Ermənilərin Qarabağda qan tökmələrinin
23-cü ildönümü tamam oldu
1988-ci il fevralın 20-də
Dağlıq Qarabağ erməniləri Azərbaycan SSR
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən
çıxaraq Ermənistan SSR-in tərkibinə girməsi ilə
bağlı qərar qəbul ediblər. Bədnam
iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri
bu məsələdə ilkin provokator rolunu oynayıblar. DQMV
Xalq Deputatları Sovetinin Azərbaycan SSR-in tərkibindən
çıxıb Ermənistan SSR-in tərkibinə birləşməklə
bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində
Ağdam və Əsgəran rayon sakinləri dinc
nümayiş keçiriblər. Ermənilər atəş
açmaqla 2 azərbaycanlı gənci qətlə yetiriblər.
Dağlıq Qarabağ
münaqişəsində ilk qanın tökülməsi - iki
azərbaycanlı gəncin öldürülməsi
faktını o zamankı SSRİ-nin baş prokurorunun birinci
müavini F.Katusev Mərkəzi Televiziyada
çıxış edərkən təsdiqləyib.
İki azərbaycanlı
gəncin erməni və azərbaycanlı icmalar
arasındakı savaşın ilk qurbanı olması və ilk
qətli ermənilərin törətməsi ilə
bağlı mötəbər mənbələr az deyil.
İki gəncin
intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə
yürüşə gedən, daş və ağacla
silahlanmış ağdamlı gənclərin
qarşısını Sosialist Əməyi Qəhrəmanı
Xuraman Abbasova yaylığını yerə atmaqla alıb.
Fevralın 22-də
Dağlıq Qarabağda, Əskəranda ermənilərin
tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda onların
növbəti fitnəsinə başlanğıc olub.
Beləcə, erməni
təxribatçıları, Moskvadakı havadarlarının
dəstəyi ilə Azərbaycana qarşı elan
olunmamış savaş açdılar. Daşla, ağac
parçası ilə başlanan bu savaş sonradan iri
çaplı silahlara, minlərlə insan həyatına son
qoyulmasınadək davam elədi. Təbii ki, o dövrkü
Moskva istəsə idi bunu vaxtında dayandıra bilərdi. Milli
lider Heydər Əliyev müsahibələrinin birində də
qeyd etmişdi ki, SSRİ rəhbərliyi, başda
Qorbaçov olmaqla istəsəydi bir neçə saatın
içindəcə inkişafda olan münaqişəni
çox asanca yoluna qoya bilərdi. Milli lider xatırladır
ki, bölgəni, xalqların mentalitet və inzibati ərazi
bölgüsünün xüsusiyyətlərini yaxşı
bildiyinə görə əgər o zaman ona müraciət
olunsaydı, təbii ki, bu gün Ermənistanla Azərbaycan
arasında indi başqa münasibətlər mövcud idi. Amma
Kreml bunu etmədi və ermənilərin
azğınlığı daha da genişləndi. Sumqayıt
hadisələri də erməni təxribatçıları
ilə mərkəzi xüsusi xidmət orqanlarının birgə
layihəsi kimi üzə çıxdı, bu onun
üçün hazırlanmışdı ki, sonradan
planlaşdırılan Azərbaycan torpaqlarının
işğalı faktı dünya ictimaiyyətinin
gözündə pərdələnsin və azərbaycanlıların
vəhşi imici yaransın. Amma elə o zaman hadisə yetərincə
hüquqi qiymət aldı və günahkarların kimliyi
bilindi, sadəcə olaraq, Moskva yenə də adəti üzrə
susdu və onları himayə etdi. Bütün bunlara baxmayaraq,
tarix tarixliyində qalır və zaman keçsə də
ağın -qaradan seçiləcəyi gün uzaqda deyil.
Həftə içi.- 2011.- 23 fevral.- S. 1, 3.