Azərbaycan İranla turizm əlaqələrini
genişləndirməlidir
Nizami Cəfərov: "Turizm hərəkatı
regiondakı münaqişələrə də təsir
göstərə bilər"
Parlamentin Mədəniyyət
komitəsinin sədri, Nizami Cəfərov parlamentdə təmsil
olunan mətbuat nümayəndələrinə
açıqlamasında 2011-ci ilin dövlət
başçısı tərəfindən "Turizm ili"
elan olunması ilə bağlı bildirdi ki, üç Cənubi
Qafqaz ölkəsi arasında gələcəkdə turizm əlaqələrinin
yaradılması və genişləndirilməsi
lazımdır. Qarabağ münaqişəsinin hələlik
həll olunmaması ilə əlaqədar Azərbaycanla
işğalçı Ermənistan arasında bu yöndə
də əlaqələrin mümkünsüz olduğunu deyən
komitə sədri eyni zamanda hesab edir ki, Azərbaycanda, o
cümlədən digər Cənubi Qafqaz ölkələrində
turizmin inkişafı, turizm mühitinin
yaxşılaşdırılması bu regiondakı konfliktlərin,
eləcə də Qarabağ məsələsinin
çözümünə müsbət təsir göstərə,
bu prosesə təkan verə bilər: " Bu regiona gələn
turistlərin əksəriyyəti iş, elm, mədəniyyət
adamları, dünyanın siyasətinə təsir edə biləcək
insanlardır. Onlar bu zaman görə bilərlər və
görəcəklər ki, regionda vəziyyət nə yerdədir.
Eyni zamanda hər kəsin də bilməsi lazımdır ki,
Zaqafqaziya niyə vaxtilə bir ölkə olmaq
iddiasındaydı və bu nə üçün azərbaycanlılardan
ötrü maraqlıydı. Çünki Zaqafqaziyada, Cənubi
Qafqazda, eləcə də ümumən Qafqazda ən çox
yayılan xalq azərbaycanlılar idi və azərbaycanlıların
ideoloqları, böyük şəxsiyyətləri
yaxşı bilirdilər ki, nə cür sərhədlər
çəkilir-çəkilsin, yenə də onlar başqa
dövlətlərin tərkibinə düşəcəklər.
Ona görə biz, əlbəttə, bu yolla - Qafqaz ölkələri
arasında turizm əlaqələrini yaratmaqla, əcnəbi
turistləri daha əlverişli şərtlərlə buraya cəlb
etməklə münaqişələrin, ən əsası
Qarabağ konfliktinin həllinə töhfə verə, öz
həqiqətlərimizi bir daha təsdiqləyə bilərik".
N.Cəfərov həmçinin düşünür ki, Azərbaycanın
qonşu İran və Dağıstanla da turizm əlaqələrinin
genişləndirilməsinə ehtiyac var: "O mənada ki,
xarici turistlər Azərbaycana gələndə rahat şəkildə
həm İrana, həm Dağıstana, eləcə də
Gürcüstana gedə bilsinlər. Bununla yanaşı,
turistlərin rahat şəkildə Ermənistana təzyiq
imkanları olsun. Yəni, bu turizm hərəkatının
özü Ermənistana bir təzyiq olsun və
olmalıdır ki, Zaqafqaziyada, bu Qafqaz evində özlərini
normal aparsınlar".
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 23 fevral.- S. 3.