Ombudsman məişət zorakılığı ilə mübarizə üzrə beynəlxalq ekspertlə müzakirə aparıb

 

Elmira Süleymanova: "Qadın və kişilər üçün bərabər imkanların yaradılması zəruridir"

 

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq ekspert Anna Maria Rubio Encinası ilə müzakirələr aparıb. Müzakirədə ATƏT-in Bakı ofisinin Qanunun aliliyi şöbəsinin müdiri Monika Martinez də iştirak edib. Ombudsman fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlarla, o cümlədən nüfuzlu beynəlxalq qurum olan ATƏT-lə əməkdaşlığa da önəm verdiyini bildirib. Müvəkkil BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildiyini və Müvəkkilin 17 nəfərdən ibarət MPM qrupunun yaradıldığını vurğulayıb.

Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə monitorinqlərin, uzunmüddətli başçəkmələrin həyata keçirildiyi bildirib. Bu sahədə ATƏT-lə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bu qurumun Ombudsmanın MPM qrupunun üzvləri, həmçinin Müvəkkilin regional mərkəzlərinin əməkdaşları üçün beynəlxalq ekspertlərin iştirakı ilə treninq-seminarlar keçirdiyi nəzərə çatdırılıb. Son treninq-seminarın yekunlarının və birgə başçəkmələrin nəticələrinin müzakirəsi zamanı bu monitorinqlərdə iştirak edən beynəlxalq ekspertin Ombudsmanın və MPM qrupu üzvlərinin bu başçəkmələri peşəkarlıq, obyektivlik və dəqiqliklə həyata keçirdiklərini vurğuladığı, habelə MPM-lə bağlı müvafiq sənədləşməni və informasiya təminatını yüksək dəyərləndirdiyi qeyd olunub.

Beynəlxalq ekspert A.M.Rubio Encinas insan hüquqları sahəsində mühüm problemlərdən olan məişət zorakılığına qarşı mübarizə istiqamətində ölkəmizdə aparılan işlərlə, habelə Müvəkkilin bu sahədə fəaliyyəti ilə maraqlanıb.

Müvəkkil müasir qloballaşma dövründə dövlətlərin davamlı inkişaf strategiyalarına müvafiq olaraq öz prioritetlərini müəyyənləşdirdiyini bildirib. Ölkəmizdə əhalinin bütün qruplarının maraqlarının və onların fundamental insan hüquqlarının təmin olunmasına, həmçinin qadınların hüquqlarının müdafiəsinə də diqqətlə yanaşıldığı nəzərə çatdırılıb.

Azərbaycan Milli Məclisində ATƏT-in Bakı Ofisinin, Avropa Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələrin keçirilməsi bu məsələyə ciddi önəm verilməsinin təzahürü olduğu vurğulanıb. E.Süleymanova hələ 60 il əvvəl İnsan hüquqları üzrə Ümumdünya Bəyannaməsini qəbul etməklə BMT-nin ölkələri və xalqları hər hansı bir əlamətə, o cümlədən cinsinə görə ayrı-seçkiliyə yol vermədən əsas insan hüquqlarının təmin olunması üçün bərabərlik prinsiplərinin bərqərar olunmasına çağırdığını diqqətə çatdırıb. Daha sonralar bu prinsiplərin bir çox beynəlxalq konvensiyada, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında, milli qanunvericilikdə öz əksini tapdığını vurğulayıb. Müvəkkil qeyd edib ki, qadın və kişilərin insan hüquqlarından faydalanması ümumən cəmiyyətdə sosial ədalət prinsipinin və demokratik idarəetmənin bərqərar olması üçün münbit şərait yaradar, bütövlükdə insan hüquqlarının bərqərar olunmasına xidmət edər.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair Komitəsinin Azərbaycanın hesabatı ilə bağlı qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və gender bərabərliyinin təmin edilməsini, xüsusilə gender bərabərliyi və insan alveri ilə mübarizə üzrə qanunların qəbul edilməsini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatında gender bərabərliyi üzrə xüsusi müşavirin təyin olunmasını təqdirəlayiq hesab etdiyi vurğulanıb: "Bu gün bu tövsiyələrin bir çoxu artıq öz həllini tapıb".

E.Süleymanova deyib ki, artıq ümumqəbul olunmuş qaydaya əsasən, qadınların və kişilərin hüquq bərabərliyinin gerçəkləşməsindən ötrü onlar üçün bərabər imkanların yaradılması zəruridir. Müvəkkil məişət zorakılığından adətən yalnız qadının ciddi ziyan çəkməsinin diqqəti cəlb etdiyini, halbuki bunun bir şəxsə yox, bütün ailə üzvlərinə təsir göstərdiyini bildirib. Valideynlərdən birinin və ya hər ikisinin narkomaniyaya və alkoqolizmə aludə olduğu ailələrdə isə uşaqların daha çox əziyyət çəkdiyi qeyd edilib. Ombudsman qadına qarşı zorakılıq probleminə fərdi yanaşmanın, bu məsələnin səbəblərini araşdırmağın, aradan qaldırılması yollarını üzə çıxarmağın, ahıl qadınları övladları tərəfindən zorakılığa məruz qalmaqdan qorumağın vacibliyini, yeniyetmə qızların erkən və qeyri-rəsmi nikahlarının, qız qaçırmanın yolverilməzliyini, qadınların regionlarda fəallığının artırılması, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakının, vəzifələrə irəli çəkilməsinin, qadın sahibkarlığının genişləndirilməsinin, qadın siyasətinə büdcə ayrılmalarının artırılmasının, qadın hüquqları ilə bağlı nəşrlərin hazırlanmasının, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini önə çəkib. Bütün bunların qadının asılılığının, nəticə etibarilə ona qarşı zorakılığın aradan qaldırılmasına gətirib çıxaracağı bildirilib. E.Süleymanova zorakılıq halları törədənlərin düzgün yola qaytarılması, reabilitasiyası istiqamətində tədbirlərin genişləndirilməsini önə çəkib. Bəzi qadınların məruz qaldığı zorakılığı normal hal kimi qəbul etdikləri, bəzən köhnədən qalmış münasibətlərə, adətlərə ucqar kəndlərdə hələ də rast gəlindiyi, qanunun aliliyini rəhbər tutaraq belə stereotiplərin aradan qaldırılmasının zəruri olduğu diqqətə çatdırılıb. Ombudsman zorakılığın ən ağır növlərinin müharibələr və hərbi münaqişələr dövrünə xas olduğunu, Ermənistanın Azərbaycan qarşı 20 ildən artıq davam edən təcavüzü nəticəsində minlərlə soydaşımızın, dinc əhalinin, o cümlədən yeniyetmə qızların və qadınların əsir və girov götürüldüyünü, işgəncələrə məruz qaldığını diqqətə çatdırıb. Ölkə əhalisinin bir milyon nəfərinin qaçqın və məcburi köçkün həyatı yaşadığı, ailələrin dərin mənəvi və psixoloji stress keçirdiyi vurğulanıb. Dövlətimizin insan yönümlü siyasətinin, həmçinin beynəlxalq strategiyaların, AŞ Nazirlər Komitəsinin müvafiq tövsiyələrinin və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun və digər sənədlərin ölkəmizdə qadın hüquqlarının daha səmərəli müdafiəsinə zəmin yaratdığı bildirilib. Ombudsman qeyd edib ki, ailələrin dağılmasının qarşısının alınması məqsədilə mediatorluq institutunun formalaşdırılması və inkişaf etdirilməsinə ehtiyac duyulur, bu institut bir çox hallarda effektiv barışıq vasitəsi kimi istifadə oluna bilər. Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Ombudsmanın bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi vurğulanıb. E.Süleymanova qadınlara qarşı zorakılıqla mübarizəni müxtəlif mərhələlər üzrə aparmağı təklif edib. Ən əvvəl, preventiv üsullarla qarşısını almaq, hüquqi maarifləndirmə, ailələrlə, icmalarla görüşlər, söhbətlər və izahat işi aparmaq, həmçinin zorakılıq hallarının aşkar olunması, bu istiqamətdə statistik məlumatın əldə edilməsi, məlumat bankının yaradılması, pozulmuş hüquqların bərpası, xüsusi sığınacaqların, krizis mərkəzlərinin yaradılması, zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımların göstərilməsi vacib sayılıb. Qeyd olunub ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlər uşaqlara qarşı zorakılıqla mübarizə tədbirləri ilə paralel aparılmalıdır. Ombudsman məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsini, müsbət təcrübənin həyata keçirilməsini, müvafiq ədəbiyyat, lifletlər, plakatlar və digər çap materiallarının hazırlanmasını, KİV-də bu mövzuda materialların daha geniş yer almasını təklif edib.

  

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 23 fevral.- S. 4.