan
biri Novruz bayramıdır. Bu bayram yeni ilin
başlanğıcı hesab olunur və bolluq, bərəkət,
firavanlığın əzəli rəmzi kimi məna
daşıyır.
Televiziya işçisi,
pedaqoq Yusif Günaydın da Novruz bayramının tarix boyu
müxtəlif təhriflərə, təqib və yasaqlara məruz
qaldığını deyir: "Ötən əsrin 30-cu illərində
Novruz ənənələrini nəinki xalqın məişətindən,
etnik şüurundan belə, silmək məqsədilə sovet
hakimiyyəti müxtəlif tədbirlərə əl
atırdı. Bu məqsədlə rayon partiya komitələri
tərəfindən beynəlmiləl tərkibli xüsusi
komissiyalar yaradılırdı ki, belə komissiyaların da vəzifəsi
bayramqabağı əhali arasında Novruzun keçmişin
qalığı kimi mövhumat mücəssiməsi olduğu
və yeni sovet adamının mənəvi-əxlaqi
simasına heç cür yaraşmadığı yöndə
təbliğat aparmaq idi. Əsasən ermənilər və
rusların öncül mövqe tutduğu bu komissiyalar təkcə
təbliğat aparmaqla öz missiyalarını bitmiş hesab
etmirdi. Bayram axşamı bütün kəndi qapı-qapı
gəzib, süfrəsində şam yandıran,
ocağında plov bişirilən evlərin sahiblərini
qeydiyyata alıb, cəzalandırmaq üçün
onların adlarını raykoma ötürərdilər".
Y.Günaydının
sözlərinə görə, ötən əsrin 60-cı
illərinin sonunda mərhum Şıxəli Qurbanovun səyləri
ilə bərpa olunan xalqımızın sevimli bayramı müstəqillik
dövründə tam bəraət qazansa da,
çağdaş toplumda, özəlliklə də gənclərimiz
arasında bu qədim bayramın mənşəyi, onun ictimai
məzmunu, tarixi-fəlsəfi kökləri haqda dolğun təsəvvür
və dərin məlumat yoxdur. Pedaqoq bu bayramın genezisi, onun
tarixi mənşəyini belə izah edir: "Martın 22-nin
gecə ilə gündüzün tənləşdiyi qutsal bir
gün kimi etiqadlandırılması eramızdan əvvəl
III minilliyə bağlanır. Yazın bu xoş günündə
çevrədə işığın və hərarətin
artması, suların axışması, torpağın
oyanması, yəni tarla işləri və əkinçilik
üçün münbit şəraitin meydana
çıxması bu günün, yəni martın 22-nin
özünəməxsus bir kultunun yaranmasına səbəb
olub".
Amma hələ bayramı
qarşılayana qədər insana, təbiətə həyat
verən 4 ünsürün - Su, Od, Yel və Torpağın
adı ilə bağlı çərşənbələri
qeyd etməliyik. Bunun üçün də hər çərşənbəni
özünəməxsus adətləri ilə
qarşılamalıyıq. Ələlxüsus da bu cür adətlərimizin
sıradan çıxdığı və unudulduğu bir
zamanda hər il bunları təkrarlamağa ehtiyac duyulur. Novruz
şənlikləri təzə ilin başlanmasına, yəni
martın 21-nə dörd həftə qalmış
keçirilməyə başlayır. Bu aya "boz ay" da
deyirlər. Həmin ayın hər çərşənbəsi
təbiətin bir ünsürü ilə əlaqələndirilib
və beləliklə, insanların təsəvvüründə
ilaxır çərşənbələr yaranıb. Qeyd edək
ki, hələ yazın gəlişinə bir neçə
gün qalmış bayrama ciddi tədarük
görülür və hamı yazı layiqincə
qarşılamağa çalışır. Çünki
inanca görə, yeni ili necə qarşılasan, eləcə
də yola salarsan.
Çərşənbələrin
hərəsinin bir ünsürlə bağlı olması təsadüfi
deyil. Əski inamlara görə, bu çərşənbələrin
hər birində təbiətin 4 ünsüründən biri
"dirilib". Çünki yazın gəlişi məhz bu
4 ünsürlə - Su, Od, Yel, Torpaqla bağlıdır. Bu
gün isə Su çərşənbəsidir və bu
günün özünəməxsus qaydaları var. Digər
Novruz çərşənbələri də daxil olmaqla Su
çərşənbəsində öncə tonqal
yandırmaq lazımdır. Bundan əlavə, xalqın
inancına görə, Su çərşənbəsində
süfrəyə su qoymaq lazımdır. Qədim xalq adətlərinə
görə, bu gün evdən özgəyə su vermək
yaxşı əlamət sayılmır. Yeri gəlmişkən,
Novruz çərşənbələrində evdən bərəkət
sayılan nemətlər - duz, od, çörək, su vermək
olmaz. İnanca görə, kimsə Su çərşənbəsində
diləyini axar suya deyərsə, niyyəti hasil olar.
Bu çərşənbəyə
"Əzəl çərşənbə", "Sular
Novruzu" da deyirlər. Su çərşənbəsində
su və su mənbələri təzələnir, arxlar qaydaya
salınır, su hövzələrində abadlıq işləri
görülür, su ilə bağlı müxtəlif şənliklər
keçirirlər. Su çərşənbəsi suya
tapınma inamı ilə bağlıdır. Hələ
gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü
yuyur, bir-birinin üzərinə su çiləyir, su
üstündən atlanır, yaralıların yarasına su
çiləyirlər. Xalqın inamına görə, Su
çərşənbəsi günü "təzə
su"dan keçərək azar-bezarını ona verənlər
ilboyu xəstəlikdən uzaq olarlar. Həmin gün su
üstündə müxtəlif mərasimlər
keçirilir, qədim türklərdə su tanrıları
sayılan Aban və Yadanın şərəfinə nəğmələr
oxunur. Su çərşənbəsi ilə əlaqədar
çoxlu inanclar, fallar, türkəçarələr,
bayatılar var. Məsələn, süfrəyə suyun
dağılması aydınlıqdır, yaxud "lal axan sudan
keçməzlər" kimi deyimlər indi çoxları
üçün aktualdır. Daha bir adətə görə
isə Su çərşənbəsinin səhəri
alaqaranlıqda bulaq başına gedib gördüyün yuxunu
suya danışmaq lazımdır. Bundan başqa, həmin
gün bulaq başına gedərək orada yuyunmaq əlaməti
ilboyu sağlam olmağa işarədir. Bulaq başında
tonqal qalamaq da bu günün adətlərindəndir.
Xatırladaq ki, bütün Novruz çərşənbələrində
evlərdə artımlı yeməklər - tərkibində
düyü, noxud, buğda, yarma və sair kimi bişirəndə
artan, çoxalan məhsullardan istifadə etmək
lazımdır. Bu el arasında bərəkətə,
bolluğa işarədir.
Folklorşünaslar gecə
ilə gündüzün tarazlaşdığı bir ərəfədə
həyatda hər şeyin yaxşılığa doğru dəyişdiyinə,
həmrəylik və dostluğun yaradılmasına,
küsülülərin mütləq barışmasına
xalqın inandığını söyləyir, bunun həm də
insanların həyat səviyyəsinə müsbət təsir
göstərdiyini deyirlər.
Naibə
Həftə içi.- 2011.- 22 fevral.- S. 7.